Babamın Xatirələri

Oxuyacağınız əlyazma babam Şahəliyev İsmayıl Əziz oğlu tərəfindən 2008-ci ildə qələmə alınmışdır. Yazılanların əksər hissəsini, xırda qrammatik və üslub düzəlişləri xaric, necə var, elə də təqdim edirəm.


İsmayıl Şahəliyev Əziz oğlu
Müəllif, hüquq fakultəsində təhsil aldığı dövr (1966-1972)


Mən doğulan ərəfədə adamlar çox geridə qalmış, primitiv həyat tərzi sürürdülər: kəndimiz savadsızlıq dövrünü yaşayırdı. Kiməsə aid bir ərizə yazmaq lazım gələndə gərək mirzənin yanına gedib onun əlmuzdusunu verəydin ki, istədiyin hasil olsun. Kənd mirzələrini isə barmaqla saymaq olardı.

Kənd camaatının işi-gücü bəlli idi: hamının torpaqla, təsərrüfatla, yəni əkin-biçinlə, tərəvəzçilik, bağçılıq, baramaçılıq və maldarlıqla məşğul olduqları bir vaxt idi. Davar, iribuynuzlu mal-qara saxlayanlar da var idi. Bir sözlə, dolanışıq yox deyildi, amma savadsızlıq, hərki-hərkilik baş alıb gedirdi.

Təzə-təzə dirçəlməkdə olan Sovet quruluşu qolçomaqlara qarşı mübarizə elan etmişdi. Bununla yanaşı, hər yerdə savadsızlığı ləğv etmək məqsədi ilə ciddi tədbirlər görülməyə başlanmışdı. Bir az yazı-pozu bilən adamlardan müəllim kimi istifadə edilir, yaşlı adamlar üçün savad kursları təşkil olunurdu.

Rəsmən ögey də olsa, hamımıza doğma olan rəhmətlik Növrəstə anam sonralar danışırdı: “«Qulaq» damğası vurulub Qazaxıstana sürgün edilən Məşədi Cümşüdün evində kursa gedirdik. Oxumağa həvəsim olmadığına görə bizə dərs deyən Yaqub müəllimi çaşdırmaq üçün icazə istəyib çölə çıxarkən qapının açılan yox, açılmayan tərəfindən yapışıb dartışdırmağa başladım. Müəllim nə qədər izah etdisə də, mən onun dediyini etmədim. Hövsələsini itirən Yaqub müəllim naçar özü gəlib qapını açdı, məni bayıra çıxardı və dedi ki, səndən oxuyan olmaz. Çıx get, adını jurnaldan pozuram.” Elə ona görə də yazıq arvad düz 99 il savadsız yaşadı.

O vaxtdan bir əsrə yaxın vaxt keçib. Həyat tədricən öz axarına düşür.

Mən 1932-ci ildə anadan olmuşam. Kənddə hökm sürən primitiv dövrün hesabına həmin illərdə doğulan uşaqların heç biri rəsmi qeydiyyata düşməmiş və doğum şəhadətnaməsi ala bilməmişdilər. Bunun bir izahı o idi ki, uşaqlar xəstəxandan, həkim nəzarətindən kənarda doğulurdular. Lakin başlıca səbəb həmin dövrün siyasi hakimiyyətinin tam təşkil olunmaması ilə izah oluna bilər – o vaxtlar bir çox dövlət idarələri ya mövcud deyildi, ya da fəaliyyətini tənzimləyə bilməmişdi.

Ötən əsrin əvvəllərində, İranda “Məşrutə” inqilabı ərəfəsində, Arazdan keçərək oğlu Ağadadaşla birlikdə kəndimizə gələn və 1960-cı illərədək yaşamış Nazı xala kəndimizdə dünyaya göz açan bütün uşaqlara əbəçilik (mamaçalıq) edirdi. Bu, belə də olmaldı idi, çünki o dövr nəinki kənddə, hətta rayon mərkəzində həkim tapmaq müşkül iş idi. Odur ki, həkimsizlik ucbatından camaat istər-istəməz Nazı arvada üz tutmalı olurdu. Onu da qeyd edim ki, heç bir tibbi savadı olmayan bu qadın, görünür, böyük təcrübəsi sayəsində, pis-yaxşı öz işinin öhdəsindən gəlirdi.

Mənim doğulduğum il faktlarla və əyani sübutlarla təsdiq olunur. Atam Əziz (dünyasını 1985-ci il fevral ayının 19-da dəyişib) söhbət edirdi ki, mən doğulan il ev tikdirirdik. Yonulub-hazırlanan və qapının üstündə yerləşdirilən sal daş üzərində isə evin tikilmə tarixi 1932-ci il olaraq göstərilib.

Bundan başqa, dəqiq bir hesablama da var. Biz, mənimlə eyni ildə doğulan 30-35 nəfər uşaq ilə 1939-cu ildə Horovlu kəndində yerləşən yeddiillik məktəbin 1-ci sinfinə getmiş və 1946-ci ildə 7-ci sinfini bitirmişik. Həmin il, yeddiillikdən Füzuli (keçmiş Karyagin) rayonuna pedoqoji texnikumda oxumağa getmişik. Mən göstərilən məlumatlar əsasında Cəbrayıl rayon Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) bürosunda tibbi komissiyadan keçib, 1932-ci ildə doğulmağım barədə şəhadətnamə almışam. Həmin şəhadətnamə əsasında sonrakı şəxsiyyətimi təsdiq edən sənədlər verilmişdir.

Bunlar mənim tarixçəmin başlanğıcıdır. Tərcümeyi-halım barədə sonra geniş məlumat verəcəm.

Atam Əliyev Əziz 1900-cü ildə anadan olub (bu, dəqiq məlumat deyil, aşağıda bu barədə şərh veriləcək). O, valideynlərini itirdiyinə görə çöx erkən, böyüklərin təkidi və məsləhəti ilə, anam Qumru ilə evlənmişdi. Mən ailənin böyük oğluyam, 76 yaşım var (2008).

Anam mən doğulandan təxminən üç il sonra dünyasını dəyişmişdi. Məndən sonra doğulan bacım Qəmzənin anam ölən vaxt qırxı da çıxmayıbmış. Ona görə də atam Növrəstə adlı qadınla evlənmişdi – biz onun himayəsində böyümüşük. Həmin qadından üç qardaşım və bir bacım doğulmuşdur. Onlar haqda sonra məlumat verəcəyəm.

“Şükürlü” tayfasının tarixi

Bizi kəndimizdə “Şükürlü” vələdi kimi tanıyırdılar. Bu tayfanın tarixi kökləri var. Burada mənim görmədiyim, lakin haqqında eşitdiyim ulularımız barədə danışmaq yerinə düşər. Bu faktlar haqqında bir səhvim o olub ki, ağsaqqalarımızın sağlığında özümüzdən əvvəlki tarixi köklərimiz, əcdadlarımız haqqında yetərincə məlumat almamışam. Bizə belə məlumatlar hava-su kimi lazım imiş.

“Şükürlü” vələdi içərisində tanınan və sayılan qadınlardan biri Ayad adlı ağbirçək qadın idi. O, təxminən 20-30 il bundan əvvəl dünyasını dəyişib. Ayad mamamın oğlu Məhərrəmdən və qardaşı Abduldan ibarət ailəsi var idi. Onların hər ikisi müharibəyə gedib qayıtmamışdılar, onların hər ikisi dünyadan nakam köçənlərdirlər. Ayadın əri Mikayıl da dünyasını çox erkən dəyişmişdi.

Ayad arvad mənim xatirimi çox istəyirdi (indi istəməsin). Mən oxuduğum və Cəbrayılda işlədiyim müddətdə hər dəfə kəndə gələndə birinci ona dəyirdim, onun maraqlı söhbətlərinə qulaq asırdım. Bu söhbətlər əsnasında öz ulularımız haqqında bəzi qiymətli məlumatlar əldə etmişəm.

Ayad arvad göstərirdi ki, ulu babalarımız Pənahalı və Şüküralı olmuşdurlar. Əslində bu iki ad “Allaha şükür” və “Allaha pənah” nidası kimi Allaha yaxın olmaq mənasında başa düşülməlidir. Bu “şükür”lər sonradan “Şükürlü” nəslinin adı kimi formalaşmışdır. Nəslin sonrakı ulularından yeni adlara rast gəlirik: Şahkərəm, Ağakərəm, Xudakərəm… Bu “kərəm”lər də Allaha istinad edilən sitayişlərdən yaranmışdır. Mənim nəticəm və qənaətim odur ki, “Şükürlü” adı nəslimizin adına həkk olunmuşdur.

Ayad mama özü çox cəngavər qadın idi. Onun kiməsə bir şillə vurması kifayət idi; şillə vurulan adam yerindən qalxa bilməzdi. Ayad arvad bir dəfə onun heyvanlarını oğurlamağa gələn oğruların qoluna dolaq keçirib onları ağacla döymüş və qapıdan qova bilmişdi. Eləcə də həmkəndlisi Bəbiş kişinin ona hücüm edən iri və sərt itinin boğazından yapışaraq onu öz gücü ilə boğub öldürmüşdü. Kənddə ondan sonra belə gücə, belə çevikliyə qabil olan nə kişi, nə də qadın olmamışdır. Ona görə deyirlər: “Aslanın erkəyi, dişisi olmaz.” Bax soy-kökü olan şəxslər belələridir.

“Şükürlü” tayfasının birliyi

Bütün tayfa üzvləri bir-biriləri ilə sıx əlaqədə idilər. Onlar çox qədimdən saf, möhkəm bir təməl üzərində münasibət qurmuşdular, möhkəm bir kök üzərində yetişmişdilər. Tayfada birlik, bərabərlik, qohumluq, mehribançılıq, dəyanət hökm sürürdü. Hamı bir-birini möhkəm tutur, bir nəfər hamı üçün, hamı bir nəfər üçün çalışırdı. Bu tayfa üzvləri bir-birinin qarşılıqlı müdafiə formasını qəbul etmişdilər; heç kəs tikəsini bir-birindən əsirgəmir, hamı xeyirdə-şərdə bir olurdu. Bax tayfa birliyi deyəndə bunları başa düşmək lazımdır.

“Şükürlü” tayfasının birliyi barədə çoxlu misallar göstərmək olar. Mən bunlardan bir neçəsini sadalamağı zəruri sayıram.

Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: “Peyğəmbər öz ümməti arasında necədirsə, ağsaqqal da öz tayfası arasında elədir.” Tayfa üzvləri arasında nüfuz sahibi olan şəxs tayfanı öz ağlı ilə idarə edir, birlik yaradırdı.

“Şükürlü” tayfasını son vaxtlara kimi dörd ağsaqqal idarə edirdi. Onlar tayfanın əvvəlki birliyini öz öhdələrinə götürmüşdülər.

Ən böyük ağsaqqalımız Quləhməd idi (Allah ona rəhmət eləsin). Böyük Vətən müharibəsi illərində tayfanının bütün kişiləri cəbhəyə getmişdilər. O, kənddə qalan əsgər ailələrinə, qocalara, gəlinlərə, qızlara, azyaşlı uşaqlara baş çəkir, onların qayğılarına qalır, ehtiyaclarının maksimum dərəcədə təmin olunmasına çalışırdı. Odunu olmayanlara kolxozdan odun verilməsini, dənlərinin dəyirmanda üyüdülməsini, hər bir ailədə ölənlərin dəfninin təşkili məsələsini, toxuduqları xalçaların başqa bazarlarda satılmasını, taxıl alınmasını nizamlayırdı. Bir sözlə, onların salamat qalması üçün bacardığını edirdi.

Yaxşı yadımdadır: İmran kişi müharibəyə gedəndən sonra bir neçə günün içərisində ailəsində üç nəfər dünyasını dəyişmişdi. Quləhməd ağsaqqallıq edərək, azyaşlı uşaqların, qadınların köməyi ilə onların dəfnini təşkil etdi, dəfn mərasiminin lazımınca yerinə yetirilməsinin qayğısına qaldı.

Müharibədən əvvəl və ondan sonra doğulan oğlan uşaqlarının kiçik toyunu o təşkil edirdi. Məsələn, “Şükürlü” tayfasından üç nəfər körpə uşağı dəllək Qulamın köməyi ilə müsəlman etdirdi. Həmin uşaqlar kimlərdi, kimin uşaqları idi dəqiq yadımdadır.

O vaxt imkan olmadığından mal-qoyun kəsmək, camaatı yola salmaq çətin idi, ona görə də hər bir “Şükürlü” ailəsi bu çətinliyin qarşısını almaq üçün əlindən gələni edirdi. Kimin nəyə gücü çatırdısa onu gətirirdi – biri bir toyuq, biri bir xoruz, digəri bir həştərxan (hinduşka) gətirib həmin mərasimdə kəsirdi. Beləliklə, çağırılan qonaqlar da yola salınırdı, mərasim də öz qaydasında keçirilirdi.

Quləhməd kişi el ağsaqqalığını hansı xasiyyətinə görə qazanmışdı?

Əvvəla, bu adam bütün tayfa üzvlərinin biriyi üçün çalışır və hamıdan bu birliyə əməl etməsini ciddiyyətlə tələb edirdi. İkincisi, o, kəndin bütün dərdli günlərinin yaxından iştirakçısı idi. Düşmənçiliyin olmaması üçün qan işini yoluna qoyurdu, dostluq naminə ən məsuliyyətli işləri öhdəsinə götürürdü. Kənd camaatının dost, qardaş olması, mehriban yaşaması üçün əlindən gələni əsirgəmirdi. Düşmənçilik toxumu səpənlərə qarşı barışmaz olmaqla yanaşı, onları düz yola gətirməyə də çalışırdı.

Üçüncüsü, onun ən başlıca amalı tayfanın namus-qeyrətini qorumaq idi. O, bu çətin işin öhdəsindən axıra kimi gələ bildi. Buna görə də müharibəyə gedənlər, dövlət tərəfindən başqa yerə göndərilənlər öz ailələrini ona etibar edirdilər. Müharibə dövründə və müharibədən sonrakı illərdə kənddə bir neçə ağsaqqal, yaşlı kişi qalmışdı. Onlardan Şirin oğlu Alı (molla), Saqqal Həsən (müharibə illərində saqqal saxlamışdı), Mirzəli oğlu Piralı (nurani, yaraşıqlı kişi idi), Novruz oğlu Abbas (çətin adam idi) və sairlərini göstərmək olar. Bu siyahını bir qədər artırmaq da olar. Quləhməd kişi bunların içində ən sayılanı idi.

Quləhməd, Məhəmməd və Mirzə qardaşları tənha Ayad mamanı öz himayələrinə götürmüş, ona yaşamaq üçün dədə-baba evlərinin həyət sahəsinə yaxın çovustan tikib vermişdilər; onun bütün qayğılarını öz öhdələrinə götürmüşdülər.

Atam Əziz isə ata-babadan qalma evinin həyətində Buşad nəvəsi Bayrama sığınacaq vermişdi (o və ailəsi bizimlə bir həyətdə yaşamışlar). Atam eləcə də Abıhəyat adlı tənha qadına iki qızı ilə birlikdə yaşamaları üçün sığınacaq vermişdi və onlara lazımı köməkliyi edirdi. Sonralar, müharibə illərində, dolanışıq çətinləşdiyindən onlar köçüb Tərtər rayonunun İsmayılbəyli kəndində məskunlaşmışdılar.

Bunlar hamısı sağlam kök üzərində bərqarar olan “Şükürlü” tayfasının təbiətindən, mövcudluğundan irəli gəlir. “Şükürlü”lər öz daxillərində qohumluqlarını davam etdirməklə yanaşı, kəndimizin nüfuzlu adamları ilə öz münasibətlərini genişləndirirdilər. Qohumluq və dostluğa çox diqqət verilirdi. Bu variant tayfanın daha dəyanətli olmasını, möhkəmlənməsini təmin edirdi.

Maraqlı bir məqam yadıma düşdü. 1944-cü il çox quraqlıq keçdiyindən taxıl qıtlığı var idi, camaat arasında aclıq hökm sürürdü. Bunun qarşısını almaq üçün Quləhməd kişi digər ağsaqqalları başına yığır, onlarla məsləhətləşir və kəndin başçılarının yanına gedir. Bildirir ki, anbarda bir ton iki yüz kiloqram taxıl var. Onu camaata paylasalar, çox adam əməkhaqqısı olmadığı üçün taxıl almayacaq və aclıqdan çıxa bilməyəcəkdir. Ona görə də təklif edir ki, anbarda qalan 1200 kq buğda yeni taxıl çıxana qədər kommisiyanın iştikarı ilə dəyirmanda üyüdülüb yarma edilsin, fermanın yağından istifadə edilərək həmin yarmadan sulu xörək bişirilsin və hər gün adambaşı bir abgərdən yemək paylanılsın. Bununla da aclığın qarşısı qismən də olsa alınsın.

Bu məsələ rayonun başbilənlərinə də məsləhət edildi. Onlar da bunu razılıqla qarşıladılar. Komissiyanın iştirakı ilə hər kəsin norması özünə verildi və, beləcə, kəndi həmin ilin qışından sağ-salamat çıxara bildilər.

Bu təşəbbüs Quləhməd kişiyə daha böyük hörmət qazandırdı. Bax ağsaqqalıq budur – ağlı, zəkası ilə camaata yol göstərib kömək etməkdir.

Mənim qohumlarım

Dayım Quləhməd söhbət edirdi ki, Xudakərəm, Şahkərəm, Ağakərəm, Alı, Şahalı – qardaş, əmioğlu, əmizadələrdirlər. Nə onları görmüşəm, nə də sələfləri barədə hər hansı bir məlumatım var. Bildiyim odur ki, bu tayfa üzvlərinin çoxlu üzüm, nar bağları olub. Onlardan bir neçəsinin adını sadalaya bilərəm: taxıl və otlaq sahəmiz Xəlfə dərəsində “Şivqoz” adlı sahədə yerləşirdi. Bağ-bostanımız isə “Kəndaltı”, “Alı qoruğu”, “Kollu bağ”, “Xəlfə dərəsi”, “Şəllik”, “Quzey”, “Kəhrizbaşı”, “Ağ göl” və sair sahələrdə yerləşirdi.

Mənim ən yaxın qohumlarım: atam Əziz kişi, atası Şahalı, babası Alı kişi, anası Təzəgül, bacısı Sarıtel (ögey qardaşı da olub, mən görməmişəm), xalası Tərgül, dayısı Pəncalı (onun iki övladı olub). İbiş, onun övladları Səbirə, Alik, Malik və adlarını bilmədiyim digərləridirlər. Sürəyyanın isə qızı Səvzə, oğlu Alı, sonrakı Çoban adlı kişisindən isə Qafar adlı oğlu olub.

“Şükürlü” nəslinin ağbirçəklərindən biri – atamın bacısı, böyük dayım Quləhmədin həyat yoldaşı – Sarıtel mamam idi. Quləhməd Sarıteli “Şalının qızı” deyə çağırardı. Gəlinlərin də heç biri ərini adı ilə səsləməzdi – kəndimizdə bu ənənəni gözləmək həyalı olmaq üçün edilərdi. Sarıtel mamam digər qaynı arvadları Nisə və Narınla bir evdə, bir ailədə yaşamışdı. Ağbirçək kimi onlarla həmişə mehriban və xoş münasibətdə olmuş, mübahisə və münaqişəyə yol verməmişdi. Heç kimə fərq qoymadığı üçün uzun illər ərzində ailədə əmin-amanlıq və mehribanlıq hökm sürmüşdü. Bu qardaşların və gəlinlərin mehribanlığı hamıya nümunə idi.

Həyətimizdəki divar-divara qonşularımız atamla əminəvəsi hesab olunan İmran və Qulu idilər. İmranın arvadı Sarış, qızı Həcər, atası Mikayıl 1944-cü ildə bir neçə gün ərzində dünyalarını dəyişmişdilər. İmranın yurdunda Nərgiz adlı qızı qalmışdır. O, hazırda Beyləqandakı (keçmiş Jdanov) sovxozda yaşayır. Onun qızlarından daha biri Zeynəb Behbudovadır, tanınmış müğənnidir.

Bizim ailə barədə yuxarıda şərh vermişəm, ancaq xalalarım barədə məlumat verməmişəm. Xalalarım altı bacı olublar. Onlardan yalnız ikisi haqqında məlumatım var. Bir xalamı görməmişəm, ancaq bilirəm ki, oğlu Şirin müharibəyə gedib qayıtmayıb. Bundan başqa, Qaratel xalamın dünyasını dəyişdiyi yadımdadır. Onun iki oğlu – Savalan, Soltan – və Zəriş adlı qızı var idi. Üçü də artıq haqq dünyasındadırlar. Zəriş çox dəyərli, ağbirçək bir qadın olmaqla, səxavətli, gülərüz, mehriban bir insan idi. O, çox faciəli bir ömür yaşamışdı.

Zərişin əri Qulam kişi çox imkanlı idi və başqa bir qadınla evlənmişdi. Bu məşəqqətli həyata dözməyən binəva Zəriş axırda həyatına qəsd etdi. Ondan sonra ruzulu evin bini-bərəkəti qaçdı, ardıcıl olaraq bu ailədə bir neçə faciə baş verdi. Zərişin azyaşlı qızı anasının dərdinə dözmədi: zavallı qız, eynən anası kimi, zəhər içərək özünə qıydı. Bu hadisələrə dözməyən Qulam kişi də dünyasını dəyişdi. Ondan sonra üç oğlu da bir-birinin ardınca vəfat etdi.

Mən xalam qızının əza məclisinə getmişdim. Orada talvarın uçub onların şəxsi maşınlarını iki yerə böldüyünü gördüm.

Bu ailənin tarixçəsi bir növ Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” əsərinin məzmunu ilə səsləşir. Belə bir hadisədən bədii əsərin mövzusu kimi istifadə etmək olar…

“Şükürlü” vərəsindən olan digər qohum, Dünyamalının oğlu Hüseyn, xəstlənməmişdən əvvəl qorxu bilməyən, çevik, dəliqanlı, cəngavər bir oğlan idi. Heç kimdən nə dil saxlayardı, nə də ki əl – harda haqsızlıq görsə idi ora baş vurardı. O, həddindən artıq qohumcanlı, təəssübkeş, istiqanlı bir adam idi. Ona cəsarət verən isə “Şükürlü”nün adlı-sanlı nümayəndələri – Quləhməd, Məhəmməd, Həmid və digərləri idi.

Hüseyn kolxoz, sovxoz, partiya rəhbərlərinin “Şükürlü” sülaləsindən olan şəxslə bağlı hər hansı bir qanunsuz hərəkətlərinə qarşı çıxır, dərhal belələrinin cavabını verirdi. O, bir dəfə kolxoz sədrini döymüşdü. Bu hərəkətinə görə onu cəzalandırmaq istəmişdilər, amma üç qardaş öz imkanları daxilində kolxoz sədrini haqsız addımlardan çəkindirmək üçün çalışmış və bunun qarşısını ala bilmişdilər.

Hüseyn müharibə başlayan gün birtərəfli iflic oldu və sonralar çəliklə gəzirdi. Buna baxmayaraq, o, “Şükürlü” ailələrinə öz köməkliyini göstərməyə davam edirdi (çarıq, dəri papaq və sair ilə). Hüseyn müharibədən sonra Beyləqan rayonunun üç nömrəli sovxozuna köçüb getmişdi.

“Şükürlü” tayfasının şəxsiyyətləri

Yuxarıda ağsaqqal Quləhməd kişi haqqında ətraflı məlum verdim. Lakin “Şükürlü”lərin digər tanınmış adlı-sanlı nümayəndələrindən Həmid Alkərəmovun, Məhəmməd Şahkərəm oğlunun, Əziz Əliyevin, Mirzə dayının, Mehralı əminin, Qulu əminin adlarını qürurla çəkməyə dəyər.

Bu adı çəkilənlərdən sonra gələnlərin də adı və fəaliyyəti şərh olunacaq.

Həmid Alkərəmov

Həmid Alkərəmov bir çoxlarından fərqlənən, öz dövrünün qabaqcıl, savadlı adamlarından biri idi. 1937-ci ildən sonra məhkəmə orqanlarında hakimlik fəaliyyəti ilə məşğul olmağa başlamışdı. Əvvəlcə Cəbrayıl rayonunda, sonra keçmiş Samux, Beyləqan və Ağcabədi rayonlarında 1951-ci ilə qədər hakim vəzifəsində çalışmışdı. Bu sahə ilə bağlı onun həyatının maraqlı hadisələri var.

Onun özündən eşitdiklərim və özünün etirafları. Həmid Alkərəmov Samux rayonunda işləyərkən Böyük Vətən müharibəsinin qızğın dövrü idi. Müharibə bütün sahələrdə fəlakətlər törətmişdi; aclıq, qıtlıq baş alıb gedirdi. Bu dövrdə məhkəmənin hesabında olan bir nəfər məhbusu bir partizanın vasitəsi ilə həbsxanaya göndərərkən məhbus qaçmışdı. Düzdür, sonra onu tapdırıb həbsxanaya qaytardılar, amma bu ərəfədə Həmid Alkərəmov çox əziyyət çəkdi. Əgər bu işin sonluğu yaxşılıqla qurtarmasa idi, onu dəhşətli nəticələr gözləyə bilərdi.

Onun dilindən bir maraqlı faktı da deyim. Həmid əmi sonralar danışırdı: “Mürsəl adlı dostumla Samuxdan Cəbrayıla qayıdırdıq. Yolda yeməyə heç nəyimiz yox idi. Mən məcbur olub kənd sovetinin sədrinə ağız açdım – o, beş-altı çolpa, bir-iki arpa çörəyi təşkil etdi. Yola çıxdıq. Bərdə ilə Ağdamın arasında nahar etdik və maşınımız xarab olduğu üçün iki gün yolda qaldıq. Çolpaları yeyib qurtarmışdıq. Mürsəl məndən xəlvət çolpaların sümüyünü süfrəyə büküb saxlayıbmış; bu, sonra bizə lazım oldu. Nəhayət, çətinliklə səfərimizi başa çatdırdıq.” Bax bunlar o vaxtın, ağrılı-acılı günlərin xatirəsidir.

Həmid Alkərəmov məhkəmədə işlədiyi müddət boyu hər dəfə kəndə gələndə “Şükürlü” tayfasının başsız qalan ailələrinə, uşaqlarına imkanı çatan qədər kömək edərdi. Kəndə gələn kimi evində nə bişirdisə, onu tək yeməz, bizi də evinə qonaq dəvət edər və bizimlə yeyib-içərdi. Özünü mümkün qədər sadə, şən aparar, hey zarafat edərdi ki, bizim də kefimiz açılsın. Çox zarafatcıl olduğuna görə, onun kəndə hər gəlişi bizim üçün toy-bayram idi. Bizə ürək-dirək verər, hal-əhval tutardı, ehtiyacı olanlara öz köməyini əsirgəməzdi, bizi öz övladlarından seçməzdi. Kitab-dəftəri olmayana pul verib ləvazimat xərclərini ödəyərdi. Onun humanist keyfiyyətlərinə aid çox nümunələr göstərmək olar.

Həmid əmigil iki qardaş, bir bacı idilər. Qardaşı Mehralı baytar həkimi idi. Bacısı Gülü qonşu Cəfərabad kəndinə ərə getmişdi. Onun da oğlu-qızı var idi. Biz, “Şükürlü” uşaqları, Həmid əminin həyat yoldaşı Zinyət bibini də çox sevirdik. Həddindən artıq həlim xasiyyətli, sifətindən mehribanlıq yağan bu qadın şirin-yumşaq danışığı, özünəməxsus mülayim siması ilə hamımızı heyran qoyardı. Ona görə də biz vaxtımızın çoxunu onların oğlanlarından biri – İbrahim ilə keçirərdik.

Həmid əminin on iki övladı var idi. Beş oğlan, yeddi qız. Bu uşaqlardan Mapı və Telli Xanım adlı qadından idi. O, dünyasını dəyişdiyi üçün, Həmid əmi Zinyət xanımla evlənmiş, azyaşlı qızlarına ana gətirmişdi. Birinci arvadı isə Süsənbərdi. Ondan da böyük oğlu İbrahim qalmışdı.

Zinyət xanımın Həmid əmi ilə otu-suyu sanki bir yerdən götürülmüşdü. O, sonradan olan uşaqları ilə ögey uşaqları arasında fərq qoymurdu, hamısı onun üçün doğma idi. Bizə də doğma uşaqları kimi baxırdı. Tikəsini kimsədən əsirgəməzdi, heç kim ondan inciməzdi. Ana haqqında mahnılar belə analara həsr olunur. Əhsən ona! Allah rəhmət eləsin!

Yadıma düşmüşkən, Həmid əmi barədə daha bir neçə söz. O, hər dəfə kəndə gələndə şirəyə yığışan arı kimi, hamımız onlara yığışardıq. Həmid əmi dərhal üzünü arvadına tutub: “Keçəlli qızı, gör kimlər gəlib?!” – deyər, sevincini gizlətməzdi (o, istəkli xanımını belə çağırardı, ər-arvadın bir-birinin adını çəkməsi ar hesab olunurdu) – “«Şükürlü»nün gələcəyi olan yeniyetmələr… Onları xoş məramla qarşıla. Qonaqlığın hazırdımı? Hamını stol başına dəvət elə!”

Bir dəfə onun əlində çaxır stəkanı vardı. Onu məndən balaca qardaşım Kərimə verdi və soruşdu ki, kimin sağlığına içəcəksən? Kərim fikirləşmədən cavab verdi: “Qağamın!” (biz ataya “qağa” deyirdik). Bu cavab stol başında oturanların gülüşünə səbəb oldu.

Məhəmməd Alkərəmov

Məhəmməd Alkərəmov.

Quləhməd, Məhəmməd, Mirzə üç qardaş idilər. Məhəmməd öz dövrünün savadlı ziyalılarından idi. Xasiyyətcə ağır təbiəti olan bu şəxsiyyətin, həm də çox yaraşıqlı görkəmi var idi. Onun şəvə kimi qara saçları yana daranırdı. Gözləri zil qara idi. Üzü sərt və qətiyyətli, özü isə işgüzar və təşkilatçı adam idi. Rayonun rəhbərləri ilə əlaqəsi sıx idi, ona görə də dövrün çətin işləri ona etibar olunurdu. Qaçaq-quldurlarla mübarizə aparmaq sahəsində bacarıqlı işçi kimi tanınmışdı; onun adı gələndə cinayətkarlar təşvişə düşürdülər. Burada bir maraqlı hadisəni göstərmək yerinə düşər.

Kəndimizdə Qulu kişinin oğlunun kiçik toyu olan gecə məşhur qaçaq Behbudalı damın içərisində, çıraq işığında dövrə vurub əyləşən qonaqlar arasında oturmuş Kənd Sovetinin sədri Süleymanovu nişan alaraq sərrast atəşlə öldürmüşdü. Sonra qaçaq Behbudalı dayımı da aradan götürmək qərarına gəlir. O vaxt hər kəsin mal saxlamaq üçün yerdən qazılmış küfülü-tövləsi var idi. Dayımla qonşu olan Behbudalı tövləyə girib Məhəmmədin gəlməsini gözləyir. Dayım həmişə rayondan evə gələndə öz sevimli boz atını tövləyə salıb özü rahatlayardı. Qaçaq Behbudalı bunu bilirdi.

Məhəmməd dayım gəlib küfülün qarşısından keçərkən Behbudalı onu vurmaq istəmiş, lakin həmin an özünü itirmiş, atəş aça bilməmişdi. Behbudalı sonra tutularkən özü bunu etiraf etmişdi.

Mən özüm şəxsən Behbudalını kənddə tutularkən görmüşəm. Hüquq-mühafizə orqanları işçiləri əməliyyat tədbirləri keçirib onun yaxın qonşusu Şahhüseynin evində olmasını güman etmişdilər. Milis işçiləri evi mühasirəyə alıb ev sahibini göndərmişdilər ki, Behbudalı könüllü təslim olsun. Qaçaq bu təklifə “yox” cavabı verdi. Bundan sonra evə hər tərəfdən od qoydular və yalnız bu yolla onu ələ keçirdilər.

Müharibədən əvvəl Məhəmməd Alkərəmov Rayon Partiya Komitəsində (RPK) məsul vəzifədə işləyirdi. O, yaşadığı və işlədiyi dövrdə “Şükürlü”lərin hər birinin dərdinə qalır, onlara maddi və mənəvi köməklik edirdi. Hamımız onunla fəxr edirdik. Müharibə başlayarkən ona məsul işçi kimi bron verib müharibədən azad etmişdilər. Lakin o, bu imtiyazdan istifadə etmədi və könüllü müharibəyə getdi. Müharibənin qurtarmasına az qalmış, onlara verilmiş “posılkanı” (bağlamanı) açıb dörd-beş nəfər zabitlə nahar edərkən alman snayperinin gülləsinə tuş gəlmiş və aldığı yaradan hospitalda dünyasını dəyişmişdi.

Ondan gələn qara xəbər rayonda böyük səs-sədaya səbəb oldu. El-oba onun yas mərasimini özünə layiq şəkildə təşkil etdi. Kəndimizin düz mərkəzi hissəsində müharibə iştirakçıları üçün abidə ucaldıldı. Həmin abidənin adlar lövhəsində birinci onun adı həkk olundu. Məhəmməd dayım göstərdiyi igidliyə görə Baş Leytenant rütbəsinə layiq görülmüş, övladları 18 yaşlarınadək yüksək təqaüdlə təmin edilmişdi.

Beləliklə, 1944-cü il Məhəmməd dayımın qara xəbərinin gəldiyi gün “Şükürlü” nəsli üçün ən ağrılı-acılı gün kimi yadda qaldı. Onun xatirəsi sonralar da əziz tutuldu. Onun nüfuzu uzun müddət yaddaşlardan silinmədi.

Yaxşı yadımdadır, 1943-cü ildə müharibədə göstərdiyi igidliyə görə ona qısa müddətli məzuniyyət vermişdilər. Onun kəndə gəlməyi qohum-qardaş arasında toy-bayrama çevrilmişdi. Rayonda və ətraf kəndlərdə yaşayan partiya-sovet işçiləri, ətraf kəndlərin zəhmətkeşləri onun görüşünə gəlmişdilər. Dayım cəbhəyə qayıdarkən Xəlfə dərəsinin hündür aşırımında dayanıb ucadan dedi: “Görəsən, bu kəndi bir də görəcəyəmmi?” Sözünü qurtarandan sonra arxasında dayanan insanlarla vidalaşdı və yoluna davam etdi. Onun səsi indi də qulağımdan getmir.

Bir sözlə, insan öz taleyini qabaqcadan bilə bilmir. Dayımın nə özü, nə də meyiti kəndə qayıtmadı. Biz bunu da böyük bir faciə kimi qəbul etdik. Dayım indi də qəlbimizdə yaşayır.

Mirzə Alkərəmov

Anamın üç qardaşı olub. Mirzə dayım onların kiçiyi idi. (Quləhməd, Məhəmməd və Mirzə). Bu qardaşlar “Şükürlü” nəslinin himayədarları və qayğısını çəkən şəxsləri idilər. Onlar həm də vələdimizin əsas müdafiəçiləri olublar, ona görə də bütün kənddə xüsusi hörmət-izzət sahibi sayılırdılar. Açığını desək, onlar kimsəsizin, imkansızın ümid yeri idilər.

Böyük Vətən müharibəsi qurtarandan sonra Mirzə dayım kəndə gəldi. Vəziyyət ağır olduğundan bir çox ailələr kəndimizi tərk edib sovxoza köçmüşdülər. Eyni səbəbdən, Mirzə dayım və bir neçə “Şükürlü” ailəsi də sovxoza köçüb orada məskunlaşdılar. Onlardan Qulu Mikayıloğlu, Alqulu uşaqları, Nazan və Sərməsin ailəsini, Gülü mamanın ailəsini, İbrahimin ailəsini misal göstərmək olar.

1949-cu ildə anamla birlikdə mən də üç nömrəli sovxozun ikinci şöbəsinə pambıq yığımına getmişdim. Bu səfərimdə mən Mirzə dayımgildə qalmalı oldum (bu barədə sonra ətraflı məlumat verəcəyəm). Həmin ilin noyabr ayının 3-də Mirzə dayımın köməyi və təşəbbüsü ilə Beyləqan Rayon Xalq Məhkəməsində iclas katibi vəzifəsinə düzəldim. Bu, mənim əmək və iş fəaliyyətimin rəsmi başlanğıcı idi.

Müharibə illərində o, məni özü ilə biçinə, başağa aparırdı. Mənə hörmətlə yanaşır, dözümlülüyü, səbirliliyi təlqin edirdi; məni darıxmağa, xiffət etməyə qoymurdu. Mən bu nəvazişi sovxozda onlarda qalanda da, sonralar gəlib-gedəndə də hiss etmişəm.

Beyləqana, üç nörməli sovxoza fəhləliyə gələn Mirzə dayım öz işgüzarlığı, davranışı və təşkilatçılığı ilə başqalarından fərqlənirdi və tezliklə ağsaqqal kimi tanınmağa başladı. Burada həm öz övladlarına, həm də qohumlarına ağıllı məsləhətlər verir, tayfanın dairəsini genişləndirməyə nail olurdu. O, imkanlı, sayılan adamlarla dostluq, yoldaşlıq və qohumluq əlaqələrini qururdu. Məsələn, həmkəndlimiz, “İmirallı” tayfasından olan Sərdarla, onun atası və qardaşı ilə əlaqələri genişlədirdi və birləşdi. Bu dostluq sonradan köklü qohumluğa çevrildi.

Mirzə dayım Əsəd oğlu Əhmədin qızı Nisə xanımla evlənmişdi. Onların müharibədən əvvəl bir oğlu və bir qızı var idi (Oruc və Gülü). Müharibədən sonra dayım oğlu Novruz, dayım qızları Fazilə və Gülçöhrə doğuldular.

Nisə xanım dayımın yaxın köməkçisi və məsləhətçisi idi. Onlar bir-birini çox sevirdilər. Dayım çox sərt və hövsələsiz adam idi, Nisə xanım onu çox ustalıqla sakitləşdirə bilirdi.

Nisə xanım təmkinli və uzaqgörən idi. Onun ailədə xüsusi hörməti vardı, ailə üzvləri arasında mehribançılıq və birlik yaratmışdı. Bu, “Şükürlü” birliyinin nəticəsi idi. Nisə xanım ölənə kimi öz ağbirçəkliyini saxladı. Allah ona rəhmət eləsin.

Mirzə dayının böyük oğlu Oruc öz gücünə arxalanaraq sovxozda ən yüksək mövqeyə yüksəldi. O, dülgərlik sənətini öyrəndi, tikinti işlərində ixitisaslı şəxsə çevrildi. Tikintiyə başçılıq etdiyindən hamı ehtiyacı üçün ondan kömək istəyirdi. Oruc imkan dairəsində hər kəsə öz yardımını edirdi. Nəhayət, o, öz şöhrətini qazana bildi, böyük nüfuzlu adamlardan birinə çevrildi. Atası dünyasını dəyişəndən sonra onun yolunu davam etdirdi.

Mirzə dayının arzusu ikinci oğlu Novruzu hüquqşünas görmək idi. Lakin, çox təəssüf ki, bunu görmək ona nəsib olmadı. Oruc Novruzun Ali Partiya məktəbini, Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu (XTİ) qurtarmasına nail oldu. Orucun oğlu Şahin milis məktəbini bitirib, dünyasını dəyişənə qədər, 25 ildən artıq, sahə müvəkkili işlədi.

Novruz Mirzə dayımın arzusunu yerinə yetirdi. XTİ-nu bitirəndən sonra sovxozda fəhlə komitəsinin sədri, sonra rayon partiya komitəsində partkabinənin müdiri, oradan taxılçılıq və nəhayət, üç nömrəli pambıqçılıq sovxozunun direktoru vəzifəsində sovxozlar ləvğ olunana kimi işlədi. Daha sonra toxumçuluq təsərrüfatının başcısı oldu. Bunlar onun təhsil və iş fəaliyyətini əhatə edir. Novruzun az müddətdə təkcə yaşadığı ərazidə deyil, respublikanın digər bölgələrində, o cümlədən Lənkəran, Quba zonasında, Bakıda, digər iri şəhər və kənd rayonlarında çoxlu dostu, tanışı yarandı. O, rayonun birinci adamı kimi tanındı. Rayon rəhbərləri, hüquq-mühafizə orqanı işçiləri onunla hesablaşırdılar. Onun barəsində çoxlu faktlarla müsbət cəhətlərini nə qədər istəsən saymaq olar.

Orucun altı oğlu bir qızı var idi. O, hər üç bacısına hörmətlə yanaşır, onların qayğılarını çəkirdi. Altı oğlundan biri öz vaxtında Bakı universitetini bitirib polis idərisində rəis müavini vəzifəsinə yüksəldi. Digər oğlanlarından biri də hüquqşünas ixtisasına yiyələndi. Novruzun oğlanları, Şahin, Mürşüd və digərləri isə polis orqanlarında yüksək vəzifələr tutdular. Mirzə dayının ölümündən sonra onun arzusu yerinə yetirildi, nəvələrindən bir hüquqşünas nəsli yetişdi.

Mən Beyləqanda işləyən vaxtlar çox tez-tez dayım Mirzəgilin yaşadığı sovxoza gedib onlarda qalırdım. Onlar mənimlə fəxr edirdilər ki, gələcəyim yaxşı olacaq. Dayımın diqqət və qayğısı, ağsaqqal kimi mənə verdiyi məsləhətlər çox önəmli idi. Allah ona rəhmət eləsin.

Nəhayət, faktları ümumiləşdirib bu qənaətə gəlmək olar ki, yazılanlar “Şükürlü” nəslinin ulu-babalarının davamçıları olan Məhəmmədin, Həmidin, Quləhmədin və digərlərinin yaratdığı möhkəm birliyin bəhrəsidir. Hazırda “Şükürlü” nəsli yenə yüksələn xətlə inkişaf edir. Az saylı olan nəsil, artıq böyük nəslə çevrilmiş, yüzlərlə “Şükürlü” ailəsi yaranmış, üzvləri çoxalmışdır. Bunlar böyük bir şəbəkə yaratmağa qadirdirlər. Bu sahədə qalan ağsaqqallar yığışıb bir araya gəlməlidir, birlik davam etməlidir.

Əziz Əliyev

Əziz Əliyev.

Şəxsiyyət vəsiqəsinə görə 1900-cü ildə doğulmuş bu şəxs valideynlərini çox erkən yaşında itirmişdi. O, tənha qalandan sonra xalası Tərgülün himayəsində böyümüşdü. “Şükürlü” ağsaqqalı Quləhməd kişinin məsləhəti ilə onu evləndirərkən Əziz azyaşlı olduğundan, onun kəbini rəsmiləşdirilməmişdi. Mən faktlar əsasında sübut edə bilərəm ki, atam 1900-cü ildə yox, 1912-ci ildə doğulub. Onun evlənməsi 1929-cu ilə təsadüf edir, onun ilk uşağı isə 1932-cı ildə dünyaya gəlib.

Əziz kişi orta təhsil almamış, amma savad kursuna gedərək yazı-pozu öyrənmişdi. Kənddə kolxoz qurulana qədər ata-babadan qalma əkin-biçin sahələrində, bağ-bağat yerlərində çalışmışdı. “Xəlfə dərəsi” adlanan yerdə dörd parça bağı, “Kəndaltı”da bir parça bağı, “Alı qoruğu”nda üç beycan bağı, “Kollu bağ”da iki parça bağı (onlardan biri “Ağ göl” adlanır) onun mülkiyyətində olub. Digər bağ sahələri də var idi. Üstəlik, dam evində çaxır hazırlayan dəzgahları, yerə basdırılmış böyük saxsı küpləri var idi. “Şükürlü”lərin bağlarından yığılan üzüm məhsulları o zavodda çaxır məhsuluna çevrilir və saxsı küplərə doldurulurdu. Ümumiyyətlə, kəndimizin bağçılıq, əkinçilik, maldarlıq, xalçaçılıq, ipəkçilik kimi təsərrüfat sahələrindən çox danışmaq olar.

Kollektivləşmədən (kolxozlaşmadan) sonra Əziz kişi bağ briqadiri işləyirdi. İmkanı daxilində “Şükürlü” vələdinə ehtiram və diqqətini göstərirdi. İmkansız ailələrə müxtəlif meyvə payı, ot-ələf verməklə çətin şəraitdən çıxmalarına kömək edir, “Şükürlü” ailələrinin hamısı ilə təmasda olaraq onların əlindən tuturdu. Əziz kişi altı övlad (dörd oğul və iki qız) atası idi.

Böyük oğlu İsmayıl 1932-ci ildə doğulub. Çox çətinliklərdən sonra ali təhsil almış, o vaxtkı Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirərək istədiyi ixtisasa sahib olmuşdu. 60 ildir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında müxtəlif sahələrdə işləyir. Əvvəlcə məhkəmədə katib, icraçı, sonra isə beş il müddətində notarius işləmişdir. Otuz ildən artıqdır ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür – vəkildir. İki oğlu, iki qızı var. Kiçik qızı Təzəgül 1983-cü ildə, on iki yaşında dünyasını dəyişib.

Əziz kişinin ikinci övladı Qəmzədir. Bir neçə ildir ki, dünyasını dəyişib. İki oğlu, bir qızı var. Kərim Əziz kişinin üçüncü övladıdır. 1936-cı ildə anadan olub. Ali təhsilli mühəndisdir. Öz ixtisası üzrə uzun müddət müxtəlif vəzifələrdə işləyib və təqaüdə çıxıb. Hal-hazırda dörd qızı və bir oğlu ilə birlikdə Bakı şəhərində yaşayır. Dördüncü övlad İbaddır. 1941-ci ildə anadan olub. Tikinti sahəsində işləyib. Əziz kişinin beşinci övladı Qızqayıtdır (Zərquba). Özü tibb işçisidir. 1964-cü ildən Bakı şəhərində yaşayır. Qubad isə ailədə sonbeşikdir. Həm ailənin, həm də bütün kənd əhlinin həkimidir.

Uşaqlıq illəri

Adı çəkilən uşaqların hazırda 70-75 yaşları var. İbrahim və İslam Alkərəmovlar, İsmayıl Şahəliyev 1932-ci ildə doğulublar. Bizdən bir neçə yaş kiçik olanlar: Həsən, Oruc, Kərim, İbad, Savalan, Soltan və bizdən bir neçə yaş böyük olan Alı həmişə bir yerdə olurduq – uşaqlıq illərimiz birlikdə keçib. Biz uşaqlar da atalarımızın yolu ilə gedirdik. Nəsillər arasında birlik və təəssübkeşlik uşaqlara da sirayət etmişdi.

İslam, İbrahim və mən obaya çıxanda, məktəbə gedəndə, məktəbdən gələndə heç kim bizə bir söz deyə bilmirdi. Oxuduğumuz çox yararsız və köhnə sinifdə bizimlə oxuyan “dəli” ləqəbli Yunis adlı bir oğlan İbrahimə sataşanda biz onu bərk döymüşdük. O, bundan sonra bizim sinifdən çıxdı. Uşaqlar isə, nəhayət, onun sataşqanlığından və xuliqan hərəkətlərindən xilas oldular.

Bir dəfə isə yaşda məndən böyük olan qonşumuz Kəlbalı və onun bacısı məni döyməyə başladılar. Bunu görən qohumum Alı əlindəki çarxda yeni itilənmiş bıçağı mənə verdi ki, onları qorxudum. Mən isə eləmədim tənbəllik, bıçağı Sərfinin qoluna soxdum. Onlar məni buraxıb qaçdılar.

“Çökək məhlə” bizə və qonşularımıza aiddir. Mənim uşaqlıq yoldaşlarım Alı, Kəlbalı, Narkom, Məhərrəm (cılı), Yunis Qarayev idilər. Yunisə “ver Qarayev” deyirdik, mənə isə “Makar” deyirdilər. Bu adı mənə coğrafiya müəlliməm Ağcagül qoymuşdu (həmin ərəfədə Makar adlı usta kəndimizdə od dəyirmanı qurub inşa etmişdi). Biz adını çəkdiyim uşaqlarla birlikdə oynayırdıq, oyunlarımız isə “sac ayağı”, “eşşəkbeli”, “top ağacı”, “huydum-huydum”, “zəmənə zü-zü” və sairədən ibarət idi. Bu oyunlara Bəhrəmlidən cırtıq Bayram, Rüstəm, Turac, Savalan, Almazxan, Mələyin oğlu Mikayıl, İda və digərləri də qoşulurdular. Oynamaqdan başqa, bağlardan bülbül, sığırçın, sərçə, güləşə, sarısandal, şanapipik və sair quşları tuturduq. Kəndin toyuq-cücəsini vurub aparan qarğa və ley adlı quşların isə yuvasını tapıb hamısını məhv edirdik.

Yaylaq əhvalatları

Yaxşı deyiblər, uşağın yadından söz çıxmaz.

Birinci sinfə getməyimə az qalırdı. Dayım Mirzə Horovlu kəndində kolxozun mal-qara fermasının müdiri işləyirdi. Onlar ailəlikcə ferma ilə yaylağa köçmüşdülər. Mənim gözlərim ağrıyırdı. Məsləhət bilmişdilər ki, məni də yaylağa aparsınlar, çünki orada isti su çıxan yer vardı, o suyu içsəydim mənə kömək olacaqdı. Bu ümidlə atam Əziz, həmkəndliləri Salman Qənbərli və Məmmədalı oğlu Qulu ilə birlikdə mer-meyvə alveri ilə məşğul olmaq üçün Bazarçay yaylağına atla, qatırla yola çıxdılar. Həmin yaylaq Ermənistanın ərazisində yerləşirdi. “İsti su” isə indiki Cermux adlanan yerdə çıxırdı.

Mənim, uşaq olsam da, hər şey yadımdadır. Biz əvvəlcə Zəngilan rayonunun ərazisinə, Mahrızlı kəndinə çatdıq. Orada ərik, gilənar meyvələri yetişən vaxt idi. Atamgil hər ulağın üstünə iki səbət meyvə alıb yüklərini tutdular və qarşı kəndlərin birində meyvələri satdılar. Qubadlı rayonunun çayqırağı kəndlərinin birindən düyü də aldılar ki, yaylağa köçən maldar işçilərinə satsınlar. Biz gecə-gündüz, dincələ-dincələ gedirdik. Məni ulağın üstünə mindirmişdilər. Saxsı bardaqda su, həvkədə isə çörək götürmüşdülər; su istəyəndə su, çörək istəyəndə çörək verirdilər. Hər bir yaşayış məntəqəsinin adını soruşurdum, dağları, çayları görən kimi adlarını öyrənirdim. Məsələn “Bərgüşad”, “Həkərli” çayları “Qafan”, “Keçalan”, sonra “Sisyan”, “Səki” və digər kəndlər yadımdadır. Səki kəndinin ərazisində bir sığaldaş var idi, ona “göbək daşı” deyirdilər. Adamlar ondan da müalicə üçün istifadə edirdilər.

Çox acınacaqlı bir gecə yadımda qalmışdı. Qubadlı ərazisində bir əkin yerində gecələdik. Hava qaraldıqdan sonra bərk bürkü başladı. Havada çoxlu ditdili (ağcaqanad) var idi. Bundan qorunmaq üçün məni çuvala saldılar, hər vasitə ilə məni həmin gecə ditdilidən qorudular. Hava işıqlanan kimi yolumuzu davam etdirib, həmin ərazidən uzaqlaşdıq. Atamgil də o axşam çox əziyyət çəkmişdilər. Biz yaylağa çatdıq. Qulu kişi və atam qəsdən arxada qaldılar. Salman kişi məni səbətə salıb dayımgil yaşayan alacığa apardı, dedi yolda gələndə bir uşaq tapmışam. Hamı həyəcanlandı. Məni səbətdən çıxardı, dayım uşaqları məni tanıdılar. Hamı şənləndi, deyib-güldü.

Biz yaylağa çatandan sonra atam məni “isti su”ya apardı. Keçdiyimiz və sonra adını öyrəndiyim Arpaçayın üstündə olan körpü qəlbi bir dağ çayının qırağında yerləşirdi. Mənə arı topasını göstərdilər, arılar qaynaşırdılar. Orada arı yuvalarından tək-tək bal damcıları çaya düşürdü. O vaxt arı yerləşən yerə çıxmaq çox çətin idi, ona görə bal arıları orada sərbəst hərəkət edib yaşayırdılar. Mənim müalicə alacağım “isti su” ayrı-ayrı çalalardan ibarət idi. O çalalarda isti su qaynayırdı. Gündə üç dəfə müddətlə həmin çalada çimirdim. Bu minvalla bir həftə orada müalicə aldım, gözlərimə böyük köməyi oldu. Atam məni fermaya gətirib dayımgildə qoyub getdi. Dayımın uşaqları ilə yayı orada keçirdik. Oynadığımız yerlərin adı “Sarısu”, “Dəvəboynu”, “Arpaçay” sahilləri idi. Yaylaq çox səfalı havası və öz füsünkarlığı ilə adamı heyran qoyurdu; dağlıq və düzənlik hissələrdən ibarət idi. Ferma işçilərinin müxtəlif rəngli palazla yanları örtülmüş alacıqları yan-yana düzülmüşdü. Yaylaq “Sarısu” yaylağı adlanırdı. Bəyaz gəcələri çox gözəl görünürdü. Tez-tez hava dəyişir, gah duman-çiskin olur, gah buludlaşır, şiravan yağış yağır, dolu düşürdü. Bu dəyişkən havaya hamı alışmışdı. Bu da uşaqlıq illərinin unudulmaz xətirələrindən biri idi.

Nəhayət, el dağdan qayıdırdı. Mən, İslam, Həsən, İbrahim, Oruc motal yüklənmiş arabada gəlirdik. Biz gələn araba yolda aşdı, uşaqlar hərəsi bir tərəfə düşdülər. Motalın biri mənim boğazımın üstünə düşmüşdü, tez kömək etməsə idilər, boğulub ölə bilərdim.

Danışırdılar ki, dağda ayılar var. Gecənin bir vaxtı onların səsləri eşidilirdi, bəzən də ayılar iri daşları alacıqlar istiqəmətində yumalayırdılar. Bu daşlar alacığa gəlib çatmırdı.

Yaylaqda baş verən bir maraqlı hadisəni də desəm yerinə düşər. Bir gün bir kürd bir ayını yedəyində gətirdib, camatın qarşısında oynadırdı. Bir ağac parçasını yerə sancıb, hərləyirdi, guya yer əkir:

Sağ ol, səni cütəkən,
Var ol səni, xış sürən.

Dayım oğlu Hüseyn bir parça çörək gətirib az-az kəsib ayıya tulladı. Ayı çörəyi götürmədi, ancaq qəflərən ağzını atıb Hüseynin dabanını dişlədi. Ayıoynadan belə izah etdi ki, Hüseyn çörəyi bütöv atmadığı üçün ayının acığı gəlib və ona görə ondan qisas almaq istəyib.

Bu da bizim 1939-cu ildəki yaylaq əhvatlarımız.

Horovlu kəndi haqqında

Horovlu kəndinin min hektara yaxın dəmyə (su tutmayan) torpaq sahəsi var idi. Həmin əkin sahələri kəndin şərqində, cənubunda və şimalında yerləşirdi. Kəndimiz şimali-şərqdə Quycaq, Şəybəy, şərqdə Safarşa, Kərxulu, Cəfərabad kəndləri, cənubi-şərqdə Çapand kəndi, Cənubda Həsənqaydı kəndi, qərbdə Papı, Çərəkən, Əfəndilər kəndləri, şimalda Daşkəsən kəndi ilə əhatə olunurdu. Əkin və otlaq sahələri isə müxtəlif adlarla adlanırdı. Məsələn, Qaradərə, Qarağacı, Meydandüzü, Qurdlu, Ocağınaltı, Yarlıdüzü, Çapandbaşı, Həsənqaydıarası (oraya Allaölən də deyirdilər), Şivqoz və başqalarını göstərmək olar.

Kəndin 80-90 hektar məhsuldar bağları var idi. Qarağacıda, Şivqozda, Safarşabaşında və digər sahələrdə təsərrüfat işləri görülürdü. Böyük Meydan düzündə əhalinin əsas məşğuliyyəti əkinçilik və bağçılıqdan ibarət idi. Başqa məlumatlar əvvəl təsvir olunduğundan əlavə şərhlərə ehtiyac bilmirəm.

Kəndimiz II Dünya Müharibəsindən əvvəl 350 təsərrüfatdan, yəni 350 evdən ibarət olub. Kəndimizdə aşağıdakı tayfalar və ailələr var idi:

Kəndimizdə dörd məhlə var idi:

Horovlu kəndinin inanılmış ocaq və pirləri: Sarı ocaq və Xan çinarı

Horovlu kəndinin əvvəlki mənzərəsinə görə, kəndin qurtaracağında – üçüncü dərədə (biz buna “tap” da deyirdik), güneydə, bağların yaxınlığında, dərənin baharına solda, hündür bir yerdə təkcə bir ağac var idi. Ağac susuzluğa və quraqlığa davamlı idi. Ondan aşağıda mərmər daşlarla hasarlanmış kiçik bir sahəyə “Sarı ocaq” deyirdilər. Hər bir şəxs ağır çağlarında “Sarı ocağa” nəzir-niyaz deyər, onun şəfasından bəhrələnərdi. Ocağın ətrafında bitən üzərlik kolları daha təsirli görünürdü – adamlar bu kollardan çox səmərəli istifadə edirdilər.

“Sarı ocağ”ın tanınmasının səbəbi nə idi?

Ağsaqqalardan eşitmişəm ki, çox-çox keçmişdə, qış aylarında kəndə bir nəfər atlı gəlir və onu qonaq etməyə çox adam cəhd göstərir. Lakin həmin şəxs heç kimin təklifini qəbul etmir, indiki “Sarı ocaq” deyilən yerdə ağacını yerə vurub atını ona bağlayır. Özü isə çuxasını çıxarıb yerə sərir və onun üstündə uzanıb yatır. Həmin gecə kəndə güclü qar yağır.

“Sarı ocaq” deyilən yer kənddən aydın görünürdü. Kənd adamları baxıb görürlər ki, bir tala əraziyə qar düşməyib və həmin yerdə bir nəfər – axşamkı qonaq uzanıb yatıb. Onun atı isə sağ-salamat yerə çalınmış mıxa bağlanıb. Kənd camaatı bu möcüzəni daha yaxından görmək üçün həmin yerə qaçırlar, yaxınlaşanda isə nə atı, nə də atlını tapa bilmirlər. Az keçmir ki, həmin yer – möcüzənin baş verdiyi sahə – ocağa, insanların inanc yerinə çevrilir.

Horovlu kəndinin cənub tərəfində – kəndin bağlarının arasından çaylaq keçirdi. Yağış yağandan yağana çaylaqdan güclü sel gedər, qalan vaxtlarda isə çaylaq quru olardı. Çayın bizim ərazidəki axarına sağ tərəfdən kəhriz və bulaq çıxırdı. Onların hər birinin suyu çox dəyərli və keyfiyyətli idi. “Orta kəhriz” deyilən kəhrizin çıxdığı yerin solunda çox nəhəng bir çinar ağacı vardı. Çinarın kök hissəsinin gövdəsi ağlagəlməz dərəcədə yoğun idi və təxminən 20-25 metr olardı. Çinarın kökü isə 25-30 kvadrat metr sahəni əhatə edirdi. Bu nəhəng ağacın hündürlüyü əlli metrdən çox olardı.

Kənd əhalisi çinarı pir kimi qəbul etmişdi. Ürəyində niyyəti olanlar bura gəlirdilər. Xüsusən, Novruz bayramı ərəfəsində, Novruzdan on beş gün əvvəl və on beş gün sonra bütün şənliklər bu çinarın ətrafında keçirilərdi. Qar da yağsa, şaxta da olsa, bu ənənə pozulmazdı. Bəzənən, təzə paltarını geyinən burada hərlənər, olanını göstərərdi. O vaxt kənddə elektrik işığı yox idi. Ətrafı işıqlandırmaq üçün kəsilmiş iri heyvanın kəlləsini neft hopdurulmuş əski ilə dolayıb yandırar, hündür yerdən asardılar: hər yan dərhal nura qərq olardı. Səhərə qədər şənlik səsi, çal-çağır, musiqi sədası kəndi başına götürərdi. Kənd əhli bayramları belə qeyd edərdi.

Bəs bura nə üçün pir adlanırdı?

Rəvayətə görə, kəndə bir nəfər naməlum şəxs qonaq gəlir və həmin çinarın kölgəsində əyləşir. Çinara aparan yol su yolu idi. “Orta kəhriz”in sərin və keyfiyyətli suyundan istifadə etmək üçün adamlar çinarın altından və üstündən keçən iki yol ilə gedib gəlirdilər. Həmin naməlum qonaq camaatın gözünün qarşısında böyük və qara bir ilanı çağırıb ağacın yarığından çıxarır, ilan gəlib onun qarşısında dayanır. Qonaq dua oxuyur və ilanı qara qoça çevirir. O, həmin qoçu kəsərək kəndin camaatına paylayır. Bu möcüzəni görənlər həmin yeri pir – müqəddəs yer kimi qəbul edirlər.

Mən özüm gözümlə gördüyüm bir möcüzə haqda danışmaq istəyirəm. 1941-cı ilin əvvələri idi. Bizim evlə çinarın arası 30-40 metr olardı. Mən hər gün su arxında, çinarın kölgəsində uşaqlarla oynayırdım. Bir gün həmin ərəfədə leysan yağışı yağdı və güclü sel gəldi. Sel “Orta kəhrizi” batırdı.

O dövrdə kommunistlərin əlinin dalı da, qabağı da kəsirdi (bu, mənim hadisədən sonra çıxardığım nəticədir). Həmin illərdə xalqın dinə olan inamını qırmaq üçün belə bir təşkilat yaradılmışdı – “Mübariz Allahsızlar Cəmiyyəti” (olduqca gülməli bir iş). Kəndin adamlarının bəzilərinin cibində “Allahsız qınışqası” (knijkası) var idi. Kəndin başçıları haqqında olan bu məlumatı sonralar camaatdan eşitmişəm.

Onlar pir adlanan çinarın kökdən qalxan iri qanadını doğratdılar. “Sarı ocağ”ın hasarlarını, ocağa gedən cığıra döşənmiş mərmərləri söküb gətirdilər, daşları kəhrizin pilləkənlərinə hördülər. Çaylaqda selin məcrasını dəyişmək üçün dayaq qurdular, solda yerləşən qum təpəsini qazıb dayaq tərəfə tökdülər.

Bu vəziyyət çox davam etmədi. Yadımda deyil, həmin axşam, ya sabahkı gecə ildirım şaqqıltısından və göy gurultusundan sonra insanı dəhşətə gətirən leysan başladı. Kəndin camaatı nə edəcəyini bilmirdi. Həmin anlar hamı üçün çətin idi: kənd sakinlərinə çox böyük ziyan dəydi, çox adamın tövləsini su basdı, mal-qarasını su apardı, tikililəri su altında qaldı.

Səhər açıldı. Camaat baxıb gördü ki, kəhrizin təhlükəsizliyi üçün görülmüş tədbirlər məhv olub, qurulmuş bəndi sel suları yuyub aparıb, “Sarı ocağ”ın mərmər daşlarından isə əsər-əlamət qalmayıb. Dünya görmüş insanlar bu hadisəni böyük Allahın görkü kimi qiymətləndirmişdilər.

Həmin bəndin yaradıcılarından bir nəfər şərlənərək tutuldu və həbsxanadan qayıtmadı. Digərləri isə müharibəyə gedib geri dönmədilər. Bunu belə izah edirdilər ki, bu adamlar pirə, ocağa şəkk gətirdikləri, müqəddəs yerlərə əl uzatdıqları üçün Allahın qəzəbinə düçar olmuşdular.

Mən o vaxt uşaq olsam da, bu hadisələri olduğu kimi hafizəmdə saxlamışam.

İsmayıl Şahəliyev Əziz oğlunun xatirələri
Müəllifin əlyazmasından nümunə

Müharibə illəri (1941-1945)

Müharibə başlanandan sonra, yəni 1941-ci ilin sentyabr ayının doqquzunda atamı müharibəyə apardılar. Onda mənim doqquz yaşım vardı, doqquz gün idi ki, üçüncü sinfə gedirdim. Bu vaxta kimi nəslimizdə 17 ailə, 94 nəfər ailə üzvü mövcud idi. Müharibə bizim vələdimizdə, “Şükürlü” adlanan nəsildə, böyük fəsadlar törətdi.

Gələcək əsgərlər həmin ildə çıxarılmış “Stalin” adına kəhrizin qarşısına, süni gölün başına yığışıb, ailələri, yaxın və uzaq qohumları ilə vidalaşırdılar. Orada hamı göz yaşı tökürdü, bilirdi ki, bu yol gedər-gəlməzdir. Bununla belə, hamı gedənlərə “sağ get, salamat qayıt!” deyirdi; oradan kimin salamat qayıdacağı məlum deyildi. Müharibədən sonra həmin gölün üzərində qurulan abidənin üstündəki “Qəhrəmanlar ölmürlər” lövhəsində Horovlu kəndindən müharibəyə gedib, lakin qayıtmayan 190 nəfərin adı yazılmışdı.

Kənddəki “Stalin” adına kolxozun 900 hektardan artıq taxıl sahəsini, 80 hektardan çox məhsuldar bağlarını əkib-becərmək qadınların, uşaqların və qocaların ümidinə qalmışdı. Uşaq olmağıma baxmayaraq vəziyyət məni də öz caynağına aldı, biz də əməyə cəlb edildik. Mən anamın yanınca bağların becərilməsində, yazda ot çalınıb toplanmasında, yayda taxıl yığımında iştirak etmişəm. Sual oluna bilər: “Sən azyaşlı uşaq idin, nə iş görə bilərdin?” İzah edirəm: tərəvəz ləklərinin alağını təmizləmək, ağacların dibini boşaltmaq, çəpər çəkmək, taxıl sahəsini əkmək, çərqova getmək, taxıl biçinindən sonra başaq toplamaq, taxıl döyülərkən səhərdən axşamadək xırmanda vələ qoşulan öküzləri sürmək və sair işləri yerinə yetirirdim.

Həmin illərdə kəndimizin su çıxan taxıl sahələri yox idi. Taxıl dəmyə əkilirdi, vaxtlı-vaxtında yağış olsaydı taxıl olurdu. Yağış olmayanda isə aclıq-qıtlıq yaranırdı. O dövr biz arazqırağı kəndlərə gedib, oralarda geniş yayılmış pencər-kəcəf və şomun yığaraq kisələrə doldurub kəndə gətirirdik. Bu göyərtidən kətə, ayranlı aş, dovğa və s. bişirilərkən istifadə olunurdu.

Bir sözlə, acınacaqlı həyat tərzi bizi – azyaşlı uşaqları da bütün çətinliklərə dözməyə vadar edirdi. Buna baxmayaraq, “Şükürlü” tayfasının bütün uşaqları da böyükləri kimi əməyi sevirdilər.

Tərgül

Qoca Tərgül atam Əzizin xalası, İbişin maması (bibisi) idi. İbişlə atam dayıoğlu, mamaoğlu idilər. İbiş çox erkən valideynlərini itirib yetim qalmışdı. Atam da hələ azyaşlı idi. Tərgül mama isə öz yegənə oğlu Mövləni itirəndən sonra tək qalmışdı. O, bacısı oğlu Əzizi və kiçik yaşlı İbişi öz himayəsinə götürüb saxlayırdı. Deməli, əvvəl İbişi sonra isə Sürəyyanı qardaşı uşaqları kimi atamın evinə gətirmiş, hər üçünə də övladları kimi baxıb böyütmüşdü.

Sürəyyanı əri Xalıqverdi boşamışdı. O, başqa ərə getmiş, Tərgül onun körpə uşaqları Alını və Səvzəni götürüb saxlamışdı. Nəhayət, bacım Qəmzə və mən anamız dünyasını dəyişdiyi üçün yetim qalmışdıq. O, bizi də öz himayəsinə götürüb, ana kimi bizə baxışdı. Tərgül mama Sürəyya öləndən sonra onun ikinci ərindən olan Qəfər adlı oğluna da baxıb böyütmüşdü.

Beləliklə, bu qəlbi yumşaq, ürəyi təmiz, nurani qoca bütün ömrünü yetim – anasız, atasız qalan uşaqlara həsr etmişdi. Allah ona qəni-qəni rəhmət eləsin. O, saxladığı uşaqların heç birinin barını görməmişdi. Ona təkcə atam baxırdı, onu da müharibə əlindən aldı.

Mənim həyat yolum çox mürəkkəb, çox əndişəli, ağrılı-acılı olub. Bütün əzablara dözmüşəm. Yuxarıda qeyd etdiyim kimi, müharibə məndən də yan keçməmişdi. Ailənin böyük uşağı kimi, doqquz yaşımdan yük altına girmiş, əmək fəaliyyətinə həmin vaxtdan başlamışdım.

Bizim maddi təminatımız çox aşağı idi. Ona görə də necə olursa-olsun dolanmaq üçün yol axtarmalı idik. Füzulinin Babı kəndində Çoban adlı qohumumuz yaşayırdı. 1944-cü ilin qış ayları idi, həmin illərdə havalar çox soyuq, çovğunlu, qarlı keçirdi. Belə hava şəraitində (o vaxt on iki yaşında idim) atamın xalası – qoca, ahıl, ağbirçək Tərgül mamamla (bütün “Şükürlü” uşaqları ona “mama” deyirdilər) bizdən otuz kilometr aralı olan Babı kəndinə çatanda Çoban kişi bizi yaxşı qarşıladı. Onun arvadı Lala çox sərt xasiyyətli və tələbkar qadın idi, məni çox ağır işlərə göndərirdi. Kolxozun mal fermasında mal otarmağa gedirdik, lakin fərli bir əyin-başım yox idi, soyuqdan əzab çəkirdim. Arazın qırağında malları otarırdım, mal-qara isə təsərrüfatsızlıqdan qırılırdı.

Mənə müəyyən qədər əməkgünü yazıldmışdı, mamam isə orada qaldığımız müddətdə pambıq ipindən altı ədəd çuval toxumuşdu. Ona hər çuvala görə altı əməkgünü – cəmi 36 əməkgünü hesablamışdılar. Sonda, ikimizin birlikdə 50-55 əməkgünümüz var idi. Artıq mart ayının axırları idi. Hər yanda yaz-tarla işləri başlayırdı.

Bir axşam Tərgül mamam mənə dedi ki, səhər çıxıb gedərik. Kolxozdan bizə 70 kilodan artıq buğda verilmişdi. Hər ikimiz hazırlaşdıq. Arvad başını yudu, çimdi. Axşam yeməyimizi yeyib yatdıq. Mamam elə bil öləcəyini bilirmiş, ona görə də özünü pak etmişdi. Səhərə yaxın məni oyatdı və dedi: “Ölürəm. Kəndə gedib Quləhməd dayına, bacım qızı Sarıtelə xəbər verərsən. Mənim meyitimi aparıb kəndimizdə dəfn edərlər. Burada basdırmaqlarına razılıq vermə.” Bu sözlərdən sonra arvad dünyasını dəyişdi.

Mən qışqırıb hamını yuxudan oyatdım. Özüm kəndimizə gedəcəyimi bildirdim. İşıqlaşan kimi evdən çıxdım. Horadiz stansiyasında kəndimizdən uşaqlıq yoldaşım Qafqaz adlı oğlanla rastlaşdım. Qafqaz anası Şura ilə burda yaşayırdı və hərbi hissənin donuzlarına baxırdı. Evdən ac çıxmışdım, ona dedim ki, acam. Sağ olsun, gedib haradansa iki suxarı çörək tapıb gətirdi. Mən çörəyi çox çətinliklə yeyib yola düzəldim. Otuz kilometrdən artıq kənd yollarını tək-tənha qaçdım və günortaya yaxın kəndə yetişdim. Dayıma, Sarıtel mamama arvadın dediklərini çatdırdım. Kolxozdan araba alıb Sarıtel, Ayad, Narın və dayımla meyiti gətirib, öz kəndimizdəki qəbirstanlıqda dəfn etdik.

Bu, mənim həyatımın ən faciəli anlarından biri idi. O dəhşətli günləri Allah heç kimə qismət etməsin.

Pedaqoji texnikum illəri (1946-1949)

Mən kiçik yaşlarımdan anamı itirmişəm. Sonra isə atam müharibəyə gedib. O, beş ildən sonra sağ-salamat qayıtmışdı.

Mən oxumaq üçün 1946-ci ildə Füzuli rayonuna getmişəm. Bu üç ildə mənim başım çox qovğalar çəkib. Ona görə də oxuduğum illərdə baş verənlər haqqında bir neçə söz demək istərdim.

1946-ci il sentyabrın axırında yola azuqə götürüb uşaqlarla doğma kəndimizdən Füzuli rayonuna piyada gedirdik. Yağış gözlənilirdi. Pirəhmədli kəndinin girəcəyində körpünün altına yığışdıq. Başa düşmədik ki, sel gəlib, bizi apara bilər. Hərəmiz torbamızı açıb olanımızdan yeməyə başladıq. Qəflətən mənim yaxınımda oturmuş Həmənin oğlu Müzəffər boğula-boğula bir neçə dəfə təkrar etdi: “Allah sənə şükür. Allah sənə şükür.” Soruşduq ki, “Nə olub?”, dedi “Az qala ölmüşdüm”. Müzəffərin torbasında yavan keçi ayranından süzülmüş quru şor var imiş. Bir tikə çörəyin arasına qoyub yeyərkən az qala onu boğub öldürəcəkmiş. Bax o illər ağır idi. Yemək-içmək tapılmırdı. Bir tikə çörəkdən ötrü otuz kilometr yol qət edir, bir gecə qalıb, səhər təzədən o yolu təkrar qayıdırdıq. Bu minvalla üç il oxuyub müəllim olduq. O illərlə indiki vaxtı müqayisə etsək, ağlasığmayan, fantastik bir dünayaya gəlib çıxdığımızı əyani görmüş olarıq.

Mən texnikumda oxuyanda həddən artıq nadinc və qorxusuz idim. Yataqxanada on iki nəfər qalırdıq. Əhməd adlı oğlan həmkəndlilərimizdən bir nəfəri – Surxay adlı oğlanı – gözümçıxdıya salmışdı. Səbəb isə onun kasıb və kimsəsiz olması idi. Əhməd Surxaya qarşı qeyri-normal rəftar edir, onu döyür və pis sözlər deyirdi.

Qış vaxtı idi. Dərsdən sonra odun peçinin yanına yığışmışdıq. Qəfildən ağlıma bir fikir gəldi. Peçin yanında olan odun parçasının birini götürüb, peçin arxasında, çarpayının arasında oturan Əhmədin hər çiynindən bir dəfə vurdum. Dedim, “O yetim oğlana bir də sataşma. Hünərin var mənə əl qaldır”.

Mən bilirdim ki, o, Əhmədxanlı nəslindəndir və nə vaxtsa etdiyimin əvəzini çıxacaq. Gecə hamı yatandan sonra ülgücü (lezvanı) götürüb Surxayı yavaşca oyatdım. Soruşdu ki, “Nə olub?” Dedim, “Dur Əhmədin başını kəsək”. Surxay dəli kimi qışqırıb hamını oyatdı. Vəziyyəti bilən Əhməd mənə dedi: “Mən səninlə dost olacam və sənə qarşı heç bir pislik etməyəcəm. Belə şeylər lazım deyil. Mən Surxayı öz günahına görə döyüb danlayıram. Bir daha belə şeylər olmayacaq.” Əhməd mənim arxalı və dəliqanlı olduğumu bilirdi. Ona görə də gələcək təhlükədən xilas olmaq üçün mənimlə dost olmağa üstünlük verdi.

Əhməd sonradan ali təhsil aldı, dilçilik üzrə dissertasiyasını müdafiə edib elmlər namizədi adını qazandı. Bizim dostluğumuz isə sona qədər davam etdi.

Onun mənimlə belə münasibət yaratmağının bir əsası daha var idi.

Bir gün dərsdən sonra kitabımı götürüb boş bir sinifdə hazırlaşırdım. Kitabı ucadan oxuyurdum. Füzulinin Veysəlli kəndindən olan, mənimlə bir kursda oxuyan, ordudan yenicə qayıtmış hündürboylu Abdulla adlı bir oğlan qapıdan içəri girdi. Dəqiq yadımdadır ki, mənə: “Kibenimat, yavaş oxu!” – deyərək qışqırdı. Mən bu söyüşü qəbul etmədim. O, çox hündür idi və fiziki cəhətdən məndən qat-qat güclü idi. Mən isə kiçik boylu oğlan idim. İki partanın üstünə çıxdım. O, gəlib arxaya keçmək istəyərkən iki əlimi kitel köynəyinin boğazına keçirib qəflətən ağzının üstündən bir kəllə ilişdirdim. O, özünü itirdi – zərbə güclü alınmışdı. Mən isə düşüb qaçdım. Qapıdan çölə çıxarkən fizika müəllimi “Qara” Abdulla məni gördü və niyə qaçdığımı soruşdu. Dedim, tələbə yoldaşım Abdulla məni vururdu, qaçmışam. Məni tutub sinfə qaytardı. Abdullanın sinifdə ağzı-burnu qan içində idi, üzünü dəsmalla tutmuşdu. Vəziyyəti başa düşən müəllim mənə bir neçə dəfə şillə vurdu. Dedi: “O boyda kişini bu hala salmısan, hələ bir şikayət də edirsən?”

Bu məsələ texnikumda böyük əks-səda yaratdı. O gündən Abdullanı “uşaq döyən Abdulla” çağırdılar. Bir rübdən sonra Abdulla pedaqoji texnikumdan çıxıb getdi, Ağdamdakı mexanizasiya texnikumuna düzəldi. Sonralar mən Ağdamda işləyərkən, təxminən 1958-ci ildə, vacib bir işlə əlaqədar Beyləqana getmişdim. Mənim keçmiş iş yoldaşım Gəraygilə toplaşmışdıq. Həmin Abdullanın onlara qohumluğu çatırmış, onu da çağırmışdılar. Abdulla artıq Maşın Traktor Stansiyasının (MTS) direktoru idi. Mənimlə görüşüb-öpüşdü, hamıya üzünü tutub dedi ki, onun bu vəzifəyə sahib olmağının sabəbkarı mənəm. Mənimlə olan konflikt onu bu mərtəbəyə gətirib çıxartmışdır.

İndi bir daha bildim ki, qismət Allahdandır.

Iş fəaliyyətim

Mən 1939-ci ildə Horovlu kəndindəki yeddiillik məktəbin birinci sinfinə daxil olub, 1946-ci ildə yeddinci sinfini tərifnamə ilə bitirmişəm. Həmin ildə Füzuli rayonundakı (keçmiş Karyagin) pedaqoji məktəbin birinci kursuna daxil olmuşam. Həmin məktəbi 1949-cu dərs ilində bitirib, ibtidai sinif müəllimi ixtisası üzrə attestat almışam. On yeddi yaşım olduğu üçün işləməyə yox, oxumağa təyinat aldım. Lakin müharibədən sonra çoxları kimi, bizim də maddi imkanımız çox zəif idi. Götür-qoy etdik, heç bir nəticə hasil olmadı. İmkansızlıq oxumaq arzumu pozdu. Atalar məsəlidir: “Əli aşından da oldum, Vəli aşından da.”

Artıq gec idi və başqa yol seçmək lazım idi. 1949-cu ilin avqust ayında pambıq yığımına kömək üçün avrala ailəmdən mən, bacım və anam gedəsi olduq (bizim camaatı bir qayda olaraq Beyləqan rayonuna – üç nömrəli sovxozun ikinci şöbəsinə aparırdılar). Sentaybr-oktyabr ayları pambıq yığdıq.

Mirzə dayım fəhlələrin yaşadığı damların üstünü qırlayarkən yıxılıb yanmışdı. O, rayon mərkəzi xəstəxanasında müalicə olunurdu. Vaxtilə Həmid əmim Beyləqanda məhkəmənin hakimi işləyərkən Teymur adlı yetim bir oğlanı məhkəməyə katib işləməyə gətirmişdi. Əmim Ağcabədi məhkəməsinə dəyişiləndən sonra da həmin oğlan məhkəmədə dəftərxana katibi vəzifəsində qalmışdı. Teymur Mirzə dayımı da tanıyırdı və onu yoxlamaq üçün xəstəxanaya gedib görüşərkən, hal-əhval əsnasında, Mirzə dayım ondan mənə bir iş tapmağı xahiş etmişdi. Teymur isə demişdi ki, gəlsin məhkəməyə, iclas katibi yeri boşdur, kömək edərəm orada işə düzələr.

Beləliklə, mən məhkəməyə getdim. Məni xalq hakimi Həmid Əliyev qəbul etdi və xəttimdən xoşu gəldiyi üçün məni işə qəbul etdi. Əmr verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edildi, təqdimat yazıldı. 1949-cu il noyabr ayının 3-də Həmid Əliyev məni özü ilə Bakıya gətirdi. Bu, mənim Bakıya ilk gəlişim idi. Əmrim verildi, iş alınmışdı. Mənim yeni həyat yolum beləcə buradan başladı.

Həqiqətdə, mənim əmim olmayıb. Ancaq Həmid Alkərəmova bütün “Şükürlü” uşaqları “dədə” deyirdilər, bircə mən “əmi” deyirdim. Bunun da səbəbi var. O, atamla çox yaxın olub. Həmid əmi özünün sirr söhbətlərini atamla edərdi. O vaxt gəlib getmək çətin idi, Həmid əmi isə uzaq rayonlarda işləyirdi, ona görə də ailəsi ilə bağlı bütün məsələlərdə atama etibar edirdi. Bu, axıra qədər də beləcə davam etdi.

Qulu kişi bizimlə yaxın qonşu idi. Onunla da eyni nəsildənik. Mən ona da “əmi” deyirdim. O, pambıq yığımı vaxtı mənə təskinlik verir, tezliklə işə düzələcəyimi deyirdi. Qulu əmi Allaha yaxın olduğunu deyirdi. İşləməyim haqqında hələ ki, heç bir xəbər yox idi. Məni evinə çağırıb bildirdi: “Sənin haqqında çox maraqlı bir yuxu görmüşəm – üç günə kimi bir simsar adam sənə kömək edəcək.” Doğrudan da, onun yuxusu çin oldu.

Həmin ilin (1949) oktyabr ayı idi. Pambığa getmişdim. Sonra Sosialist Əməyi Qəhrəmanı olmuş Sərdar İmrəliyevlə yonca biçininə gedirdik. O, “Universal” markalı traktor sürürdü, mən isə yonca biçən maşında oturub ircaqları (rıçaqları) idarə edirdim. Beləcə, yonca sahəsində biçin aparırdıq. Avrallara norma kəsmişdilər.

Maraqlı odur ki, bu vaxtlar maqazinə ancaq qara çörək gətirilirdi, çörəyi sıxırdın suyu çıxırdı. Xatırlayıram, günorta yeməyə oturduq; hamımız qara çörəyə möhtac idik – Sərdar evdən şor gətirmişdi, yemək olmurdu. Yaxınlıqda olan bir bostana getdik, ura yerindən bir-iki ala-göy pomidor tapdıq. Ocağın başında oturub pomidorla çörəyi çox ləzzətlə yedik. Sonralar görüşəndə Sərdar bunu həmişə xatırlayırdı.

Bu, mənim əmək fəalliyyətinə başladığım ilk çətin illər idi. Müharibədən çıxmış ölkədə hər şey qıt idi, əhali çətin şəraitdə yaşayırdı.

Beyləqanda iki il məhkəmədə iclas katibi işlədim. Bu işdə mənə hamilik edən Teymura minnətdaram. O, əlimdən tutdu, işləməyin əlifbasını mənə səbrlə öyrətdi. Mənim bugünə kimi də Teymurla dostluq münasibətim davam edir. Mən Teymuru yaddaşımda həyatımdakı yaxşı adamların sırasına daxil etmişəm.

İnsan həyatı çox keşməkeşli, enişli-yoxuşlu olur. Mənim də çətinliklərim çox olub. Beyləqan həyatım isə mənim gələcək iş fəaliyyətim üçün çox səmərəli örnək oldu. Həmin illərdə, müharibə dövründə, bir çox rayonlarda baş vermiş yeyinti işlərinin üstü açılırdı. Dövlət təşkilatlarında, kolxoz və sovxoz rəhbərliyində işləyən adamların iç üzü tanınır, külli miqdarda kolxoz, sovxoz və dövlət əmlaklarının mənimsənilməsi faktları ortaya çıxırdı. Bunlar başqaları üçün vacib görünməsə belə, mənim üçün çox əhəmiyyətli idi.

Belə ki, 1950-1954-cü illərdə Beyləqan, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında, sonrakı illərdə isə Ağdam, Bərdə, Ağcabədi, Şuşa, Laçın, Xankəndi, Əsgəran, Ağdərə rayonalarında Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvləri – Ə. Sultanov, Qara Mamed, Ağasəf Əliyev, İ. Abışov, F. Xudaverdiyev, Ağababa Mikayılov, Cabir Kərimov, Tamara Qəhrəmanova, Adil Paşayev, Mamed Əliyev, Faiq Yusifov və qeyriləri ilə səyyar məhkəmə iclaslarında onlarla ağır cinayət işlərinə baxmışıq.

Mən nə boy-buxunum, nə də yaraşığımla öyünə bilərdim. Amma yazı nitqim çoxlarının diqqətini cəlb edirdi. Sərrast yazılarım mənim bu sahədəki istedadımdan xəbər verirdi, yazı qabiliyyətimə hakimlər, prokurorlar heyran qalırdılar. Aylarla davam edən ağır məhkəmə prosesləri isə mənə iş təcrübəmi və bacarığımı daha da artırmağa imkan verirdi. Bu səbəblərə görə məni tanıyır və hörmət edirdilər. İzah edim ki, 1950-ci illərdə indiki yazı vasitələri olmadığına görə (diktofon, video-kamera, maqnitofon, kompüter və s.) məhkəmə proseslərində əl yazısından istifadə olunurdu. Bu zaman məhkəmə katiblərinin əl əməyi məhkəmə işlərinin sənədləşməsi üçün bir vasitə idi. Mən də bu sahədə ixtisaslaşmışdım.

İştirak etdiyim məhkəmə proseslərində bir sıra maraqlı epizodları sadalasam, məncə oxucuya maraqlı olar.

Məhkəmə katibi kimi iştirak etdiyim işlər

Əlyazmada yalnız "Füzuli rayonu I" başlığı altında olan iş burada təqdim olunur.

1950-ci il idi. Mahmudbəyli kəndində yerləşən “Caparidze” adına kolxozun sədri B. Əliyevin 25-30 cildlik ağır cinayət işi şəhərin mərkəzində araşdırılırdı. İşə Ali Məhkəmənin üzvü Ə. F. Sultanovun sədrliyi və Respublika Prokurorluğunun nümayəndəsi Qafarovun iştirakı ilə baxılarkən, aşağıdakı maraqlı hadisənin şahidi oldum. Mən prosesdə iclas katibi kimi iştirak edirdim.

“Caparidze” adına kolxozun baş çobanı Əmiralı (Əmralı) məhkəmədə məlumat verdi ki, kolxozun min yüz baş erkək qoyunu yaylaqdan Ermənistan bazarına aparılmış və “zapiska” ilə verilən əmrə əsasən satılmışdı. O, bu qanunsuz sərəncamın sədr Bəndalı Əliyev tərəfindən verilməsini göstərmişdi. El yaylaqdan qayıdanda çoban sədr Bəndalıdan soruşur ki, “Bu satılan qoyunların yerini nə ilə dolduracağıq?” Sədr isə bildirir ki, “Qoyunlar xəstəlikdən ölüb, bütün sənədlər isə qaydasındadır. Bu da həkimin verdiyi sənədlər.”

Məhkəmə zamanı həmin sənədlər yenidən araşdırıldı və məlum oldu ki, baytar həkiminin başına tapança dirəyərək sənədlərə qol çəkdiriblər. Sənədin imzalanma tarixi ilə qoyunların ölüm tarixi arasında on gün fərq var idi. Məhkəmədə həkimdən soruşdular ki, “Sən münəccim idin ki, on gündən sonra qoyunların xəstələnib öləcəyini biləydin?” Həkim isə bildirdi ki, “Bunların hamısı tapançanın başıma dirənməsi hesabına olan işlərdir.” Həm çoban, həm də həkim sədr və onun cinayətkar dəstəsini ifşa etdilər. Bəndalının cinayət hərəkətləri barədə yalan məlumat verən 32 nəfər kənd sakini keçmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130-cu maddəsi ilə tutulub müxtəlif cəzalara məhkum edilmişdilər. Bu, təkcə Əmiralının məlumatı deyildi, məhkəmə aktlarında da bu fakt təsdiq olunmuşdu. Düz məlumat verməyən 32 nəfər böhtançı kimi mühakimə olunmuşdular.

Ə. Bəndalının işi üzrə zərərçəkmiş Əmiralının məhkəmə gedişində danışdıqlarından.

İşə baxıb, günortaüstü nahara gedirdik. Əmiralı Rayon İcraiyyə Komitəsinin (RİK) həyətinə tökülən dekorativ ağacın dənələrini toplayıb qarşımıza çıxdı. Sultanov Əmiralıdan bu dənələri niyə topladığını soruşdu. O da cavab verdi ki, “Səhər iclasda bilərsən.”

Səhər məhkəmə iclası başlayarkən çoban Əmiralı zaldan əlini qaldıraraq qışqırdı: “Mənə bir iclas ver!” (O, bütün məhkəmə iclaslarının gedişində söz istəyərkən belə edirdi). Məhkəməyə sədrlik edən sözü ona verdi. Əmiralı nəql etməyə başladı:

“Kolxoz sədri mənim ondan lazımi orqanlara şikayət edəcəyimi eşitmişdi. Ona görə də “qoçularını” göndərib əmr verdi ki, məni ailəmlə birlikdə kənddən sürgün etsinlər. Həmin il qış çox bərk gəlmişdi. Fevral ayı idi, hər tərəf qarla örtülmüşdü. O gün də qar yağırdı. Kolxozun yük maşını (polturka) qapımda dayandı. Kənd əhli yatmışdı. Köhnə daxmamızı uçurdular, nəyimiz vardısa hamısını bir göz qırpımında maşına doldurdular. Uşaqlarımla birlikdə bizi aparıb Mil düzündə bir yerə tökdülər.

Biz səhərə qədər pal-paltara bürünüb sağ-salamat qaldıq. Yoldan keçən bir maşının sürücüsü bizi görüb maşınını saxladı. Vəziyyəti ona danışdıq. O, bizi yaxınlıqdakı sovxoza apardı. Biz orada məskunlaşıb yaşamağa başadıq. İndi Bəndalı Əliyev tutulub, biz azadlığa çıxmışıq. Əlimdəki bu dənələri aparıb köhnə həyətimdə əkəcəm və tezliklə dağıdılmış evimi bərpa edəcəm. Dədə-baba yurdumda rahat yaşayacam.”

Məhkəmə gedişi müddətində çoban Əmiralı dəfələrlə barmaq qaldırmaq yolu ilə söz almış və məhkəmə baxış iştirakçılarına və məhkəmə heyətinə maraqlı hadisələr danışmışdı. Bunların çoxu dəhşətli hadisələr idi.

Onun dediklərindən başqa bir haşiyə. B. Əliyevin tutulmasını çoban belə izah edirdi:

“Mən ələ keçməmək üçün “qaçaq” düşmüşdüm. Bir aydan artıq idi ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) birinci katibi M. C. Bağırovla görüşmək üçün Bakı şəhərinə getmişdim. Məni hər dəfə bir nəfərin – MK katiblərinin, şöbə müdirinin yanına aparırdılar. Amma mən Bağırovun eynəkli şəklini gördüyüm üçün dərdimi heç kəsə demirdim.

Nəhayət, bir gün məni Bağırovun qəbuluna aparası oldular. Təsəvvür edin ki, bir aydır çoban paltarında, çiynimdə heybə (xurcun), ayağımda çarıq, çomağım da əlimdə başımı hərləyirdim. O vəziyyətdə də Bağırovun kabinetinə gedən dəhlizə daxil oldum. Yerə uzun xalçaya oxşar nəsə salmışdılar (daroşka). Ayağımda çarıq olduğu üçün nə qədər etdilər onun üstünə çıxmadım, başladım döşəmənin üstü ilə getməyə. Bir qapıdan içəri keçdik. Böyük otaq idi. Başda stolun arxasında eynəkli bir kişi oturmuşdu, görən kimi tanıdım. Bağırov idi.

Salam verib heybəmin ağzını açdım. Bir parça arpa çörəyi çıxarıb yeməyə başladım. İstədilər mane olsunlar, mən isə ucadan bildirdim ki, “Mən ilanın ağzından çıxmışam, çörək yemək üçün indi arxayın yer tapmışam. Məni heç kəs saxlaya bilməz. Neçə vaxtdır ki, rahat çörək yeyə bilmirəm, indi sakit və arxayın yerə düşmüşəm.” Bağırov göstəriş verdi ki, mənə toxunmasınlar. Yeyib qurtarandan sonra Bəndalı Əliyev barəsində özümdə olan məlumat və sənədləri ona göstərdim.”

Məhkəmənin hökmü ilə Bəndalıya iyirmi il iş kəsildi. Mən bunların hamısını Füzuli Rayon Məhkəməsində katib işləyərkən görmüşəm.

Vəkil kimi iştirak etdiyim işlər

İsmayıl Şahəliyev Əziz oğlu
Ağdam, təxminən 1980-ci il.

Şirə zavodunun işi, “avariya” işi və digər cinayət işlərindən bir çox maraqlı epizodlar göstərmək olar.

Ağcabədidə oğurluq işi

Laçın rayonundan, Taxtabaşı deyilən bir yerdən, bir nəfər mənə məktub gətirib təqdim etdi. O, Ağdama mənim iş yerimə gəlmişdi – bu vaxt mən artıq vəkil idim. Məktubu tələbə yoldaşım Muradov Məhərrəm yazmışdı, məktubu gətirən isə kolxozun baş mühasibi idi.

Məktuba görə taksi sürücüsü Seyidli sakini Musa ilə birlikdə Ağcabədiyə getməli olduq. Kanalqırağı dördyol ayrıcında olan pavilyonda düşüb çörək yeyərkən baş mühasiblə şərt kəsdim: dedim, işlə tanış olacam, kömək etmək mümkün olmasa, işdə iştirak etmədən qayıdıb gələcəm.

Gedib işlə tanış oldum. Doğrudan da, iş qurama, yarımçıq istintaq edilmiş bir iş idi. Müştəriyə dedim ki, uşaqlarınıza burada kömək olmayacaq, ancaq yarımçıq qaçmasanız, nəticəsi yaxşı olacaq. Razılaşdıq.

Ağcabədi rayon məhkəməsində işə 1977-ci ilin aprel ayının 25-dən sonra başladıq, may ayının birinci ongünlüyündə işi başa çatdırdıq. Bu işdə mən qələbə qazandım.

Hüquqlarını müdafiə etdiyim şəxslər N. Məmmədov və onun xalası oğlanları idilər. Onların biri Kür sahilində fermada, o biri Ağcabədidə, digəri isə Laçın rayonunun Şəlvə kəndində yaşayırdı. Onlardan ikisi azyaşlı idilər. Əmlakı oğurlanan şəxslər, əmiuşaqları, həmin ərəfədə Ağcabədidə yaşayan xalasıgilə qonaq gəlmişdilər.

Qonşuluqda olan qohumlar – ər-arvad – Bakıdan gələn oğlunun dalınca avtovağzala gedirlər. Onların oğlanları gəlmədiyinə görə avtovağzaldan narahat vəziyyətdə qayıdırlar.

Həmin gün yağıntı olduğundan yol-riz, həyət-baca palçıq idi. Ev sahibləri evə çatanda qapının girəcəyində və dəhlizdə ayaq izləri görürlər, tənbəllik etməyib milis idarəsinə zəng vururlar. Milisdən əməliyyat müvəkkili, milis nəfəri, iki nəfər hal şahidləri və iki nəfər kriminalist evə gəlib baxış keçirirlər. Hadisə yerində protokol tərtib olunur, müəyyən edilir ki, evdə hər şey yerindədir. Heç bir oğurluq əlaməti yoxdur, evdən heç bir şey oğurlanmamışdır. İştirakçıların hamısı protokola imza atırlar.

Lakin vəkil kimi işlə tanış olanda müəyyən etdim ki, əməliyyatçı hadisə yerində qalan palçıqlı ayaq izlərini, qapıdakı yad əl-barmaq izlərini götürməmişdir. Bu, zəruri sübut kimi nəzərə alınmalı idi.

Zərərçəkən öz şübhələrini qonşuluqda olan qohumlarının oğluna yönəldir, buna görə də həmin azyaşlı uşağı tutub milis idarəsinə aparırlar. Orada öyrənirlər ki, hər üç xalaoğlu o ərəfədə qonşuluqda olublar. Bundan istifadə edən milis işçiləri hadisədən 7-8 gün keçəndən sonra zərərçəkəndən yeni ərizə alırlar.

Ərizədə 25 min manatlıq zinyət əşyalarının oğurlandığı yazılmışdı. Bu, külli miqdar hesab olunmurdu, 25 min manatı külli miqdar hesab etmək üçün ziyanın miqdarını artırmaq lazım idi. Yenidən alınmış əlavə ərizədə, şkafdan, zərərçəkənin cibindən, 120 manatın da oğurlandığı qeyd olunur; beləliklə, ziyanın miqdarı külli miqdara çatdırılır. Uşaqları oğurluğa görə on iki il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir. Beləliklə, işin tam obyektiv və hərtərəfli araşdırılmadığı, işdə maddi və prosedur hüquq normalarının pozuntusuna yol verilməsi aşkar görünürdü. Mən hakim Bayramovun iş otağına gedib onunla açıq danışdım. Dedim ki, iş ibtidai istintaqa qaytarılmalıdır. O, bunu qəbul etmədi. Bir də təklif etdim ki, ziyan ödənilmək şərtilə bu uşaqlara həbslə əlaqədar olmayan cəza vermək olar – işin məhkəmədən keçməsi gələcəkdə onlar üçün çox böyük problemlər yarada bilər. Hakim məni yenə başa düşmədi.

İşə baxarkən qüsurlar açılmağa başladı. Təqsirləndirilən şəxslərin birini Kür qırağındakı fermadan, birini Laçın rayonundan, birini Ağcabədidən tutub gətirmişdilər. Milis idarəsində protokol tərtib olunmuş, hər üç xalaoğlunun hər birinə xırda xuliqanlıq etmə səbəbi ilə, məhkəmə tərəfindən on beş sutkalıq iş kəsilmişdi.

Bu epizod üzərində hüquq pozuntusuna diqqət yetirin:

N. Məmmədov işgəncələrə dözməyib və onları aldadıb ki, zinyət əşyalarını Laçında, kəndin kənarında olan bir qayanın altında gizlədib. Bu ifadəni yerində yoxlamaq üçün onu öz kəndinə aparmışdılar. Ora çatanda Məmmədov qızıl əşyaları və pulu görmədiyini bidirmiş, demişdi ki, “Ata-anamı görmək üçün sizi aldatmışam.” Onlar isə təqsirkarın atası evində axtarış apararaq əldə düzəldilmiş bir ədəd bıçaq tapmış və onu soyuq silah adı ilə dəmirçi alətlərinin içərisindən götürmüşdülər. Bunu ona görə etmişdilər ki, gələcəkdə oğurluq sübuta yetməsə, bu “dəlil”dən istifadə edərək özlərini sığortalaya bilsinlər və müdafiə olunsunlar.

Oğlan istintaqda verilən işgəncələrdən sonra qızıl şeyləri Ağdam bazarında satmasını da etiraf etmişdi. Onu Ağdam bazarının girəcəyinə gətirərək tələb etmişdilər ki, əşyaları kimə, harada, necə satdığını etiraf etsin. O isə bildirmişdi ki, heç nə satmayıb və onun bu işdən xəbəri yoxdur. Beləliklə, istintaq hərəkətlərinin heç biri düz çıxmamışdı.

Digər faktlara nəzər salaq. Zərərçəkənin sonra yazdığı ərizə ilə ilk hadisə yerinə baxış protokolu bir-biri ilə ziddiyət təşkil edirdi. Bu xüsusat üzrə məhkəmə gedişində müdafiə çıxışımda, vəsatətlərdə, sonrakı kassasiya şikayətimdə konkret göstərmişdim ki:

Zərərçəkənin sonrakı ərizəsi düzdürsə, onda ilk hadisə yerinə baxış protokolu saxta yazılmışdır. Buna görə, polisin əməliyyat işçiləri cinayət faktının gizlədilməsi üçün cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Və ya, əgər hadisə yerinin protokolu düzdürsə, cinayət işinin icraatına xitam verilməli, zərərçəkən isə süni ittihama görə məsuliyyətə alınmalıdır.

Beləliklə, bu fakt məhkəməni və istintaqı pat vəziyyətinə salmışdı.

Bundan başqa, istintaq yekunlaşarkən iki azyaşlı uşağın əlavə dindirilməsini xahiş etdim. Uşaqlar həqiqətən də təsdiq etdilər ki, hadisə zamanı onları məhkəməyə gətirməyiblər. Polis işçilərinin xahişi ilə hakim Bayramov onlara on beş gün həbs cəzası kəsmiş və həmin cəzanı çəkərkən işgəncələr verilməklə onlardan yalan etiraf ifadələri alınmışdı. Nəticədə, Məmmədov əsassız ittihamlar ilə azadlıqdan məhrum edilmişdi.

Ali məhkəmənin cinayət işləri üzrə məhkəmə kollegiyası işə baxdı, on dörd bəndli kassasiya şikayətimdə və çıxışlarımda göstərdiklərim qərara köçürüldü, məhkəmənin hökmü ləğv olundu və cinayət işi istintaqa qaytarıldı. Göstərilənlərdən üç nəfərin xırda xuliqanlıq protokolu məhkəmənin arxivindən çıxarılıb işə əlavə olundu. Buna baxmayaraq, göstərişə əməl edilmədən, iş ikinci dəfə Ağdam rayon xalq məhkəməsinə göndərildi. Lakin R. Burcayevin sədrliyi ilə iş yenidən baxılıb istintaqa qaytarıldı və, nəhayət, işin icraatına xitam verildi. Məmmədov həbsdən azad olundu. Hakim və iki müstəntiq bu işə görə vəzifələrini itirdilər.

Ədalət gec də olsa zəfər çaldı. Bir il altı aydan sonra mən qələbəni bayram etdim.

Ağdamda “avariya” işi

Ağdamda Sahib Abbasovun keçmiş Cinayət Məcəlləsinin 208-ci maddəsinin II hissəsi (hazırkı 263.2 maddəsi) ilə olan cinayət işi üzrə maraqlı faktlar və işdə müdafiə tərəfinin konkret nəticələri barədə.

Cinayət hadisəsi 1986-cı ildə olub. S. Abbasov Ağdamda kolxozlararası tikinti idarəsində kran yüklənmiş maşında sürücü işləyirdi. Həmin ilin yay ayında pambıq yığımı zamanı Rayon Partiya Komitəsinin Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin (RPK XDS İK) təşəbbüsü ilə bu təşkilata məxsus kran maşınının sürücüsü Abbasov məntəqəyə gətirilmişdi ki, Əfətli kəndinin pambıq məntəqəsini işıqla təmin etmək üçün transformator qoysun. Gün batanda o, işini qurtarıb, maşını idarənin qarajına qoymaq üçün Ağdam istiqamətində gedərkən şəhərə yaxın yolda avtomobil qəzası törətmiş, nəticədə bir nəfər hadisə yerində ölmüş, iki nəfər isə ağır yaralanmışdı.

Sonradan məlum oldu ki, onların hər üçü sərxoş olublar.

Qarşıdakı kəndə giriş yolunda “saatda əlli kilometr” nişanı qoyulmasına baxmayaraq “Jiquli” maşınının sürücüsü yüksək sürətlə hərəkət edərək qarşıda onun istiqamətində hərəkət edən “Moskviç” markalı maşını keçmək üçün ötmə əməliyyatına (“obqon”a) başlamış, lakin bu hərəkəti başa çatdıra bilməmiş, özünün sol qabaq təkərini kranın sağ təkərinə çırparaq maşını aşırmışdı. Beləliklə, məlum olmuşdu ki, sonra yolun sağında dayanıqlı vəziyyətə gətirilmiş kranın hadisənin qarşısını almağa imkanı olmamışdı. Həmin ərazidə hər iki tərəfdən ehtiyat yol-səki var idi. Yolun işlək sahəsinin – asfaltla örtülü yolun eni on iki metr olmuşdur. Bu yol “Jiquli” maşınının tam ixtiyarında olmuş, lakin sürücü bu imkandan istifadə etməmişdi.

“Jiquli” maşınında ağır xəsarət almış hər iki zərərçəkən bildirmişdi ki, Ağdamkənddə olan inkubatordan cücə almağa gedirmişlər. Hər üçü də Ağdamın çıxacağında İldırımın pavilyonunda oturub kabab yemiş və normadan artıq araq içmişdilər. Bundan sonra sürücü sükan arxasında oturaraq maşını yüksək sürətlə (saatda 100-120 km) sürmüşdü. Qarşıda gedən “Moskviç”i keçmək istəyərkən yanındakılar onu çəkindirməyə çalışmış, amma o, buna məhəl qoymamış və maşını krana çırpmışdı. Maşındakıların sonrakılardan xəbərləri olmayıb və gözlərini xəstəxanada açıblar.

Beləlikə, burada da yüksək sürət və sürücünün sərxoşluğu belə bir ağır qəza ilə nəticələnmişdi. Sürücü burada həm də yol hərəkəti qaydasını pozmuş, sürət limitinə əhəmiyyət verməmişdi.

Mənim vəsadətimlə, hadisə baş verməmişdən əvvəl kran maşının arxasınca gələn “QAZ-24” markalı taksi maşınının sürücüsü məhkəməyə çağırıldı və dindirildi. O da kranın sürücüsündə heç bir təqsirin olmadığını təsdiq etdi. Bir daha məlum oldu ki, “Jiquli”nin sürücüsü maşını yüksək sürətlə sürmüş, sükanı saxlaya bilməmiş və maşını kranın qabaq təkərinə çırparaq aşırmışdı. Bu faktları müdafiə tərəfi çıxışında əsaslandırıb Abbasova bəraət verilməsini xahiş etmişdisə də, işə baxan məhkəmə onu altı il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum etmişdi.

Məhkəmənin hökmündən kassasiya şikayəti verdim. Azərbaycan Ali Məhkəməsinin Cinayət İşləri Üzrə Məhkəmə Kollegiyası (CİÜMK) məhkəmənin hökmünü ləğv etdi, iş yenidən ibtidai istintaqa qaytarıldı. Heç bir istintaq hərəkəti edilmədən iş yenidən ekspertizaya göndərilsə də, əvvəlki rəy yenidən təkrar olundu. Məhkəmədə yenidən işə baxıldı və hakimlər əvvəlki hökmü təkrar etdilər: altı il azadlıqdan məhrumetmə cəzası azmış kimi, üstəlik “Jiquli”yə dəyən ziyanın yarısının Abbasov tərəfindən zərərçəkmişə ödənilməsi ilə beş il sürücülük hüququndan məhrum edilmə qərarı verildi.

Məhkəmənin hökmündən ikinci dəfə şikayət etdim. Azərbaycan Ali Məhkəməsi yenə də məhkəmənin hökmünü ləğv etdi, işin ibtidai istintaqa qaytarılması haqda qərarda göstəriş verildi ki, iş ittifaq əhəmiyyətli ekspertizaya göndərilsin. Nəhayət, ittifaq əhəmiyyətli ekspertiza qəti müsbət rəy verdi: Kranın sürücüsü Abbasovun hadisənin qarşısını almağa imkanı olmamışdı. İş istintaqa qaytarıldı, işin icraatına xitam verildi. Abbasov ziyanın ödənilməsindən azad edildi, sürücülük hüququ özünə qaytarıldı.

Bu əhvəlat bir ildən artıq davam etdi. İstintaq uzandıqca prokurorluq və məhkəmə Abbasovun tənha anasını mənim üzərimə qaldırırdı. Təqsirkarın anası məndən tələb edirdi: “Pul vermişik, cəzanı kolon-məntəqədə çəkməsi barədə hökm çıxarıblar. Oğlum bir ildən artıqdır ki, Şuşa türməsində əzab çəkir. Qoy çıxsın kolon-məhkəməyə, orada çürüməsin.” Lakin mən mövqeyimdən çəkilmədim. Prinsipiallığıma görə mənə çox çətinliklər yaratdılar. Orqan işçiləri məni yoldaşlığı gözləməyən adam kimi qəbul etməyə başladılar. Mən isə bir ildən sonra məqsədimə çatdım. Mənim bu cür işlərdə çoxlu qələbələrim olub, bunları saymağı müvafiq bilmirəm.

Ağdamda Sevilin əmlak işi

“Söyüdlüqol” məktəbinin keçmiş sahibinin qızı Sevilin Ağdam Rayon Məhkəməsində qaldırdığı – məktəb binasının onun atasına məxsus olması – iddiası məhkəmənin qətnaməsi ilə rədd edildi. Ağdamda işə baxılarkən mən iştirak etməmişdim. İddiaçı Sevil mənimlə Azərbaycan Ali Məhkəməsinin sədrinin adına nəzarət qaydasında şikayət hazırlamaq və Ali Məhkəmənin sədrinin qəbulunda olub işi məruzə etmək barədə müqavilə bağladı. Mən iddiaçının nümayəndəsi və vəkili kimi işi öyrənib, nəzarət hazırladım və Ali Məhkəmənin sədri A. İbrahimovun qəbulunda oldum. Mülki işin materiallarını dərindən təhlil və ətraflı məruzə edib, şikayətimi təqdim etdim. Sədr mənim məruzəmi və işdə olan sübutları nəzərə alıb, mülki işin tələb edilməsinə rəsmi göstəriş verdi. İş nəzarət qaydasında tələb edilib alındı.

Burada məsəl çəkməyin yeridir: “Kasıbın işi gətirmir”, “Sən saydığını say, gör fələk nə sayır”, “Hər saatın bir hökmü var”.

İş düzələn an gör nə baş verdi. İşdən verilmiş təqdimatın həlli çatana qədər İbrahimov cənablarını işdən azad etdilər. Onun yerinə gələn sədr İbrahim İsmayılov məni çağırtdırdı, şikayətimin qəbul olunmadığını bildirdi. Qeyd edim ki, o, mənim müəllimim olmuşdu, həm də onunla səyyar məhkəmə işlərində katib kimi iştirak etmişdim – onunla danışa bilirdim.

Mən ona vəziyyəti izah etdim. O isə mənə bildirdi ki, Ağdamda bu vəziyyətdə mübahisə doğuran onlarla iş var. Bu iddia təmin edilərsə, hamı ayağa qalxacaq. Ona görə də bu iş müsbət həll edilə bilməz.

Mən ümidimi kəsmədim. Yeni variantlar axtarmağa başladım. Sonradan işdə bizim xeyrimizə olan kifayət qədər yeni sübutlar toplamışdım və işimin haqq olduğuna inanırdım. İnanırdım ki, qələbə çalacam.

İşin məzmunu (fabulası) belə idi:

Böyük Vətən Müharibəsi başlanan zaman, mübahisənin predmeti olan ev – məktəb yerləşən ev – Sevilin atasının mülkiyyətində olub. Həyat yoldaşı müharibəyə gedəndən sonra, ev kəndin ucqarında olduğu üçün, Sevilin anası qardaşının yanına köçüb, ev sahibsiz qalıb. Həmin evdən hərbi xəstəxana kimi istifadə olunub, müharibə qurtardıqdan sonra isə evi sahibsiz ev kimi Rayon Xalq Maarif Şöbəsinin balansına veriblər. Həmin vaxtdan da hər iki mərtəbədəki otaqlardan sinif otağı kimi istifadə olunub.

Sevilin atası müharibədən yaralı vəziyyətdə qayıdıb. Bir az sonra Sevil doğulub. Atası isə dünyasını dəyişib, evi tələb etməyə imkanı olmayıb. Sevil kiçik olanda anası başqa adamla ailə qurub, Sevil isə dayısının, digər qohumlarının yanında yaşamalı olub. O, kiçik olarkən yıxılıb və ayağından əlil olub.

Bununla da, valideynlərini vaxtsız itirməsindən sonra Sevilin qara günləri başlayıb. Sonralar o, çox acınacaqlı vəziyyətdə yaşamış, heç bir günahı olmadan haqsızlıqların qurbanına çevrilmişdi.

Onun bu vəziyyəti məni çox sarsıtdı. Qərara gəldim ki, onun hüquqlarının bərpası üçün bacardığım hər yola əl atacaq və qanunların gücü ilə və insanlıq naminə ona kömək edəcəyəm. Nəhayət, ilk kömək üçün yuxarı orqanlara müraciət etdim.

Bu ərəfədə mən Ağdam Rayon Məhkəmə-Prokurorluq orqanlarında ilk partiya təşkilat katibi işləyirdim. Məni Ağdam Rayon Partiya Komitəsində yaradılmış ərizə-şikayətlərə baxan komissiyaya üzv seçmişdilər. Burada olan imkanlarımı nəzərə alıb, yuxarıda göstərdiyim vasitələrdən istifadə etməli oldum.

Sevilin adından ilk müraciətim Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) birinci katibi cənab H. Ə. Əliyevə ünvanlandı. Ərizənin ilk cümləsi ultimatum xarakterli oldu: “Ya atamı verin, ya evimi. Bu məsələ həll olunmasa, belə yaşamaqdansa intihar etməyi üstün tutacağam.” Ev barədə toplanmış sübutları müraciətin məzmununda şərh etdim.

Müraciət Mərkəzi Komitədə xüsusi nəzarətə götürüldü və yoxlanılmaq üçün Rayon Partiya Komitəsinə göndərildi. Müraciətin yoxlanması və rəyin yazılması gözlədiyim kimi mənə tapşırıldı. Artıq iş alınırdı. Mənim seçdiyim üsul öz bəhrəsini verirdi – yetimin bəxti açılırdı, artıq inanırdı ki, evə görə ailə də qura biləcəkdir. Mən isə şikayəti alan kimi Ağdam Rayon Partiya Komitəsinin birinci katibi Sadıq Murtuzayevin adına qısa, aydın, səlis cümlələrlə faktlar üzrə rəsmi və tutarlı rəy hazırlayıb təqdim etdim.

Əhvalatdan bir neçə gün keçmiş məni Rayon Partiya Komitəsinə dəvət etdilər. Məndən əlavə, prokuroru, məhkəmənin sədrini, Rayon İcraiyyə Komitəsinin sədrini, Xalq Maarif Şöbəsinin müdiri Qara müəllimi və Seyidli Kənd Sovetinin sədrini də çağırmışdılar. Burada hər kəsin öz vəzifəsinə görə “otu-suyu” verilmə məqamı çatmışdı.

Murtuzayevin geniş, yaraşıqlı, sadə, səliqəli və işıqlı iş otağına keçdik. Cənab Murtuzayev rəy barədə fikrimi soruşdu və bildirdi ki, çağırılmış adamlar rəylə tanış olublar. Soruşdu ki, “Sənə qarşı bir təsir, təzyiq olubmu?” Mən bildirdim ki, “Heç kim mənə təzyiq etməyib. Öz vicdanımın səsi ilə düzgün hərəkət etmişəm. Rəyimi müdafiə edirəm. Bu, tamamilə əlsiz-ayaqsız, köməksiz bir nəfərin fəlakətdən xilas olmasına yönəldilmiş rəydir. Xahiş edirəm, müzakirə edib tədbir görəsiniz.”

Növbə ilə birinci məhkəmənin sədri bildirdi ki, tələb üzrə iddia müddəti ötürülmüşdür, ona görə də iddianın təmin olunması mümkün deyildir. Məhkəmə qətnaməsi Ali Məhkəmənin qərarı ilə öz gücündə saxlanılıb. Onun başqa imkanı yoxdur.

Prokuror da məhkəmə sədrinin sözləri ilə özünə haqq qazandırdı. Ancaq onlar öz imkanlarından istifadə edib RİK və Maarif şöbəsi ilə bu məsələni həll etməyə cəhd göstərməmişdilər. Onlar öz vəzifələrindən qorxurdular, nələrinə lazım idi Sevil necə olacaq?!

Nəhayət, birinci katib Murtuzayev hamının fikrini dinlədikdən sonra üzünü RİK-nin sədrinə və Maarif şöbəsinin müdirinə tutub onlara açıqca öz iradını bildirdi və tələb etdi: “«Söyüdlüqol» məktəbinin tikintisinə başlayın. Məktəbin aşağı mərtəbəsini, oradakı otaqları boşaldıb, Sevili ora köçürün. Həyətyanı torpağını və meyvə bağını rəsmi qərarla onun mülkiyyətinə verib, nəticəsini on gün müddətində mənə rəsmi şəkildə bildirin. Şikayət MK-nin nəzarətindədir.”

Sonra birinci katib əlavə etdi: “Sevilin atası Vətən yolunda canından keçib, bəs biz nə etmişik? Dövlətin pulu ilə yeni, mədəni, yaraşıqlı məktəb tikib uşaqların oxumasını təmin etmək əvəzinə, köhnə, dağılmış, sökülmüş evin otaqlarından istifadə edirsiniz. Bunu nə Allah, nə də dövlət qəbul etməz. Çox haqsız bir işdir.”

Nəhayət, mənim apardığım əsaslı iş gec də olsa öz bəhrəsini verməyə başladı. Sevil xanım bir ilin içərisində atadanqalma mülkünə sahib oldu. Mən bu işimin böyük qələbə olduğunu başa düşdüyüm üçün öz işimlə fəxr edirəm.

Sevil hər meyvə yetişəndə həyətdə olan ağaclardan mənim də meyvə payımı gətirirdi. Deyirdi ki, “Allah sənin bu təmənnasız yaxşılığının əvəzini sənə verəcək.” Mən isə işimdən çox məmnun qalmışdım.

Beyləqanda iş

Məhkəmədə hakim işləyən Əliyev Həmid Həsən oğlunun (Qazaxda anadan olmuşdur) qardaşı oğlu Qəhrəman evlənmək üçün Sənubər adlı bir qızı qaçırıb Beyləqana gətirmişdi (sonra onlar hər iki tərəfin razılığı ilə ailə qurmuşdular). O vaxt Beyləqanda Həmid Əliyev bir ölüm işinə baxırdı. Sonda həmin şəxsin təqsiri sübut olunmadığına görə bəraət hökmü çıxarılmışdı.

Hökm elan ediləndən sonra ölənin anası elə bir nalə çəkib qışqırdı ki: “Ay Allah, varsansa çox az bir müddətdə bu haqsızlığı yerdə qoyma. Öz varlığını göstər. Mən gedib Peyğəmbərdə saçımdan asılacağam.” Qadının yanıqlı səsi indi də qulağımdadır.

Onun bu qarğışının nəticəsinin olub-olmamasını deyə bilmərəm. Əliyev Ermənistandan gəlmiş bir nəfər müəllimin üstü brezent örtüklü “Moskviç” maşınını alıb, həyat yoldaşı Püstə xanım, yenicə doğulmuş körpə uşağı və poçtun sürücüsü Xapko ilə Gəncəbasara yollandı. Həmid Əliyev mənə telefonla dedi ki, zəng edənlərə Gəncəyə getdiyini deməyim (o vaxt mən “Baza” adlanan yerdə xəstəxanada müalicə olunurdum). Onlar gedib Gəncədə, Qazaxda qohum-əqrəbaları ilə tamam-dəsgah görüşüb qayıdarkən Nizaminin məqbərəsinin yanında, düz asfaltın üstündə maşınları aşmış, Həmid və sevimli arvadı Püstə xanım elə hadisə yerindəcə aldıqları xəsarətlərdən həlak olmuşdular.

Bizə də xəbər çatdı və biz dəfn mərasimində iştirak etdik. Onların böyüdülmüş şəkilləri qara haşiyəyə alınmışdı. Böyük izdiham var idi, hamı kədər içində idi. Onlar İmamzadə deyilən qəbirstanlıqda dəfn olundular.

Hadisə zamanı maşının arxa oturacağında əyləşmiş sürücü Xapko (onun boyu 180-190 sm olardı) və qucağındakı doqquz aylıq qız uşağı salamat qalmışdılar. İlahinin belə möcüzəli işləri var: onlar necə olmuşdular ki, aşıb əzilən maşından salamat çıxmışdılar? Bu cür maraqlı və müəmmalı hadisə məni düşündürməyə bilməzdi.

Həmid Əliyev işgüzarlığıma görə məni çox istəyirdi (indi istəməsin). O, işə qəbul olunarkən mənə kostyum və digər geyim şeyləri almışdı. Onun ölümü isə məni çox kədərləndirdi. Ona görə də imkan düşən kimi öz rayonumuza məhkəmə katibi vəzifəsinə dəyişildim.

Cəbrayıl Rayon Xalq Məhkəməsinin hakimi Babaş Novruzov mənim Cəbrayıla getməyimə kömək etdi. O da mənə çox böyük diqqət yetirirdi. Onun köməyi ilə 1951-ci ildə Ədliyyə Nazirliyinin təşkil etdiyi məhkəmə katibləri və icraçıları hazırlayan üç aylıq kursa gedib oranı “əla” şəhadətnamə ilə bitirdim. Bu şəhadətnamə uzun müddət mənim köməyimə çatdı. Babaş Novruzov Cəbrayıldan sonra Sabirabad rayonuna hakim təyin edildi. Mən onunla gedə bilmədim. Bu, bizim son ayrılığımız oldu.

Ağdama gəlişim

Cəbrayıldan Ağdama gəlməyim bir təsadüfün nəticəsidir. 1954-cü ilin avqust ayının 25-də Ağdam şəhərinə gəldim. Orada olan mexanizasiya texnikumunda həm qardaşımın, həm də özümün oxumağımıza imkan və şərait olub-olmamasını öyrənmək istəyirdim.

Ağdama çatan kimi birinci məhkəməyə getdim, bilmək istəyirdim məhkəmədə tanıdığım hakimlərdən kim var. Mən soruşub məhkəmə idarəsini tapdım. Məhkəmə binası Allahın evi – məsçidin binası ilə bitişik idi və ikimərtəbəli olmaqla təğbəndin üzərində yerləşirdi. İdarənin küçəyə açılan artırması var idi. Çoxlu adamlar dayanmışdılar, dedilər zalda məhkəmə gedir. Mən gedib çöl qapıdan içəri daxil oldum. Zalda işə baxan yaxşı tanıdığım keçmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü Ə. F. Sultanov idi. O, artıq Ağdamda məhkəmə sədri seçilib işləyirdi. Qapıdan içəri keçərkən o, məni gördü və dərhal tənəffüs elan etdi. Mənə işarə verdi ki, gəlim iş otağına.

Ə. Sultanovu görəndə həm sevindim, həm də bərk həyəcanlandım. O, məni tanıyırdı, belə ki, Beyləqanda, Füzulidə dəfələrlə ağır cinayət işlərinə baxarkən mən iclasçı kimi iştirak etmişdim. O, bütün xasiyyətimə, işgüzarlığıma bələd idi. İş otağına daxil oldum, görüşdük. Mehriban söhbətdən sonra mənə təklif etdi ki, gedib işdən çıxıb, gəlib Ağdamda onunla işləyim. Mən həmin dövr Cəbrayılda məhkəmədən yenicə işdən çıxmışdım və çox götür-qoy edəndən sonra redaksiyaya işə keçmək istəyirdim.

Razılaşdıq. Mən dərhal Cəbrayıla qayıdıb, sənədlərimi alıb, Ağdama gəldim. Onu Ədliyyə Nazirliyində, Ali Məhkəmədə təmiz işçi kimi tanıyırdılar. O, mənim Ağdamda dəftərxana katibi vəzifəsinə qəbul olunacağımı demişdi. Məhkəmədə dəftərxana katibi işləyən Məhbubə xanım kommunist idi, onu çıxarmaq asan iş deyildi. RPK-də ikinci katiblə yaxınlığı vardı.

Mən nə Ağdamı, nə də Ağdamlıları tanımırdım. Barəmdə mənə qarşı hər cür təhlükə gözlənilə bilərdi, çünki mən fikirləşmədən özümü fırtınanın ağuşuna atmışdım. İşlədiyim məhkəmə idarəsi hamının diqqətində idi. Belə ki, Ağdam Rayon Xalq Məhkəməsində işləyən Ə. F. Sultanov Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü işləyərkən M. Məmmədovun və C. Məmmədovun cinayət işlərinə baxıb, onlara azadlıqdan məhrum edilmə cəzası vermişdi. Hər iki nəfər barədə cinayət işlərinə SSRİ Ali Məhkəməsində baxılaraq onları təqsirsiz hesab etmişdilər. M. Məmmədov Ağdam Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində (ARXDS İK) sədr, C. Məmmədov Kommunal Təsərrüfatı Şöbəsində müdir işləyirdi. Onlar hər ikisi də yerli olmaqla, rayonda böyük nüfuza malik adamlar idilər.

Buna görə də Ə. Sultanov heç öz işçilərinə inanmırdı, məni də bu səbəbə görə yanına gətirmişdi. Rayonda tez bir zamanda şayiə yayıldı ki, “Məhkəmə sədri Ə. Sultanov bacısı oğlunu gətirib katib işlədir. Belə çıxır Ağdamda bu işi bacaran yoxdur.” Bu sözü günorta çay içərkən çayxanada, məni tanımayan Həmzə adlı bir şəxs öz yoldaşlarına izah edirdi. Bunlar rayonda böyük bir nəsil idi, nə istəsələr etməyə qadir idilər.

Belə şəraitdə mən işləməyə başladım. Mən işə başlayandan sonra sədr bütün məktubları cavab verilməsi üçün mənim adıma yazırdı, sorğulara katib kimi mən imza edirdim. Bundan qeyzə gələn Məhbubə xanım ərkəsöyünlüklə, özündən razı halda hakimin adına ərizə yazdı ki, “İşləmək istəmirəm. Məni işdən azad edin.” Bunu ikinci katibə arxayın olaraq etmişdi, istəyirdi hakimi büro qarşısına çıxarıb partiya məsuliyyətinə cəlb etsinlər, ona görə də formal olaraq belə bir ərizə vermişdi.

Bu ərizə bütün təhlükəni sovuşdurdu. Məhbubə işdən çıxarıldı.

Təhvil-təslim aparılarkən, belə bir hadisə baş verdi: Qulam adında bir adam öz bacısından ev tələbi barədə iddia materialını mənə təqdim etmişdi. İddia üçün dövlət rüsumu o vaxt bank qəbzi ilə deyil, marka ilə ödənilirdi – materiala 900 manatlıq marka əlavə edilmişdi. Materialları məhkəmə sədrinə vermişdim.

Bir gün sonra iddia materialına əlavə edilmiş marka yoxa çıxdı. Bu məsələ hamını təşvişə saldı. Mən çox nigarançılıq keçirirdim, bunun da səbəbi var idi.

Mən bu yerli adamaların içərisinə təsadüf nəticəsində qatılmışdım. İzah edirəm ki, mən ölçülüb-biçilməmiş hərəkətimə görə taleyimin necə olacağını bilmirdim. İşçilərin mənə qarşı edəcəyi xəyanətin qarşısını almaq üçün tədbirlər görməyi qarşıma məqsəd qoydum. Ona görə də Ə. Sultanovla məsləhətləşib qərara gəldik ki, dəftərxananın arxivini təhvil götürmək təhlükəlidir; təhvil-təslimi mənim əvəzimə iclas katibi Ağamirov Ağabala Mahmud oğlu qəbul etməyə başlasın. Belə də etdik.

Doqquz yüz manat markanın tapılmadığı ərəfədə çox ziddiyyətli söz-söhbət gedirdi. İşçilər biri-birindən görürdülər. Məni isə dilə-dişə salanlar sabiq məhkəmə katibi Məhbubə xanım və onun tərəfdarları idilər. Hətta mənim işə götürüldüyümü bilən işçilər, Məhbubə xanım başda olmaqla, öz aralarında belə razılığa gəlmişdilər ki, İsmayıl gəlmə adamdır, onu rayonda heç kim tanımır, başını böyüdərik, özü qaçıb gedər.

Qocaman vəkil Abdullayev uzaqgörən adam idi. O, mənim fərasətli adam olduğumu duymuşdu. Xeyrimə olaraq onlara izah etmişdi ki, “İsmayıla heç nə edə bilməyəcəksiz. Onu hakim özü gətirib, özü də müdafiə edəcək – mən sizinlə razılaşmıram.” Bu sözlərlə onları yerində oturda bilmişdi. Nəhayət, mən gecə gündüz Allaha dua edirdim ki, 900 manat marka məsələsi aydınlaşsın və mənim barəmdə şübhələr aradan qalxsın. Söz-söhbət kəsilsin.

İlahiyə min şükür!

Bir neçə gün keçmişdi. Hakim Ə. Sultanov məni də, digər məhkəmə işçilərini də çağırdı. Onun qarşısında bir yaşlı qadın oturmuşdu. Stolun üstündə dəsmalın arasında bir yığın sənədlər var idi. Sultanov dedi: “Marka itən gün bu qadının sənədlərini alıb qoydum təzə qəbul etdiyim sənədlərin arasına, qadına dedim ki, sənədlərini yoxlayım, sonra gəlsin, cavabını deyim. Qadın gedib, bir neçə saatdan sonra gəldi, mən onun sənədlərini yoxladım, çatışmayanları düzəltmək üçün özünə təqdim edib, yola saldım. İndi həmin qadın öz sənədləri ilə 900 manat markanı da mənə təqdim etdi, özü də soruşdu ki, bu nə markadır mənim sənədlərimə əlavə etmisiniz. Məlum oldu ki, onun sənədlərini qaytararkən marka da sənədlərə qarışıb gedibmiş.”

Marka söndürülməmişdi. Qadın başa düşsəydi ki, bu nəğd puldur aparıb bankda dəyişib istifadə edərdi. Yaxşı oldu ki, qadın bunu başa düşməmişdi. Beləliklə, idarədə cərəyan edən şayiələrin üzərinə qara xətt çəkildi, mənim də digərlərinə olan şübhələrim buz kimi əriyib getdi. Bu bir görk idi. Allahın bizə, xüsusilə də mənə rəhmi gəldi. Mən bundan sonra təmiz adam kimi hamının diqqətini cəlb etməyə başladım. Aqillər deyib: “Sən saydığını say, gör fələk nə sayır.” Əleyhidarlarımın saydığı alınmadı, Allah mənim tərəfimdə oldu. Şükürlər olsun Allaha!

Ailəmiz barədə məlumatlar

İsmayıl Şahəliyev Əziz oğlu və ailəsi
Müəllif və həyat yoldaşı Səyyarə xanım qızları Mətanət ilə. İyul, 1961-ci il.

Mən tərcümeyi halımın bir hissəsini ilk səhifələrdə şərh etmişəm. Ailəmiz barədə bəzi başqa məqamları təqdim etmək yerinə düşər.

Nəhayət, mən Ağdamda, tədricən, camaat arasında tanınmağa başladım. Tənha adam idim, Cəbrayıldan olan Mirzəli adlı bir nəfəri tanıdım, onun evində qalası oldum. O, 1937-ci ildə din xadimi kimi tutulub, sonra da Ağdama sürgün edilmişdi. Sonradan o da qanunla təmizə çıxarıldı. Tehranda universitet bitirmişdi, ilahiyyət və digər elmləri çox gözəl bilirdi. O, artıq öz nüfuzunu xalq arasında bərpa etmişdi. Çox dəyərli insan idi, dünyasını dəyişib. Allah ona qəni-qəni rəhmət eləsin. Hal-hazıra kimi də onun uşaqları ilə əlaqəmiz var. Onlarla Ağdamda bir ömür yaşamışıq. Müəyyən sahədə Mirzəli müəllimin məsləhət və nəsihətləri mənə çox kömək etmişdi.

Mənim qardaşım Kərim və digər qohumlarım Ağdama texnikumda oxumağa gəldilər. Artıq Mirzəli müəllimin evindən öz razılığımız əsasında əsli Zəgilanın Bartaz kəndindən olan Məşədi Məhəmmədin mülkiyyətindəki bir otaqlı evinə köçdüm. Dörd ildən artıq cəlayi-vətən yaşadım.

Mən kirayə götürdüyüm otaqdan başqa otaqlarda da kirayədə qalanlar vardı. Orta otaqda Nəcəf və arvadı Zərif, digər bir otaqda isə erməni Albert və arvadı Tosiya yaşayırdılar. Nəcəfin bacısı nəvəsi tibb məktəbinə oxumağa gəlmişdi. O, Nəcəfgildə qalırdı. Qızın sənədlərdə adı Səyyarə idi, onu Nəcəfgilin dili ilə hamı “Feniya” deyə çağırırdı. Mən onunla evlənmək qərarına gəldim. Cəbrayılın Horovlu kəndində yaşayan valideynlərimə məsələni bildirdim. Nəhayət, nəticə alındı.

Biz 1959-cu ilin iyun ayının 4-də 50 nəfərlik bir məclis düzəldib, toyumuzu etdik. Əsas qonaqlarım məhkəmə-prokurorluq işçiləri, qonşuluğumuzda yaşayan sayılıb-seçilən adamlar, bir də Cəbrayıldan gələn qohumlar idilər. Atam Əliyev Əziz məclisin axırında elan etdi ki, bizdə nəmər yığmaq adət deyil. Beləliklə, məclis axşam saat altıya kimi həyətdə tənək çardağının altında keçdi. Heç kimdən nəmər alınmadı.

Beləliklə, mənim həyatımda yeni səhifə açıldı (mən evlənənə kimi tənha yaşamışam). Biz Ağdam şəhəri, Sərdarov küçəsində, 94 nömrəli evdə kirayə qalırdıq. Ailədə iki nəfər olmağımıza baxmayaraq, əmək haqqımla çox çətin təmin olunurduq. 1961-ci ilin fevral ayında qızımız Mətanət dünyaya göz açdı. Bir il sonra doğulan oğlumuzun adını qoca nənəsi Nahid öz atasının adına Bəhram adlandırdı. Üçüncü övladımız yenə də 19 aydan sonra anadan oldu, onun adını qonşumuz Nübar adlı qadın Ehtiram deyə çağırdı. 28 may 1966-cı il tarixində dünyaya gələn qız idi. O vaxt Zeynəb Xanlarovanın radio və televizorda oxuduğu “Ceyran” mahnısı çox populyar idi. Bu mahnının təsiri altında onun adını anası Ceyran adlandırdı. Ceyranın ayağı çox sayalı oldu. Həmin gün Bakıya instituta qəbul imtahanına getdim. İmtahanları müvəffəqiyyətlə verib, keçmiş S.M.Kirov adına ADU-nin qiyabi hüquq fakultəsinə qəbul olundum.

Nəhayət, beşinci uşağımız 1971-ci ildə anadan oldu. Onun adını isə atam Əziz öz anasının adı ilə, yəni Təzəgül adlandırdı. O, cəmi on iki il yaşadı.

Mənim səhvlərim

Həyatda səhvsiz adam yoxdur. Səhv özü də iki cür olur: 1) bağışlana bilən, düzəldilməsi mümkün olan və 2) bağışlana bilməyən səhvlər.

Mən ən böyük səhvi 1953-cü ildə etmişəm. Belə ki, 1952-ci ildə Ümumittifaq Qiyabi Hüquq İnstitutunun (ÜİQHİ) Bakı filialının birinci kursuna qəbul olmuşdum. Mən o vaxt Cəbrayıl Rayon Xalq Məhkəməsində dəftərxana katibi vəzifəsində işləyirdim. Xalq Hakimi Fərhadovun prokurorluqla, Daxili İşlər Şöbəsi (DİŞ) işçiləri ilə münasibəti korlanmışdı. Onun hesabına məni hər an təhlükə gözləyirdi. Mən bu barədə əvvəlki səhifələrdə məlumat vermişdim.

Həmin məsələyə görə işdən çıxmaq qərarına gəldim. Lakin xalq hakimi buna mane olurdu. Ona görə də gedib birinci kursdan ərizə verib çıxdım, sənədlərimi alıb universitetin şərqşünaslıq fakultəsinə verdim. Həmin sənədlə də Ədliyyə Nazirliyinə gedib işdən çıxdım. Beləliklə, arzuladığım təhsildən imtina etdim. Bu səhvimi düzəltmək üçün 1959-1966-cı illərdə çox çalışdım, amma həmin illərdə təhsillə bağlı arzularımın qapısı üzümə bağlandı – təhsil məsələsində düz on il gecikdim. Beləliklə, düşünmədən atdığım addım mənə böyük zərbə vurdu. Ona görə də sonrakı peşmançılıq fayda vermir. Mən o vaxt səbrli olmalı idim – hər işdə səbr insana dostdur. Həm də ki, Allahın qismətini minnətdarlıqla qəbul etmək lazımdır.

İkinci səhvim də səbrsizliklə bağlıdır. Ağdamda notarius vəzifəsində işləyirdim. Müəyyən səbəblərə görə yenə də öz ərizəmlə işdən çıxıb, vəkillər kollegiyasının üzvlüyünə keçdim. Bu seçimdə mənim şübhələrim əsas rol oynadı, hər an bu şübhələrin reallaşacağından qorxurdum. Məndən sonra gələn notariusların taleləri çox acınacaqlı oldu. M. F. Axundovun “Aldanmış Kəvakib” povestindəki Şah Abbas kimi mən də baş verəcək bəladan özümü sığortalamaq üçün çox şeydən – vəzifədən, puldan imtina etdim. Bəla məndən sonra gələn notariusları tutdu. Şahlara şər atıb, Xürrəmi də saxtakarlıqda və vəzifədən sui-istifadə etməkdə günahlandırıb, məhkəmənin hökmü ilə hər birini üç il azadlıqdan məhrum etdilər.

Daha sonra hər gün çörək kəsdiyim yoldaşlarımdan birinə inanıb öz həyatım haqqında bəzi məlumatlar verdiyimə görə başım bəla çəkdi. Çox çətinliklə partiya sıralarına qəbul olacağım məqamda məndən anonim məktub yazıldı. Guya ki, məni işdən yol verdiyim xətalara görə çıxarıblar.

Onu da deyim ki, səhv etsəm də, kimlərəsə inansam da, həmişə öz işimi etibarlı tutmağa çalışmışam və məndə gələcəyi duymaq qabiliyyəti olub. Bu xüsusiyyət mənə çox yerdə kömək edib. Verilmiş materiallarla bağlı hər üç məlumata dair rəsmi sənədlər toplaya bilməyim mənim partiya sıralarına qəbul olmağıma kömək etdi.

Prinsipiallığım və tələbkarlığım

1959-cu ildən qarşıma belə bir məqsəd qoydum: mən hökmən ali təhsil almalıyam ki, gələcəkdə mənim övladlarım da ali təhsil alsınlar. Altı ildə on iki dəfə əyani və qiyabi təhsil üçün qəbul imtahanında iştirak etdim. Nəhayət, məqsədimə nail oldum, 1966-cı ildə hüquq fakultəsinə qəbul olub, oranı 1972-ci ildə bitirdim. Məndən sonra uşaqlarımın dördü də ali təhsil aldılar, Allaha çox şükür. Beləliklə, prinsipiallığım öz nəticəsini verdi.

Başqa bir faktı yazaraq bu haqda deyilənlərlə kifayətlənirəm. 1975-ci ilin mart ayı idi. Evdə oturub papiros çəkirdim. Üçüncü sinifdə oxuyan oğlum Ehtiram məndən soruşdu ki, “Ata, biz də böyüyəndə papiros çəkəcəyik?” Cavab verdim ki, “Böyüyün, baxarıq.”

Həmin ilin aprel ayında məzuniyyətə çıxdım. 23 aprel 1975-ci il, səhər tezdən, dalımca maşın gəldi. Maşına oturduq, yoldaşım dedi ki, “Siqaretin qaldı.” Dedim “Qoy qalsın.” Sanatoriyaya da getdim, amma orada da çəkmədim. Çəkdiyim papirosun sonuncusu çox çəkilən “TU” papirosu idi, qabında 10-12 ədəd papiros qalmışdı. Uzun illər o papiroslar bizdə qaldı.

Demək, papirosla 23 aprel 1975-ci ildən vidalaşdım. 33 ildən artıqdır ki, papiros çəkmirəm. Uşaqlarım da papiros çəkmədilər. Bu, bir daha mənim möhkəm iradə sahibi olduğumun sübutudur. Məni tanıyanlar mənim hərəkətimi çox yüksək qiymətləndirdilər. Papirosdan imtinam uşaqlarımın tərbiyəsində böyük əhəmiyyət kəsb etdi.

Tərsliyim və inadkarlığım

Tərsliyim və inadkarlığım haqda bir faktı desəm kifayət edər. Bu, Ağdamın Əfətli kəndində pambıq briqadiri işləyən Mirzə ilə (ona “dəli Mirzə” deyirdilər) bağlıdır. Bu hadisə 1974-cü ildə olmuşdu. O vaxt mən Ağdam Rayon Dövlət Notariat Kontorunda notarius işləyirdim. Mənə xatirini çox istədiyim müstəntiq Bilal zəng etdi ki, “Mirzə adlı şəxs sənin yanına gəlir. Onu çalışıb tez yola sal, pambıqçıdır.”

Mən müstəntiqin xahişinə görə Mirzəni araya salıb tez yola saldım, “Maşından müvəqqəti istifadə müqaviləsi” verdim. O, sonrakı il müqavilənin vaxtı qurtardığı üçün təkrar müqavilə almağa gəlmişdi. Mən başıaşağı işləyirdim. Mirzə maşının sənədlərini çox ərkəsöyünlüklə mənim stolumun üstünə atdı və əda ilə ucadan dedi: “Tez ol, məni yola sal.” Adamların yanında onun bu saymazyanalığından çox qeyzləndim. Sənədləri götürüb onun üstünə atdım. Bu dəfə məni hədələdi: “Bilirsənmi, sənin başına nə oyun açacam?” Mən isə ona bildirdim: “Get kimə nə deyirsən de, mən sənin sənədlərini təsdiq etməyəcəm.” O getdi. Bu dəfə müstəntiq Baxşəliyev, sonra ikinci katib C. Əliyev, daha sonra RPK-nin katibi Dilruba xanım zəng etdi. Mən bu tapşırıqları qəbul etmədim. Müqavilədə və təqdim olunmuş sənədlərdə çatışmamazlıq var idi. Onda Mirzə məhkəməyə müraciət etdi. Məhkəmənin sədri mənim notariat işlərini çox yaxşı bildiyimi ona bildirmişdi. Lakin yenə də mənə zəng etdi və soruşdu ki, “İş niyə rəsmiləşdirilmir?” Mən səbəbini izah etdim. O da bunu Mirzəyə çatdırıb yola saldı.

Üç ay keçəndən sonra Mirzə çox sakit halda mənim iş otağıma gəlib mənimlə görüşdü. Gülə-gülə mənə dedi: “Mənə dəli deyirlər, sən məndən betər imişsən. Sənə çox yerdən təzyiq göstərdim, eşitmədin. Məni təqsirləndirdin. Artıq əlimin dalını yerə qoyuram, mənə kömək et.” Mən də peşman oldum. Qanuni sənədlərin siyahısını ona verdim. Maşını arvadının payı kimi, bağışlanma yolu ilə onun adına keçirtdim.

Digər bir fakt. Dostum və yaxın münasibətim olan Əli adlı bir şəxs sovetliyə verilmiş aliment barədə icra vərəqəsini vaxtlı-vaxtında icra edə bilmirdi. Həmin işlə bağlı tez-tez bizə şikayət gəlirdi. Ondan dəfələrlə bu əməlini düzəltməyi xahiş etmişdim. Deyirdim ki, “Belə etmə, səni tutarlar.” Məni başa düşmədi, elə hesab etdi ki, onu tutmaq olmaz.

Sonuncu dəfə onun bu qanunsuz hərəkətləri barədə rəsmi akt yazdım. Saymazyana şəkildə özü də akta imza etdi. Mən qayıdıb iş yerimə getdim, məhkəmə sədrinin adına raport yazdım və vəziyyəti məruzə etdim. Hakim mənimlə məsləhətləşdi, qərar yazıb onun məcburi şəkildə milis şöbəsinə gətirilməsini tapşırdı. Axşam onu şöbəyə gətirdilər. Səhər tezdən kənd sovetinin sədri Musa kişi məhkəməyə gəldi. Hakim ona bildirdi ki, materialları nəzarətə götürüb, bir də şikayət gəlsə cinayət işi başladacaq, həbs qətimkan tədbiri seçəcək.

Onu baraxdıq. Əli mənə dedi ki, çox möhkəm zarafatın var imiş – “Məni yıxdın, sonra düzəltdin. Mən bundan sonra heç vaxt işimdə səhlənkarlıq etməyəcəm.”

Prinsipiallıqla bağlı etdiyim işlərdən onlarla fakt göstərə bilərəm. Lakin buna ehtiyac duymuram.

İnstituta daxil olandan sonra tanıdığım bir adam haqqında

Mən Horovlu kəndindəki yeddiillik məktəbdə, Füzulidəki Pedaqoji texnikumda, ADU-də, üç dəfə isə təkmilləşdirmə kursunda oxumuşam. Beləliklə, müxtəlif xasiyyətli adamlarla yoldaşlıq etmişəm. Bunlardan bir neçəsi haqqında fikrimi bildirməyi məqsədə müvafiq bilirəm.

Həmin şəxs atadan yetim idi, anasının himayəsində qalmışdı. Biz bir-birimizi əvvəldən işlə əlaqədar olaraq tanıyırdıq. Ona görə də razılaşdıq ki, oxuduğumuz ərəfədə bir yerdə hazırlaşaq və semester imtahanına gedərkən bir yerdə ev tutub qalaq. Mənim qardaşımın evi var idi, mən orada da qala bilərdim. Həmin adamla razılaşmam mənə də sərfəli olduğu üçün yoldaşlıq etməyə razılıq verdim. Üçüncü kursu qurtarana qədər bu münasibətimiz davam etdi. O, koloniyada əvvəlcə məktub paylayan, sonra xüsusi şöbədə köməkçi, daha sonra isə koloniyanın rəisi vəzifəsinə keçdi. Vaxt ötdükcə maddi durumu artmağa başladı. Bu, onun xasiyyətini də dəyişdirdi. Mən onun artıq hərəkətləri ilə barışa bilmədim, yavaş-yavaş münasibətlərimiz soyumağa başladı. Sonralar o, kolon rəisi vəzifəsinə yüksələndə özündən tamamilə razı görünməyə başladı, amma onun hansı əməl sahibi olduğunu kənardan çoxları bilmirdi. Hətta bu adamı öz qaynı döyüb ağır vəziyyətə salmışdı. Üç ildən artıq yoldaşlıq etdiyimizə, bir yerdə duz-çörək kəsdiyimzə görə xəstəxanaya onun yanına getdim. Biz səmimi görüşdük. Ona xatırlatdım ki, pul, vəzifə əl çirkidir, bunlara bel bağlayıb qohuma-dosta biganə, saymazyana münasibət göstərmək ləyaqətli adama yaraşmaz. Görünür, o, mənim dediklərimi axıra qədər dərk edə bilmədi. Hərəkətlərinin nəticəsi faciəli ölümlə nəticələndi. Onun ölümündən sonra mən onun mənfi xasiyyətləri haqqında çox danışmaq istəmirəm.

Xalid Babayev haqqında

Birinci kursda Xalid, Qəşəm, Vəliyəddin və mən hər semester vaxtı birimizin hesabına qonaqlıq verirdik. Bu hal sonralar da davam edirdi. Hamı bizim bir yerdə hazırlaşmağımıza heyran qalırdı.

Xalid Babayev indiki Oğuz rayonunun Vardanlı kəndində anadan olub, orada da yaşayırdı. Bizim bir-birimizə səmimi münasibətimiz daha inandırıcı görünürdü. Bu səmimiyyət sonrakı vaxtlarda özünün təsdiqini daha yaxşı biruzə verdi.

Bir gün Xalid məni yaşadığı Vardanlı kəndinə qonaq çağırdı. Maşınla getdim. Bizi çox mehribanlıqla qarşıladı, məni bütün qohum-əqrəbası ilə tanış etdi. Biz orada təmiz duz-çörək kəsdik. Bu münasibət sonralar da davam etdi. O, öz qəlbinə, insani keyfiyyətlərinə, düzlüyünə, sadəliyinə, bacarıq və qabiliyyətinə görə əvvəlcə milis idarəsində sahə müvəkkili, sonra Mingəçevir şəhərində müstəntiq, Ağcabədidə, Göyçayda milis rəisi işlədi. Uzun illər yüksək vəzifə sahibi olsa da, tanıdığı adamları unutmadı. Atalardan məsəl var: “Ot kökü üstündə bitər.” O da əsilzadələrdən idi. Mən onun xoş xasiyyətindən, imkanları daxilində dost-tanışlarına köməyini əsirgəməməsindən çox danışmaq istəmirəm. Yalnız bir faktı göstərmək istəyirəm.

Ağdamda böyük qızımın xeyir işində serviz tapmağa çətinlik çəkirdim. Xalid bundan xəbər tutan kimi Ağcabədidən Gəncəyə adam gönədərib bir dəst qiymətli serviz gətirtdirmiş və bizə göndərmişdi ki, bu, “əmi payıdır”. Lakin onun haqqında müsbət fikirlərim bununla bağlı deyil. O, bütün yolaşlarına imkanı daxilində lazım olan köməyi və hörməti göstərib.

Aydın Bayramov haqqında

Aydın barədə öz fikirlərimi sizinlə bölüşmək çox maraqlı olar. O, Lerik rayonundan Biləsuvar rayonuna köçürülmüşlərdəndir. O da bizimlə ADU-ni bitirib, hüquqşünas ixtisasını almışdı. Tələbə vaxtı öz qabiliyyəti, davranışı ilə adamların diqqətini çəkirdi. Hələ mən Ağdamda Dövlət Notariat Kontorasında (1973-1977) notarius işləyərkən, bir aylıq təkmilləşdirmə kursunda oxuyarkən, bir-birimizə daha yaxın olduq. Hər gün görüşürdük, söhbətləşirdik. Mən bilmirdim ki, bu görüşlər bizim gələcəkdə dost olmağımıza şərait yaradacaqdır.

Ağrılı-acılı günlərim

Doğma anamı itirərkən uşaq olmuşam. Gələcək acınacaqlı günləri dərk etməmişəm. Sonra başa düşdüm ki, ana qayğısından, ana əlinin hərarətindən, doğma ana nəvazişindən – uşağa lazım olan belə gözəl hislərdən – məhrum olmuşam. Sonralar mənə nə qədər qayğı göstərsələr də, bunu qəbul edə bilmirdim. İlk zədə çox ağır idi.

Anam Qumrunun vaxtsız ölümündən sonra məni və bacım Qəmzəni himayəsinə götürən və bizə analıq edən Tərgül mamamın da ölümünə həddən artıq kədərləndim.

Bundan başqa, Böyük Vətən Müharibəsi məni atamdan da ayrı saldı. Mən məcburiyyət qarşısında ağır əmək fəaliyyətinə cəlb olundum. Təkcə bir fakt dediklərimi təsdiq edər.

1944-cü ildə Quləhməd dayımla və onun oğlu İslamla xırman işləri vaxtı xoruzun ilk banından yerimizdən qalxır, kolxoz həyətinə gedir, bir araba taxıl dərzini xırmana tökür, öküzləri gətirib vələ qoşurduq. Yayın isti, yəni tülyan vaxtında səhərdən axşama kimi vəl sürür, axşam döyülmüş taxılı kisələrə yığıb 50 kiloluq tayları dayımla bərabər arabaya yükləyir, sonra da arabanı çəkib anbara təhvil verirdik. Beləliklə, sutkada 16-18 saat ağır işlərdə əziyyət çəkirdim. Dayım oğlu İslam da mənimlə bərabər bu əziyyətlərə qatlaşmalı olurdu.

Həmin il (1944) “Şükürlü” nəslinin adlı-sanlı şəxslərindən olan Məhəmməd dayımın qara xəbəri gəldi. Bu, uşaq olsam da, məni çox sarsıtdı.

1949-cu ildə Pedaqoji texnikumu bitirdim. İşləməyə yox, oxumağa təyinat aldım. Həmin il mən oxumaq arzuma çata bilmədim, buna görə də sonralar bu yolda daha çox əziyyət çəkdim.

1961-ci ildən 1966-cı ilə kimi instituta qəbul olmaq üçün ildə iki dəfə imtahan verirdim – əyani və qiyabi şöbəyə. 1966-cı ildə, on ikinci qəbul imthanımdan sonra, ADU-nin hüquq fakultəsinə daxil ola bildim. Məsələ burasında idi ki, on bir dəfə müsabiqədən keçə bilməmişdim. Bu, mənə çox pis təsir edirdi. Bu müvəffəqiyyətsizliyə görə həm ailəm, həm işdə yoldaşlarım, həm də qapı-bir qonşularım mənə tənə edirdilər. Deyirdilər ki, “Hər il uşaqları ehtiyac içində, çətin vəziyyətdə qoyub gedirsən. Bəsdir, dayandır bu gediş-gəlişi.” Lakin bu tənələr məni öz işimdə daha inadkar, daha prinsipial olmağa sövq edirdi. Axır ki, məqsədimə çatdım – instituta qəbul oldum. Altı illik təhsilimi də müvəffəqiyyətlə başa vurub ixtisasım üzrə işləməyə başladım.

1966-cı ildə instituta qəbul olunmağıma sevinsəm də, mənə paxıllıq edənlər mənə arxadan zərbə vurdular. Heç bir xeyrim və marağım olmayan bir işdə məni saxtakarlıqda təqsirli bildilər və fakt əsasında maraqlı şəxslərin təşəbbüsü ilə cinayət işi başlandı. İstintaq bir neçə ay davam etdi, tutulmaq qorxusu yarandı. Mənim tutulmağım həm dörd körpə uşağımın başsız qalması, neçə ildən sonra qəbul olduğum institutun əlimdən çıxması demək idi. Bütün gələcəyim təhlükə altında idi. Təbii ki, bu dərdlərə dözmək elə də asan deyildi. Fikirdən başımın tükləri ağardı. Uzun çək-çevirdən sonra, nəhayət ədalət qalib gəldi. Mənim günahsızlığım sübut olundu. Mən təmizə çıxdım.

Həyatımızın ən ağır günlərindən biri də 1992-1993-cü illər oldu. Ömrümün altmışıncı ilində həyatım boyu yığıb düzəltdiklərim, yəni evim, həyətyani sahəm əlimizdən çıxdı. Məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldım.

Ağdamın işğalı

1990-cı ildən başlayaraq dünya sosializmi cəbhəsinin başında duran Sovetlər İttifaqı dağılmağa başladı. Azərbaycanda gedən proseslər isə Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdi. Artıq qanlı-qadalı illərin cücərtiləri özünü biruzə verirdi. Bu, Rusiya hökumətinə qarşı təhlükənin artdığını göstərirdi. Bunun qarşısını almaq üçün ruslar Qafqazda öz nüfuzunu saxlamaq məqsədi ilə Azərbaycanda “20 Yanvar” qırğınını törətdi. Bunun ardınca Tiflis şəhərində yeni qırğın baş verdi. Proseslərin qarşısının alınmasının mümkünsüzlüyünü görən Rusiya, Gürcüstanda osetinlər, Azərbaycanda ermənilər vasitəsilə Dağlıq-Qarabağ və digər bölgələrdə münaqişələri qızışdırdı. Nəhayət, Rusiyanın himayəsi ilə Azərbaycanın işğalı başlandı.

Artıq ermənilərin gözündə Ağdam “alınmaz qalaya” çevrilmişdi. Ağdama görk olmaq üçün 26-28 fevral 1992-ci ildə Xocalı şəhərində baş verən soyqırım dünyada baş verən soyqırımlardan ermənilərin öz vəhşiliyi ilə fərqlənirdi. Bu qırğın ilk günlər ölkədə Azərbaycan əhalisindən gizlədilirdi. Faciə baş verən axşam işin axırı idi. Məhkəmə, prokurorluq, mühafizə idarəsi işçiləri ucaboylu çinar, qovaq ağacları ilə əhatə olunmuş bir neçə inzibati binanın qarşısında, yaşı bilinməyən nəhəng tut ağacının dibində dayanıb eşidib-bildiklərini danışırdılar. Mühafizə bölməsinin “QAZ-69” markalı maşınının içində gedən telefon söhbətləri, adamların bağırtıları, güclü atəş səsləri, eləcə də ara-bir eşidilən imdad hayqırtıları bizi şoka salmışdı. Kənardakılar hadisə yerinə çatmaq, oradakılara kömək etmək istəyirdilər, lakin buna heç kimin imkanı çatmırdı. Yollar bağlı idi. Radionun, televizorun dedikləri düz çıxmadı. Erməni faşistləri qocaları, qadınları, uşaqları, kişiləri vəhşicəsinə qanına-qəltan etdilər. Səhər, camaat yükünü özü boşaldan maşınlarda insan cəsədləri daşıyıb Ağdam məsçidinin qapısına tökdülər. Oradan da cəsədləri yuyub, kəfənləyib, qutularda qəbirstanlığa daşıdılar.

Bu qətliamdan sonra erməni faşistləri daha da fəallaşdı. Nəhayət, 1992-ci ilin ilk aylarında Ağdam dəfələrlə atəş altına düşdü. Göydə üçan “alazanlar”ın uğultusu adamın əsəblərini yerindən oynadırdı. Mən təkcə bir gecənin hadisəsini yenidən göz önümə gətirirəm. Bu, 1992-ci il martın 3-ə açılan gecə idi. Axşamdan hava çox sakit idi. Arabir, Əskərəndə (Əsgəranda), Gülablıda atılan mərmi səsləri sükutu pozurdu. Belə atəş səsləri eşidiləndə adamlar səksənili vəziyyətdə yerlərindən qalxırdılar. Binanın sakinləri bir yerə toplaşıb güllə tutmayan səmtdə, təhlükəsiz yerdə dayanmışdılar. Heç kim yatmaq barədə fikirləşmirdi. Hamı həyəcan içərisində baş verə biləcək təhlükəni gözləyirdi. O axşam bəyaz gecələrdən fərqlənmirdi. Göyün üzü açıq, buludsuz, dumansız idi. Ulduzlar sayrışırdı. İlahinin yaratdığı bu sakitliyin pozulacağına heç kim inanmırdı.

Nəhayət, saat 4-ə yaxın mən yoldaşımla çıxdıq öz otağımıza, paltar əynimizdə “qravata” (çarpayıya) uzandıq ki, gözümüzün ağrısını alaq. Bizim otaqlar atəş açılan tərəfdə idi. Qəflətən səs-küy qopdu. Əvvəlcə uçan mərmilərin işığı və uğultusu, sonra isə bizim ətrafımızda baş verən partlayışlar bizi dərhal düşüb təhlükəsiz tərəfə getməyə məcbur etdi. Binanın orta pilləkəninin, beton döşəmənin altına toplandıq. Adamların ağlaması, qorxunc çığırtıları hamını şok vəziyyətinə salmışdı. O gecəni Allah heç kimə qismət etməsin.

Binamızla üzbəüz yeni tikilmiş 150 metrə qədər uzunluğu olan ticarət mərkəzinə düşən “qrad” mərmiləri mərkəzin hər tərəfdən yanmasına səbəb oldu. O gecə ətraf binalarda, bağçada, məktəbin həyətində və digər yerlərdə baş verən partlayışlar artıq təhlükənin gəldiyindən xəbər verirdi.

Bu cür dəfələrlə baş verən hadisələr sakinlərin Ağdamdan çıxardılıb təkcə qoşunların qalması planı ilə nəticələndi. O cümlədən, mən də geniş evlərimdən, əmlakımın çox hissəsindən məhrum olub ailəmlə Bakıya məcburi-köçkün gəldim. Köçkünlük yaman dərddir… Allah heç kimə qismət etməsin.

Mənə dar günümdə yardımçı olan dostlarım haqqında

Ağdam 1993-cü ildə erməni işğalçıları tərəfindən işğal olundu. Biz ailəlikcə Bakıya məcburi köçkün gəldik. Bizim Bakıda yaşamağa yerimiz yox idi. Maddi durumumuz çox çətin idi, başqa yerdən də kömək gözləmirdik. Müharibə başlananda Ağdam Hüquq Məsləhətxanasında vəkil işləyirdim. Bakıya gələndən sonra çox böyük çətinliklərlə üzləşməli oldum: ev yox, iş yox, maliyyə vəziyyətim isə artıq tükənmək üzrə idi. Mən iki ay idi ki bekar evdə otururdum. May ayı gəldi, Vəkillər Kollegiyasına getmək üçün evdən çıxdım, keçmiş Azərbaycan Resbuplikası Ali Məhkəməsinin qarşısında vaxtilə Ağdamda hakim işləmiş Hacı Rəhmanovla rastlaşdım (o, dünyasını dəyişib, Allah ona qəni-qəni rəhmət eləsin). Keçmişdə (1965-1970-ci illərdə) Hacı müəllim Ağdam rayonunda məhkəmə sədri, mən isə məhkəmədə iş icraçısı işləmişdik. Bir-birimizi yaxşı tanıyırdıq. Biz görüşüb, hal-əhval tutduq, vəziyyəti ona bildirdim. O, çox dəyərli insan idi, məni başa düşdü – dedi ki, səhər 15 saylı hüquq məsləhətxanasına gəlim.

O zaman indi də oturduğum yeri mənə göstərib: “Bu stolda oturacaqsan. Hər gün gəlirsən işə. Səni işlə özüm təmin edəcəyəm.” – dedi. Hələ mən Bakıda işləmək üçün əmr almamışdım, Ağdamın hesabına işləyirdim. Doğrudan da, Hacı müəllimin sayəsində əmrim verildi, işim çox səmərəli alındı, xidmətimdən istifadə edənlərin sayı artmaqla, əhatə dairəm də genişləndi. H. Rəhmanov Bakı, Siyəzən, Dəvəçi, Xaçmaz, Qusar və sairə bölgələrdən öz adına gələn müştəriləri mənə təhkim etdi. Yaxşı deyiblər: “Bir yandan kəsən Allah başqa yandan verir.” Allaha şükür.

Hacı müəllim məni Dəvəçi rayonundan onun dalınca gələn bir şəxslə tanış etdi. Dəvəçiyə getməli oldum. Dəvəçi şəhərinə səfərim, orada məhkəmə salonundakı çıxışlarım, mənə çoxlu müştəri gətirdi. Səfərlərim çoxaldı: Siyəzən, Quba, Xaçmaz rayonlarına ayağım açıldı. Mən getdiyim işlər uğurlu oldu. Həmin rayonlarda tanışlarım tapıldı (prokuror H. Həbibov, hakim A. Bayramov, prokuror F. Sadıqov, baş müstəntiq A. Əliyev və digərləri). Beləliklə, mən yeni həyata başladım.

Dəvəçi şəhərinə məhkəməyə çatanda hakimin iş otağında Aydın Bayramovla görüşdüm. Bir an hər ikimiz özümüzü itirdik və qeyri-adi şəkildə qucaqlaşdıq-öpüşdük. Nəhayət, özümüzü ələ alıb, sevincimizi gizlətmədən söhbətə başladıq. O, çox səmimi adam idi. Günorta məni bir pavilyona dəvət etdi, çörək kəsdik. Bu duz-çörək bizi bir-birimizə daha artıq yaxınlaşdırdı. Həmin gündən dostluğumuzun təməli qoyuldu. Bir alimdən soruşurlar ki, dost yaxşıdır, yoxsa qardaş? Cavab verir ki, qardaş da dost olsa yaxşıdır.

Bizim bu münasibətimiz uzun müddət davam etdi. Ailəliklə bir-birimizin xeyir-şərində iştirak edirdik. Müharibə illərində, 1993-96-cı illərdə, onun mənə köməyi danılmazdır. O, dünyasını dəyişib. Allah ona rəhmət eləsin. Mən onun ailəsi ilə indi də əlaqə saxlayıram.

Siyəzəndə uzun müddət bir yerdə işlədiyim Həsənağa Həbibovu gördüm. O, prokuror işləyirdi. Hələ Ağdamda işləyərkən onunla qarşılıqlı hörmət və ehtiramla münasibət saxlamışdıq, bir-birimizi başa düşürdük. Atalar yaxşı deyib ki, “dost dosta tən gərək, tən olmasa gen gərək”. Biz də bir-birimizlə həm xasiyyətcə, həm də düşüncə tərzimizə görə yaxın idik. Sədaqət, düzlük, bir-birimizə bacardığımız qədər hörmət etmək istəyi bizi daha da yaxınlaşdırırdı. Biz indi də dostluq edirik. O, işdən çıxandan sonra mənə bildirdi: “Çox adamlara hörmət etmişdim, əvəzində isə bəzilərindən pislik gördüm. Mən onları sadalamaq istəmirəm. Münasib bilib tanıdığım bütün adamların içində ancaq səni etibarlı görmüşəm.” Bizim dostluğumuz əbədidir.

Bütün bu müddət ərzində Xaçmazda tanıdığım bir prokurorun oğlu ilə də tanış oldum. Bu, Alik idi. Uzun müddətdir ki, mənim onunla da xoş münasibətim davam edir. Mənim çətin günlərimdə onların köməyini minnətdarlıqla xatırlayıram.

Haqqında danışdığım bu üç adam mənim ağır günlərimin tapıntısı və Allahın mənə olan məhəbbətinin nəticəsidirlər. Məsəl var ki, “on iki imama yalvarınca, bir Allaha yalvar”. Mənim Allaha sidq ürəklə bağlı olmağım, ona yaxınlığım belə xeyirxah insanlar ilə qarşılaşmağımla mükafatlandırılmışdır.

Dost seçməyin böyük əhəmiyyəti ondadır ki, hər kəs birinci özü yaxşı dost olmalıdır. Dost yaxşı və pis gündə sınaqdan çıxır. Xoş gündə hörmətinə, bəd gündə isə köməyinə görə. Adını çəkdiyim adamlarda bu keyfiyyətləri görmüşəm. Əhsən belə dostlara!

Dostların, yaxşı adamların siyahısını uzatmaq olar. Amma mən bir dostumun adını həm böyük fərəhlə, həm də kədər hissi ilə çəkmək istəyirəm. Onun haqqında danışmasam böyük qəbahət olar.

Ənvər kimdir və onunla necə tanış olmuşam

1970-ci ildə, məhkəmənin zalında, Qaradağlıdan bir nəfərin cinayət işinə baxılırdı. Məhkəmənin sədri Hacı Rəhmanov idi. Bir adam həmin zalda papaqlı oturmuşdu, buna görə də sədr onu məhkəmədə ayağa qaldırıb on manat cərimə etdi. Mən məhkəmədə iclas katibi kimi iştirak edirdim, cəriməni protokolda qərar hissəsinə yazmalı idim. Tənəffüs zamanı o, mənə yaxınlaşıb təvəqqe elədi ki, məhkəmə sədrindən xahiş edim cərimə məsələsini rəsmiləşdirməsin. Çünki bu, adamlar arasında böyük səs-küyə səbəb ola bilər. Onu əmin etdim ki, narahat olmasın, bu xahişi hakimə çatdıraram. Mən vədimə sadiq qaldım və Rəhmanovdan xahiş etdim ki, adət-ənənəyə xilaf çıxmasın, dedim ki, adamın başının tükü töküldüyünə görə utanıb papağını çıxarmayıb. Hakim məsələni bilən kimi güldü, özünün də səhv etdiyini anladı və mənə bildirdi ki, cərimə məsələsini protokola yazmayım.

Haqqında danışdığım adam Ənvər kişi idi. Bu məsələdən sonra bizim aramızda səmimi münasibətlər yaranmağa başladı. Ənvər Ağdam rayonunun Qaradağlı kəndindən idi. Ora Evoğlu Qaradağlısı da deyirlər. Bu izahı ona görə verirəm ki, Ağdamda Qullar Qaradağlısı, Selli Qaradağlısı kəndləri də var, seçilməlidir. Ənvər öz kəndlərində çayçı işləyirdi. Ona həm də başının tükü töküldüyünə görə “keçəl Ənvər” deyirdilər.

Mən məhkəmədə məhkəmə icraçısı işləyərkən Qaradağlı kəndinə Əbdüləli adlı şəxslə bağlı işin dalınca getmişdim. Bu, ananın uşaq tələbi ilə bağlı məhkəmə qətnaməsinin icrası idi. Hər iki tərəfi kənd soveti idarəsinin binasına gətirtdim. Əbdüləlidən tələb etdim ki, uşağı gətirib anasına təhvil versin. Əbdüləli və onun qardaşı Soltan çox əndazədən çıxdılar, ipə-sapa yatmadılar ki, yatmadılar. Mən kəndin nüfuzlu adamlarından Turab kişini, kolxoz sədri Allahverdini gətirtdim, çayçı Ənvər isə həm Əbdüləlinin qaynı kimi, həm də məni tanıdığına görə gəlmişdi. Əbdüləlini və qohumlarını başa saldım ki, “Qətnamə məcburi qaydada icra olunacaq.” Dedim, “İstəmirəm ki, qapınıza milis gəlsin. Bu məsələ sülh yolu ilə həll olunsa daha məqsədəuyğun olar.” Beləliklə, nüfüzlu adamların köməyindən istifadə edib, məsələni sakitliklə icra etdim.

İşdən sonra Ənvər məni nahara dəvət etdi. Biz “Boyat” pavilyonunda çörək yeyib, mehribanlıqla ayrıldıq. Bundan sonra Qaradağlı, Zəngişalı, Əfətli kəndlərinə işə gedəndə hökmən Ənvərlə görüşürdüm. Həm kolxozçular, həm də kolxozun rəhbər işçiləri arasında Ənvərin nüfuzu böyük idi və mən onun vasitəsi ilə bir çox ləyaqətli adamlarla tanış oldum. Artıq o kəndin adamları ilə qaynayıb-qarışmışdım, kənd adamlarının xeyir-şərində iştirak edirdim.

Ənvərlə başlanan dostluğum getdikcə daha da möhkəmləndi. Onun böyük qızı Təranənin “hə”sində başda oturdum. Oğlu Mahirin toyunda əmi kimi iştirak etdim. Hamı bizi qardaş hesab etməyə başladı. Bu dostluq ailə üzvlərimizi də əhatə edirdi. Uşaqlarımız da qaynayıb-qarışmış, yaxın qohum kimi durub-oturmağa başlamışdılar. Tez-tez bizimkilər Qaradağlıya – “əmi evi”nə gedirdilər, onlar isə bizə – Ağdama gəzməyə gəlir, qalır, gəzib dolanırdılar.

Kiçik qızımın xəstəliyi ilə bağlı Moskvada – Burdenko adına xəstəxanada olarkən qohumlardan çoxunun etmədiyini Ənvər kişi etdi. O, ləzgi Bakkunovun Moskvaya gedəcəyini bilib, onunla bizə yüz manat pul göndərmişdi. Puldan daha çox Ənvər kişinin diqqəti və qayğısı məni mütəəssir etdi. Bu, ağır vəziyyətdə olan dostuna təmənnasız dost köməyi idi.

Təzəgülün ölümü ona çox pis təsir etdi. Onun yeddisi çıxmamış Ənvər kişinin iş yerində qəflətən vəfat etdiyini eşitdik. Beləliklə, mənə iki zərbə ard-arda dəydi – həm sevimli qızımı, həm də yaxın dostumu itirdim…

Bizim bu ailə ilə dost münasibətimiz bugün də davam edir. Onlar bütün xeyir işlərində məni ağsaqqal kimi başda oturdurlar, uşaqlarımız da öz münasibətləri ilə ənənəni davam etdirirlər.

İşlədiyim kollektiv

15 saylı hüquq məsləhətxanasına gəlməyimin səbəbini yuxarıda izah etmişəm.

Mən vəkillik fəaliyyətinə 1977-ci il mart ayının 7-də Ağdam şəhərində başlamışam. 1993-cü ildə Ağdamın işğalı ilə əlaqədar Bakıya məcburi köçkün kimi gəlmişəm.

Mən, 60 ilə yaxındır ədliyyə orqanlarında müxtəlif vəzifələrdə işləmişəm. Lakin 31 ildən artıqdır ki, vəkil işləyirəm. İşlədiyim müddətdə müxtəlif xasiyyətli, müxtəlif xarakterli insanlarla yoldaşlıq etmişəm. Ancaq son iş yerimdəki kollektiv barədə fikrimi şərh etmək daha maraqlı olar.

15 saylı hüquq məsləhətxanası filialı ilə birlikdə otuz nəfərdən artıq vəkillərin fəaliyyət göstərdiyi bir qurum kimi özünü tanıtdırmışdır. Son iş yoldaşlarımın dairəsi böyükdür, mən işlədiyim kollektivdən razıyam.

Səbəbkarım Hacı müəllimlə Ağdamda işlədiyim müddətdə prokurorluqla milis idarəsinin məsul işçilərinin müntəzəm təzadlı vəziyyət yaratmasına görə çox əzab-əziyyət çəkmişdim. Bunlar barədə mövzuda ətraflı şərh var. Lakin Hacı Rəhmanov mənə yeni bir insan kimi göründü. Bu keyfiyyət dəyişiklikləri onun içərisindən gəlirdi. O, mənə daha da doğmalaşdı. Onun hərtərəfli himayəsini indi də üzərimdə hiss edirəm.

Vüqar Xasayev

Mərhum H. Rəhmanov vəkillik fəaliyyətini dayandırdıqdan sonra məsləhətxanada bir boşluq yarandı. İki-üç nəfər məsləhətxanaya müdir seçilmək üçün öz münasib adamlarını başlarına toplayıb pərdə arxasında təbliğat apamağa başladılar. Maraqlı odur ki, məsləhətxanada işləyən vəkillər öz aralarından bir nəfərin seçilməsini, ancaq kollektivlə razılaşmayan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi isə başqa məsləhətxanada vəkil işləyən V. Xasayevi təqdim edib onun seçilməsini məsləhət bilirdilər.

Qeyd edirəm ki, “birlik olmayan yerdə dirilik olmaz”. Məsləhətxananın vəkilləri hərə bir tərəfə sürüklədi, qruplaşma onların əlini boşda qoydu. Nəhayət, Vəkillər Kollegiyasının namizədi Vüqar Xasayev məsləhətxanaya müdir seçildi.

Təvazökarlıq olmasın, V. Xasayev ilk anlardan mənim diqqətimi cəlb etdi. Az keçmədi onun incə, özünü qabarıq biruzə verməyən siyasəti tədricən aşkarlanmağa başladı. Yenə yerinə düşər desək: “On iki imama yalvarınca bir Allaha yalvar.”

Vüqar Xasayev rəhbərliyin namizədi olduğu üçün onunla hesablaşmaq istəməyənlərdən bir neçəsi müxtəlif vaxtlarda öz razılıqları ilə iş yerlərini dəyişməli oldular. Bu barədə məsləhətxanada rəsmi sənədlər var. Xasayev məsləhətxanada müdir olandan sonrakı anlara nəzər salsaq məlum olacaq ki, rəhbər vəzifədə təcrübəsi olmamasına rəğmən, o, tez bir zamanda kollektivin nəbzini tuta, zarafatları ilə kollektivin ovqatını ələ ala bilmişdi. Vüqar Xasayevin müsbət cəhətlərinin bir neçəsini sadalamaq yerinə düşər.

O, ani bir məqamda kollektiv üzvlərini saf-çürük edə bilmişdi. Kollektivdə kimin qabiliyyətli, idarənin ümumi mənafeyinə xələl gətirməyən, etibarlı, işini bilən şəxslər olduğunu da seçmişdi. Məsələn, texniki işçilərə (Ülkər və digərlərinə) inanmaqda səhv etmədi. Digər tərəfdən, idarədə müxtəlif xarakterli adamlar olmasını, gələcəkdə onlardan nə gözləniləcəyini (xətadan sovuşmaq üçün) zərgər gözü ilə seçməyi bacarmışdı. Misal: M. F. Axundov “Aldanmış Kəvakib”.

O, çox böyük həssaslıqla mənə yanaşdı. Bildirdi: “Çox ölçüb-biçəndən sonra sənin üzərində dayanıb qənaətə gəlmişəm ki, keçmiş partiya işçisi olaraq bu sahədə təcrübəli, öz bacarığı və qabiliyyəti ilə seçilən sənsən. Səni ictimai əsaslar üzrə müavin qəbul edək – mənə kömək et.” Bu sözlər elə nəvazişlə, elə nəzakətlə, elə mülayimliklə deyildi ki, mən bu təklifdən imtina edə bilmədim.

Xatırladıram, bu cür yumşaqlıqla deyilən sözləri mən qəbul edirəm. Eləcə də, özündən razı adamların hədə-qorxu ilə deyilən sözünü heç vaxt qəbul etməmişəm. Bu, mənim xarakterimdə həkk olunmuş prinsiplərdən biridir.

Nəhayət, biz razılaşdıq. Mənim üçün heç bir maraq doğurmayan məsuliyyətli bir tapşırığı yerinə yetirməyə başladım. Məsləhətxanda 7-8 il işçilərə qarşı tələbkarlıq etməyi, işlərin düzgün qurulması, dosyelərin hazırlanması, sənədlərin düzgün tərtib edilməsi kimi işləri yerinə yetirirdim. Sonrası da hamıya məlumdur.

V. Xasayevin müsbət cəhətlərindən biri də o oldu ki, kollektivdə ayrı-seçkilik salmadı – hamının mehriban olmasına təsir göstərdi. Əvvəllər olmayan yaxşı vərdişləri bərpa etdi, ad günlərinin keçirilməsi bir adət halını aldı. Məsələn, Vüqarın, Nadirin, mənim və digərlərinin belə mərasimlərinin keçirilməsi yüksək qiymətləndirilməlidir. Həmin mərasimlərdə çəkilən kassetlər qalır; orada ürəkaçan, xoş, səmimi sözlər, deyilən iradlar hamının ürəyincə olurdu. Bundan sonra bir-birimizin xeyir-şərində iştirak etmək kimi meyllər daha da gücləndi və bir ənənə halını aldı. Bu ənənə indi də çox yüksək səviyyədə davam etdirilir. Bu təcrübə hamımıza gözəl aşılanmışdı.

Bu qayda ilə, artıq məsləhətxanda bir-birimizi yaxından tanımalı, kimin-kim olmasını seçməli, kiminlə dostluq-yoldaşlıq etməyi də müəyyənləşdirməli olduq. Bayram qabaqları və ayda üç-dörd dəfə yığışıb bir yerdə qonaqlıq təşkil olunduğunu da unutmuram. Burada ya ağsaqqal kimi ilk sözü mənə verirdilər, yaxud da mənim sağlığıma badə qaldırırdılar. Bu yığıncaqların hər biri insan ömrünə yazılan qiymətli günlər, qiymətli saatlar kimi yaddaşlarda qaldı.

Burada maraqlı bir hekayəni nəql etsəm yerinə düşər. Keçmişdə bir nəfər uzaq səfərə çıxır. Bir bölgənin qəbirstanlığından keçərkən yorğun olduğundan qəbir daşlarının üzərindəki yazıları oxuyur: “Bu dünyada bir ay, beş ay, bir il, beş il yaşadım…” Yolçu çox təəccüblənir. “Görəsən, bura necə ölkədir ki, adamlar belə az ömürlü olublar?” Yolçu, nəhayət, qəbirstanlığın mollası ilə rastlaşır. Molla onu agah edir ki, “Burada adamlar əslində 50, 100 il yaşayıblar. Həmin illərin xoş, səmərəli, ürəkaçan, dadlı-duzlu günləri isə sayılıb qəbir daşlarına yazılmışdır. Həmin illər xoşbəxtlik illəridir.”

Mən çox layiqli, adlı-sanlı insanlarla oturmuşam, yaxşı-xoş günlərim olub. Onların içərisində 15 saylı hüquq məsləhətxanasının kollektivi ilə keçirdiyimiz günlər, xoş saatlar, yaxşı ömür günlərimdəndir. Hazırda kollektiv çox mehriban, hamının bir-birinə qarşılıqlı hörməti şəraitində yaşayır. Yaxşı deyiblər, “Bacarıqlı sərkərdə ordunu verməz bada!” Təcrübəsiz, bacarıqsız sərkərdə isə ordunu verər bada. Hesab edirəm ki, komandirimiz sükanı əlində belə saxlayacaq!

* * *

Mən bura qədər kollektiv barədə öz mülahizəmi bildirdim. Ancaq kollektiv üzvlərinin fərdi keyfiyyətlərini açmağa ehtiyac vardır.

Əvvəla, 15 saylı Hüquq Məsləhətxanasının vəkillərindən beş nəfər – Hacı Rəhmanov, Əliabbas Atayev, Rasim Ağayev, Ramiz Həsənov, Camal Xaspoladov dünyalarını dəyişmişlər. Allah onlara rəhmət eləsin. Onlar kollektivin yaddaşında silinməz iz qoyub getmişlər.

Hacı Rəhmanov

Hacı Rəhmanov işində ciddi və tələbkar şəxs idi. O, dediyini hakim olduğu vaxtdakı kimi eləyən idi. Özünün ağlına, savadına, arxalanaraq hər kəsi yerində oturda bilirdi. Onun öz evladlarıyla da, tabeçiliyində olan işçilərlə də rəftarı eyni idi. Yeri gəlmişkən, izah edim ki, H. Rəhmanov həmişə imkansız adamların tərəfini saxlayırdı, məhkəmədə hakim işləyərkən ehtikarlıqda məsuliyyətə alınan yaşlı kişilərə və qadınlara heç bir vaxt cəza vermirdi, əksinə onları bu işə cəlb edən şəxslərin tutulmasını tələb edirdi. O, hakim işlədiyi illərdə köməyə ehtiyacı olanlardan öz köməkliyini əsirgəmirdi. O, heç vaxt inzibati hüquq mühafizə orqanları ilə hesablaşmırdı – bu barədə faktları yazının əvvəlinci səhifələrində göstərmişəm. 15 nömrəli məsləhətxanada müdirin mənə, Gülüyə, Ülkərə göstərdiyi yaxşılığı, bizi işə qəbul edib işləməyimizi təmin etməsi buna parlaq misaldır. Allah ona rəhmət eləsin.

Rasim Ağayev

Rasim Ağayev öz şəxsi keyfiyyətlərinə görə filialda işləyən vəkillərdən seçilirdi. Öz davranışı, savadı, təmkinliliyi, şəxsi qabiliyyəti ilə fərqlənirdi. İşində, əməlində, müştərilərin yanında özünü təmiz və düz adam kimi tanıtdırmışdı. Bu cəhətlərinə görə filialın vəkilləri onu özlərinə müdir seçmişdilər. Bundan sonra o, öz kollektivi arasında nüfuzunu daha da artırdı.

R. Əliyev test imtahanlarından müvəffəqiyyətlə keçib Abşeron Rayon Məhkəməsinə hakim seçilmişdi. Mən şəxsi işim üçün onun yanına getmişdim. Ora gələn vətəndaşlardan, iş yoldaşlarından onun barəsində çoxlu müsbət sözlər eşitdim (yaxşı adamdır, ədalətlidir, sadədir). R. Əliyev məni çox səmimi qarşıladı. Nəyə gəlməyimi ona izah etdim. Onu deyim ki, o, mənimlə Mənzil İstismar Sahəsinə (MİS), pasport idarəsinə getdi, oğlumun qeydiyyat məsələsini həll etməyə cəhd göstərdi. Ondan asılı olmayan səbəblərə görə həmin vaxt işimiz alınmadı. Ondan çox razı qaldım. Belə şəxsiyyətlər nadir olur. O, dünyasını dəyişsə də, onu tanıyanların, bizim kollektivin, xüsusi ilə mənim qəlbimdə axirətə kimi yaşayacaqdır. Allah ona rəhmət eləsin.

Camal Xaspoladov

Camal Xaspoladovla 15 saylı hüquq məsləhətxanasında az müddət bir yerdə işlədik. Biz işlədiyimiz müddətdə hər gün naharı bir yerdə edirdik. Bizim aramızda heç bir narazılığımız olmadı. Atalar demişkən, “yoldaş yoldaşa tən gərək, tən olmasa gen gərək”. Biz iki ilə yaxın belə yoldaşlıq etdik. Camal müəllimin savadına, bacarıq və qabiliyyətinə də söz yox idi.

Biz hər gün işə gələndə hazırladığımız ərizə, şikayət, vəsadət və sair yazı məhsullarımızı müzakirə edib, bir-birimizə məsləhətlərimizi və tövsiyələrimizi bildirirdik. Atalar misalıdır: “məsləhətli don gen olar.” Camal müəllim öz tərbiyəsinə, davranışına, ağayanalığına, intizamlı adam olmasına görə başqalarından fərqlənirdi. O, öz səmimiliyi ilə aramızda yaxşı iz qoyub getmişdir. Hamımız onu yaxşı insan, yaxşı şəxsiyyət kimi tanıyırdıq. O, artıq dünyasını dəyişib. Allah ona rəhmət eləsin.

Ramiz Həsənov

Ramiz Həsənov uzun illər tikintidə, mənzil istismarı idarələrində hüquqi xidmət fəaliyyəti ilə məşğul olmuşdur. Mənzillə bağlı mübahisələrin həllində öz bilik və təcrübəsi ilə çoxlarından fərqlənirdi. O, hərtərəfli, yetkinləşmiş, təcrübəli hüquqşünas kimi özünü kollektivdə tanıtdıra bilmişdi, şəxsi keyfiyyətlərinə görə də başqalarından seçilirdi. O, həddən artıq sadə, təmkinli, çox az danışan bir adam idi. Heç kimin barəsində qeybət etməzdi, bildiyini açıb-ağartmazdı.

R. Həsənov az hallarda zarafat edərdi, heç kimin qəlbinə toxunan söz deməzdi. O, filialda uzun müddət müdir işlədi. Oradakı vəkillər ona çox böyük hörmət qoyurdular. O, hüquqi xidmətə ehtiyacı olan adamlarla elə yumşaq, elə həlim danışırdı ki, nəticədə onları özünə cəlb edirdi. Bu adət hər bir vəkildə olsa çox gözəl nəticə verər.

Ramiz müəllimin yaxşı, etibarlı yoldaşlığı var idi. O, kollektiv yeyib-içməyi sevirdi. Biz onunla son ildə işlədiyimiz müddətdə vaxtaşırı səmərəli vaxt keçirmişik.

Ramiz Həsənovun evində bir dəfə oğlunun ad günündə olmuşam. Ailədə gözəl münasibət, möhkəm səmimiyyət görmüşəm. Onun bir cüt oğlu var, hər ikisi də atasının yolu ilə gedirlər, tərbiyəli savadlı uşaqlardırlar. Onunla olduğumuz yaxşı günlər bizim qəlbimizdə uzun illər yaşayacaqdır. Heç kim unudulmur. O, dünyasını dəyişmişdir. Allah ona rəhmət eləsin.

Arzu xanım

Arzu xanım ali təhsilli hüquqşünas olsa da, bununla kifayətlənmir. O, mütəmadi olaraq öz üzərində çalışır, yeni qanunları öyrənir, biliyini zənginləşdirir. Eləcə də günbəgün təcrübəsini artırır, beləliklə, hüquqi sahədə ən yüksək zirvələrə qalxmağa səy göstərir. Belə ki, hakim seçilməsi üçün test imtahanı vermiş, ondan asılı olmayan səbəblərə görə müsbət nəticə almamışdı. Lakin bu istiqəmətdə mübarizəni dayandırmamışdır. İnanmaq olar ki, o, məqsədinə çatacaqdır. Hələ bunlardan başqa, o, ailə qayğısı, övlad tərbiyəsi, uşaqlarının gümrah, sağlam böyüməsi yolunda çalışmaqla bu mühüm vəzifəni layiqincə yerinə yetirir.

Arzu xanım işlədiyi müddətdə özünə və hüquqi xidmət göstərdiyi şəxslərə qarşı ciddi tələbkardır. O, düzlüyü, qanunun obyektivliyini gözləməkdə prinsipial mövqedə dayanır, işdə təslimçiliyə, prinsipsizliyə yol vermir. Bunları icraatında olan işlər dəxi təsdiq edir. Həmin işlərdən nümunə göstərmək olar, lakin mən buna lüzum bilmirəm.

İşlədiyi müddətdə onun barəsində şikayət daxil olmamışdır. Biz onun xidmət etdiyi şəxslərin daim razılıq etdiklərinin şahidi oluruq. Beləliklə, o, öz sakitliyi, təmkinliliyi, məntiqi ifadələri ilə onu tanıyanların diqqətini cəlb edir. Bu, çox qiymətli haldır.

Züleyxa xanım

Züleyxa xanım uzun müddətdir 15 saylı hüquq məsləhətxanasında vəkillik fəaliyyətini həyata keçirir. O, rusdilli olsa da, öz ana dilini hər dildən üstün tutur, Azərbaycan dilini özünün dediyi kimi çox sevir, bütün vəkillik fəaliyyətini bu dildə həyata keçirir.

Züleyxa xanım ailədə, övladları ilə yanaşı, həyat yoldaşı Şamil müəllimi yüksək zirvədə görür, onun bir mütəxəssis kimi, təqaüd qanunlarının dərin bilicisi kimi əməyini yüksək qiymətləndirir. Şamil müəllim sosial müdafiə fondlarında haqsızlığın baş alıb getməsini görüb fəaliyyətini dayandırmışdı. Züleyxa xanımın məsləhəti ilə o, bizi də unutmur. Rəsmi işləməsinə baxmayaraq, həyat yoldaşı ilə birlikdə zəif imkanlı şəxslərin hüquqlarının bərpasını, pensiyaların düzgün hesablanmasını təmənnasız yerinə yetirir. Elə bil, hər ikisinin də otu-suyu bir mənbədən götürülmüşdür, yəni hər ikisi də bir nöqtəyə vurur. Züleyxa xanımın ərinə həddən artıq sədaqətli olmasından, onların bir-birinə qarşılıqlı hörmətlərindən çox danışmaq olar. Züleyxa xanım kollektivin xeyrində, şərində yaxından iştirak edir. Hətta mühüm tədbirlərdə həyat yoldaşı ilə birlikdə iştirakını görürük. Bu, onların yüksək mədəniyyətindən, ailə mehribanlıqlarından irəli gəlir.

Əsas məqam odur ki, Züleyxa xanım kollektivin üzvləri arasında öz yerini tuta bilmiş, işində diqqətli olmaqla hamımızın hörmətini qazana bilmişdir. Züleyxa xanıma nə arzu edərdim? Həmişə olduğu kimi gümrahlıq, işində yüksək prinsipiallıq, ailədə mehribançılıq, möhkəm can sağlığı arzu edirəm.

Məhərrəm Allahverdiyev

Məhərrəm sadə, ağır təbiətli, öz üzərində həmişə çalışan, savadlı, dərrakəli şəxsdir. Ağsaqqalara xas olan əlamətlər onun hərəkətlərində özünü çox qabarıq şəkildə biruzə verir. O, kollektivdə uzun illər işləmiş, işlədiyi müddətdə öz ağlı, kamalı, hüquqi savadı, həm də öz üzərində mütəmadi çalışması, iş təcrübəsi, sadəliyi, təvazökarlığı ilə onu tanıyanların diqqətini cəlb etmişdi. Odur ki, o, hakimlik üçün test imtahanlarını müvəffəqiyyətlə verib, hakimlik rütbəsinə yüksələ bilmişdi. Hazırda Xaçmaz rayonunda hakim vəzifəsində işləyir. O, kollektivimizin fəxridir. Ona uğurlar, daha yüksək vəzifələr arzulayırıq.

Vladimir Ruvinov

15 saylı məsləxanada 15 ildən artıq işləyən vəkil Vladimir Ruvinov azsaylı xalqların nüməyəndəsidir, yəhudi millətindəndir. O, üç dil biliməsinə, özünü təvazökar aparmasına, sadəliyinə görə seçilirdi. Ən maraqlısı budur ki, Azərbaycan dilini lazımınca öyrənmişdi və Azərbaycan dilinə çox hörmətlə yanaşırdı. İşlədiyi müddətdə müştərilərlə Azərbaycan dilində danışıb qanundan verdiyi məsləhətlərdən onları razı salırdı. Müştərilər çox halda onun başqa millət olmasını hiss etmirdilər.

O, bu hərəkətləri ilə kollektivi özünə cəlb etmiş və onların hörmətini qazanmışdı. Beləliklə, ona heç kim ögey münasibət bəsləmirdi, onun bizimlə xeyir-şəri, yoldaşlığı bir idi.

O, qüsursuz, təmiz işləməyi sevirdi. Bax bunun nəticəsidir ki, seçim imtahanında iştirak edib, testləri Azərbaycan dilində verərək hakim seçilmişdi. Biz axırıncı dəfə imkan tapıb vida mərasimi keçirdik. Bu vida mərasiminin keçirilməsində müdir V. Xasayevin razılığı və T. Allahverdiyevin təşkilatçılığına alqışlar olsun. Kollektivdə bu ənənəni də davam etdirmək çox gözəl bir iş olar.

Kollektiv V. Ruvinovu Sumqayıt Şəhər Məhkəməsinə hakim seçilməsi münasibəti ilə təbrik edir və ona işində uğurlar arzulayır.

Sveta Rzayeva

Vəkil Sveta Rzayeva milliyətcə ukraynalıdır, həyat yoldaşı azərbaycanlıdır. Sveta xanım vəkillik fəaliyyətini uzun illərdir 15 saylı hüquq məsləhətxanasında yerinə yetirir. İşlədiyi müddətdə qanuni və düzgün məsləhət vermə xidmətləri ilə özünə rusdilli və başqa millətlərdən çoxlu müştəri cəlb edə bilmişdir.

O, evdar qadın olmaqla ailənin ehtiyacı üçün bütün ağırlığı öz üzərinə götürmüşdür – yeganə bir qızını tərbiyə edib böyütmüş, ali təhsilli həkim kimi fəaliyyət göstərməsinə dəstək olmuşdu. Çox fərəhli haldır ki, o, Azərbaycan dilinə hörmət edir, bu dili dərindən öyrənməyə səy göstərir və azərbaycanlıların adət-ənənələrini öyrənib, bu adət-ənənə ilə yaşamaq istəyir. Kollektivdə onun haqqında xoş sözlər deyilir. O, hamının hörmətini qazanmağa nail olmuşdur.

Tofiq Allahverdiyev

Yeni qəbul olan vəkillər arasında maraqlı şəxsiyyətlərdən biri Tofiq Allahverdiyevdir. Tofiq barədə nələr demək olmaz! – 60 ilə yaxın yüzlərlə tanıdığım şəxslərdən heç biri ilə Tofiqi müqayisə etmək mümkün deyil. Bu adam həddən artıq işlək və daim hərəkətdədir (mən onu ionlara bənzədə bilərəm). Öz davranışı ilə çılğın, səsli-küylü, dəyişkən obrazlar yaradır, onun bütün danışıqları ucadan eşidilir. Nadir halda mülayim danışa bilir.

Əslində sadə, yanımlı qəlb sahibidir. Hamının dərdinə qalmağa, hansısa bir vasitə ilə adamlara kömək etməyə çalışır. Tofiq müəllim evdə olduğu kimi iş yerində də heç kəsdən qayğıkeşliyini əsirgəmir. Zərif, incə yumorlu zarafatları ilə hamının diqqətini cəlb edir. Heç kim onun zarafatlarından incimir. O, başqalarına nə yolla olur-olsun köməklik göstərməyə çalışır. Biz onun hərəkətlərindən razıyıq.

Diqqətəlayiq hərəkətlərindən biri də odur ki, o, müstəntiqlikdəki səliqə-səhmanını itirməmişdir. Əksinə, Tofiq icraatında olan işləri daima bir yerə tikir, yerli-yerində səhmana salır. Öz sahəsində onun təcrübəsindən istifadə etməyə dəyər.

Tofiq yoldaşlıq, yaxşı münasibət gözləyəndir. Mən ondan həmişə kömək, isti münasibət görmüşəm.

* * *

Məsləhətxanada son on ildən artıqdır sabit iş şəraiti hökm sürür. Artıq demək olar ki, əvvəlki şərait kökündən dəyişmişdir. Bunun səbəbi odur ki, rəhbərlik düzgün yol seçmiş, hamıya eyni münasibət bəsləyərək ayrı-seçkiliyə yol verilməmişdir. Nəticədə, məsləhətxanada hamı biri-birini başa düşür, mehribançılıqdır. Haqsızlıq olmayan yerdə narazılıq, çəkişmə, konflikt də olmaz.

Bu barədə bir məsələni demək yerinə düşər, indi məsləhətxanada hökm sürən ab-havanı bu misala aid etmək olar.

Məlumdur ki, küncütdən yağ alınır. Küncüt yağını qızılgül yağı ilə və yaxud bənövşə yağı ilə qarışdırsan, eləcə də onları uzun müddət bir yerdə saxlasan, küncüt yağı deyil, ya qızılgül yağı, ya da bənövşə yağı olacaqdır. Mənası odur ki, yaxşılarla durub-otursan, yoldaşlıq etsən, sənin adın da yaxşılarla birgə çəkiləcəkdir.

Diqqət-diqqət!! Çox maraqlı hədəflərə toxunaq! Bu hədəfdə Ülkər və Gülü durur. Onlar vəkil olmasalar da, artıq öz peşə və işləri ilə qaynayıb vəkillərə qarışmışlar.

Ülkər xanım

Məsləhətxanada on ildən artıqdır baş mühasib işləyən Ülkər xanımın barəsində nə demək olar?

İnsan soy-kökü ilə tanınır, mən bu kökü yaxşı tanıyıram. Ülkərin atası dünyasını dəyişib (Allah ona rəhmət eləsin). O, Selli Qaradağlı zonasında tanınan xeyirxah adam idi, sayılıb-seçilən, nüfuzlu şəxsiyyətlər sırasında idi. Özü də çox qonaqpərvər, əltutan şəxs idi – özünü çox yaxşı tanıtdırmışdı. Oğlanları da onun yolunu davam etdirirlər.

Tanıdığımız bu şəxs göy cismlərindəndir – “Ülkər” ulduzundan bəhrələnir. Bu ulduz səfərə çıxanlara yol göstərir, xeyirxahlığı ilə insanlara kömək olur. Bax diqqətimizi çəkən məqam burdan başlanır. Ülkər kollektivdə öz davranışı ilə hamını özünə cəlb edir, həddən artıq hamımıza can yandırır, kimə nə lazımdırsa axtarır, tapır, kömək edir. O, həddən artıq həyalılığı ilə tanınır, soy-kökünün şərəf-ləyaqətini qoruyub saxlayır, ailə, yaxın qohumlar onun adı ilə, can yandırmağı ilə fəxr edirlər.

Lakin üzümüzü ona tutub söyləyirik: Abidlər deyir həddən artıq həyalılıq çox halda adamın özünə ziyan vurur, işini pozur. Belə halları nəzərə almaq zəruridir. Yumşaq, qəlbi təmiz ürəklə hər kəsə inanmaq olmaz. Bu hallarda ehtiyatlı olmaqla hər şeyi öz xeyrinə həll edə bilərsən. Kollektiv sənin xasiyyətinə, işgüzarlığına heyrandır. Sən, Allah qoysa, tezliklə yeni həyata qədəm qoyacaqsan, “Ülkər” və “Dan” ulduzları kimi parlayacaqsan. Ona görə də hamımız bir ağızdan deyirik: “Xoşbəxt ol!”

Gülü xanım

Biz ona Gülü xanım deməklə yanılmırıq. O, xoşsifət, gülərüz, mehriban bir insandır. Həmişə çalışır ki, heç kimin qəlbinə dəyməsin – hamını özündən razı salsın. İşində diqqətli, məsuliyyətli olmaqla kassa əməliyyat fəaliyyətini baş mühasibin nəzarəti altında düzgün həyata keçirir. Ona verilən tapşırıqları layiqincə yerinə yetirir.

Gülü xanımın səliqəli xarici görünüşü ilə batili üst-üstə düşür, bu xarakterik cəhətlər bir-birini tamamlayır. O, öz yumşaq ürəyi ilə ailəsinin və yaxın qohumlarının qayğısına qalır, hətta özünün az qazancı ilə onlara köməklik edir. Ata-anası sağ olarkən bütün yükü öz üzərinə götürərək onlara övladlıq borcunu lazımınca yerinə yetirmişdi. Valideynlərinin dünyalarını dəyişmələrinin üstündən illər keçsə də, Gülü xanım hər il onların qəbirləri üstünə gedib onları yad edir. Allah onlara rəhmət eləsin.

Gülü barəsində çox söz demək olar. Gördüklərimdən belə qənaətə gəlirəm ki, evlənəndən sonra çətin anlar yaşasa da, o, çox məharətlə, səbrlə həmin çətin anları dəf edib, hər şeyi yoluna qoymağı bacarmışdır. Əhsən! Bu bacarığa, bu qabiliyyətə əhsən!

Sevda xanım

Sevda xanım 15 saylı məsləhətxanaya yenicə işə qəbul edilmişdir. O, kompüteri idarə edir. Özü universitetin qiyabi hüquq fakultəsinin ikinci kursunda oxuyaraq əlavə ali təhsil alır. Öz üzərində çalışqanlığı və hazırlığı ilə inam yaradır ki, universiteti yüksək qiymətlərlə bitirəcəkdir. Məsləhətxanada cinayət, mülki, ailə, əmək və hüququn digər sahələri üzrə yaranan mübahisələrdə iştirak edir, mübahisələrin qanuni həllində öz sözünü deyir, çıxardığı nəticələrin düzgün və qanuna istinad edilən cavabını tapana qədər cəhd göstərir. Nəticə odur ki, o, təcrübə ilə əyani vasitələri birlikdə öyrənir – bunlar müsbət göstəricidir.

Sevda xanım az müddət işləməsinə baxmayaraq kollektivin hörmətini qazana bilib. O, ayrı – fərdi söhbətlərə qarışmır, öz işi ilə məşğul olur. Bugünkü işini sabaha saxlamır, eyni vaxtda evdə, idarədə, təhsildə bütün ağır işlərini lazımınca yerinə yetirir. Bu da onun özünə qarşı tələbkar olmasının, intizamının nəticəsidir. Ona təhsildə, ailədə, işdə müvəffəqiyyət arzulayırıq!

Cabir müəllim

Bizimlə hər gün təmasda olan Cabir müəllim kimdir? Bu suala konkret cavab vermək olar. O, az vaxtdır vəkillik fəaliyyəti ilə məşğul olsa da, tez püxtələşir. Çünki aramsız mütaliə ilə yanaşı cinayət, mülki və digər hüquqi sahələr üzrə mübahisələrdə iştirak edir, hər bir məsələnin reallaşmasına çalışır. Ardıcıl hərəkətlərlə yaranan mübahisələrdən baş çıxarır. Çalışır ki, heç nədə səhv etməsin.

Bir az da onun fərdi keyfiyyətləri haqqında. O, özünü sadə aparır, hər hansı yüngül hərəkətlərdən qaçır. Yoldaşları ilə səmimi, mehriban olmağa çalışır. Bunları ona keçdiyi mürəkkəb, keşməkeşli müharibədə iştirakı ilə bağlı həyat yolu öyrətmişdir. Öz adımdan ona uğurlar arzulayıram. Həmişə belə ol!

* * *

Məsləhətxanaya sonuncu qəbul olunan vəkillər, həm Abdul məllim, həm də Zakir müəllim haqqında bir neçə söz demək istərdim. Hər iki nəcib insan məsləhətxanada az-az olurlar, ona görə də onlar barədə bizə çox şey məlum deyil. Mən ömrümün çox hissəsini insanlarla daimi təmasda olmuşam, əmək fəaliyyətimi məhkəmə orqanlarında başlamışam. Ona görə də adamlarla bir yerdə az olsam da, bir neçə dəfə görməklə onlar barədə müəyyən fikrə, rəyə gəlmək qabiliyyətim var.

Abdul müəllim

Mən ilk baxışdan Abdul müəllimdə bir qürur, ağayanalıq, təmkinlilik sezdim. Onun simasındakı nuranilik, həlim xasiyyət məni heyran qoydu, bu səbəbdən ona qarşı məhəbbətim artdı.

Artıq onun diqqəti çəkən xarakterik cəhətləri kollektivdə özünü göstərməyə başlamışdır. Belə ki, onda formalaşan şəxsiyyət iş fəaliyyətində də özünü göstərir. Onun həm batili, həm də xarici görünüşü bir-birini tamamlayır. Abdul müəllim vəkillik peşəsini qəbul etmişdir və bu sahədə qanunları dərindən öyrənməyi, yüksək təcrübə qazanmağı vacib sayır. Hər an məntiqi ifadələri ilə ətrafında olan şəxsləri özünə cəlb edə bilir. Bu, çox yaxşı vərdişdir, kaş hamıda mövcud olaydı.

Abdul müəllimin daxilən qəlbinin təmizliyi, düşünüb hər şeyi ölçüb biçməyi, həmişə öyrənməyi özünə ar bilməməyi kimi üstün cəhətləri ilə yanaşı, xarici görkəmi, boy-buxunu, səliqəli geyimi, davranışı, rəftarı mənim təxəyyülümü gerçəkləşdirmişdir.

Abdul müəllim, işin uğurlu, baharlı-bəhrəli olsun! Arzuların çin, ailə üzvlərin xoşbəxt olsun!

Zakir müəllim

Zakir müəllimi ilk dəfə görəndə onun gülərüz olması, hər bir məsələyə reaksiya verməsi diqqətimdən yayınmadı. Ondakı güləş sima çox məqamlardan xəbər verir. Belə ki, bu adamın hazırcavab olması bədii, yumoristik ədəbiyyat oxumasına dəlalət edir. Hazırcavablıq hər kəsə nəsib olmur, bu da bir xoşbəxtlik kimi sayılmalıdır. Hər halda, bu cəhət onun oratorluğunu, çoxməzmunlu, mənalı, cəlbedici çıxışlarını yöndəmə gətirir. Bunları mən müsbət qiymətləndirirəm. O, məsləhətxanaya gələndə hamını öz baxışı, gülər üzü ilə özünə cəlb edir. Onun hər sözə bir misal çəkməsi doğrudan da hazırlıqlı olmasından xəbər verir.

O, nə qədər güləş üzlü olsa da, haqsızlığa dözümsüz, mübariz, hər kəsi mat qoymaq kimi cəhətləri ilə fərqlənir, yəni bu iki hal onun əməlində təzad yaradır. Hər bir mülki mübahisədə, hər bir cinayətdə edilən ittihamda tutduğu prinsipial mövqe onun hərəkətlərinin birmənalı olmasını təsdiq edir. İkiüzlülük, prinsipsizlik onun xarakterindən çox uzaqdır – o, bu cür hərəkətlərə qarşı mübarizə aparır.

Çox əfsuslar ki, onun apardığı cinayət və mülki işlərdə əldə etdiyi müvəffəqiyyətlər barədə məlumatımız yoxdur. Çalışıb o işlərdən məlumat götürüb burada nümunələr göstərmək yerinə düşər. Zakir müəllim çox sadə görünsə də, bu sadəliyinin içərisində kəskin, sərt, ciddi mübarizlik var. Bu iki cəhəti açmaq, müqayisələndirmək faktlara əsaslanmalıdır. Fikrimi tamamlamaq üçün onunla ətraflı söhbət etməyimə ehtiyac var.

İsmayıl Şahəliyev Əziz oğlu
Bakı, 2000-ci illər.

Ad günü

Bugün çox məmnun oldum.

25 dekabr 2008-ci il saat 18:00 radələri idi. Bakı şəhər 15 saylı hüquq məsləhətxanasında canlanma müşahidə olunurdu. Hamı üzündə sevinc bir-biriləri ilə zarafat edirdilər. Kim isə ucadan dedi ki, “Bugün vəkillərin bayramıdır” – hamının diqqəti bir nəfərə zillənmişdi. Məsləhətxananın rəhbəri gur səslə ucadan deyirdi: “Həmin şəxs – yaşlı, saçları qar kimi ağarmış, boydan balaca, gülərüz İsmayıl kişidir. O, 60 ilə yaxındır ədliyyə orqanlarında işləyir, hələ də vüqarlı görünür, sanki ətrafında olan insanlara bildirmək istəyir ki, onda işləmək üçün hələ də tükənməz qüvvə və qabiliyyət var.”

Onlar səhərdən başlayaraq idarədə özlərinin təşkil etdiyi tortları, müxtəlif şirniyyat şeylərini deyə-gülə yeyib içirdilər. İdarəyə gələn müştərilərə, qonşuluqda olan bərbərlərə də pay verilirdi. 25 dekabr 2008-ci il səhərdən axşama kimi hamı şən və gümrah yaşadı. Bunlar hamısı mənim yaşadığım illərin ən xoş günlərindən biri kimi həyat tariximə yazıldı. Hamı mənə bu gün çox əziz görünürdü, xüsusi ilə məsləhətxanada işləyən zənənlərimizin diqqəti, işgüzar olmaları, hamıya ürəkdən xidmət etmələrini heç vaxt unutmaram.

Həmin günün axşamı daha maraqlı, daha diqqətəlayiq başladı. Qonşuluqda olan kafedə bizə ayrılmış ayrıca otaqda səliqə ilə düzəldilmiş stol göz oxşayırdı, adamın üzünə gülürdü. Süfrəyə düzülmüş soyuq yeməklər, cürbəcür içkilər, al-əlvan qab-qacaq qonaqlara gəl-gəl deyirdi. Nəhayət, gələnlər yerbəyer oldular, hamı gülər üzlə mənimlə bir-bir öpüşüb-görüşdü. Məclis yüksək əhval-ruhla başladı.

Dostlar, gəlin bir sirri Sizə bəyan edim: 2007-ci ildə mənim ad günüm qeyd ediləndən sonra vəkillərdən Zakir müəllim üzərinə böyük bir öhdəlik götürmüşdü – gələn il 25 dekabrda İsmayıl müəllimin ad gününü təşkil etmək öhdəliyi. Doğrudan da, o, sözünə sadiq çıxdı.

Yeri gəlmişkən, deyim ki, ot kökü üstdə bitər. Zakir müəllimin əsli-nəcabətini bizim məsləhətxanada hamı bilir. O, mərd adamdır. Abdul müəllimlə uzun illər məsul vəzifələrdə işləyib və onunla, özü demişkən, “dost-dosta tən gərək, tən olmasa gen gərək” olub. Bu deyilənə mən də öz əlavəmi edirəm: “Yaxşı dost böyük xəzinədir.” Eləcə də, bir adamdan soruşurlar: “Dost yaxşıdır, yoxsa qardaş?” O, cavab verir: “Qardaş da dost olsa yaxşıdır.” Qonaqlar onların bu dostluqları barədə çox dəyərli məlumatlar əldə etdilər. Mən öz adımdan və kollektivimiz adından onlara əhsən deyirəm. Halal olsun bu calala!

Beləliklə, süfrə başında məclisimizi idarə etmək mənimlə həmişə yaxşı münasibət saxlayan Vüqar müəllimə səs çoxluğu ilə tapşırıldı. Çox sağ olsun, axıra qədər məclisi öz adına layiq apardı – hamıya növbə ilə söz verdi. Mənə ünvanlanan ürək sözlərində hər kəs mənim yaşımı, uzun illər təmiz işləməyimi, evdə (ailədə), işdə (kollektivdə) özümə, başqalarına hörmət qoymağımı, çoxillik iş təcrübəm olmasını, hamı ilə yaxşı münasibət saxlamağımı qeyd edib, tost dedilər (hər dəfə alqış sədası eşidilirdi). Qonaqlar, Zakir başda olmaqla, kürdlərdən, ayrımlardan gülməli, maraqlı misallar göstərib, şənlənərək bizi şirin-şirin gülüşlərə qərq edirdilər. Doğrudan da, ad günü çox maraqlı, mənalı, təbriklərlə dolu, baharlı keçdi.

Küncüt yağını qızılgül yaxud bənövşə yağı ilə qarışdırdıqda, ya bir müddət birlikdə saxladıqda, yaxşıların kəraməti sayəsində artıq ona küncüt yağı deyil, qızılgül, yaxud bənövşə yağı deyilir. Əzizlərim, ad günümdə iştirak edənlər arasında yaşa görə, həyat təcrübəsinə görə fərqlənənlər var. Onlar bugün mehribançılıq şəraitində etdikləri yoldaşlıqları unutmasınlar, hər kəs özündə olan qüsurları tərgidib, yaxşılarla birlikdə adlarını yaxşılar sırasına çıxarsınlar. Əminəm ki, bu duz-çörəyi, bu maraqlı və şən keçən gecəni heç kim unutmayacaq.

Məndən sonra

Yaşım 77-in içindədir. Mən həyatımın işıqlı-qaranlıq mərhələlərindən keçmişəm. Bu yerdə aqillərdən eşitdiyim bir məsəli təkrarlasam yerinə düşər.

Bir nəfər yolçu ərazinin qəbirstanlığında dayanır – qəbir daşlarının üzərindəki yazılar onun diqqətini cəlb edir: “Mən bir il, iki il, beş il, on il yaşadım…” Yolçu bu yazılara mat qalır – bu necə ölkədir ki, insanlar belə az ömürlü olurlar? Bu məqamda nurani bir qoca onun qarşısına çıxır. Qoca yolçunun durumundan nə fikirləşdiyini başa düşür, yolçu isə öyrənmək məqsədi ilə dərhal öz sualını verir. Nurani qoca saqqalını tumarlayır, sonra aramla, sakit tərzdə ona izah edir: “Qəbirdə yatanların hər biri yüz ilə qədər yaşayıblar, lakin yaşadıqları yaxşı günləri sayıb qəbir daşlarına yazdırmışlar.”

77 ildə çoxlu xoş, yaxşı, maraqlı çağlarım da olub, ağır, acınacaqlı, çətin, əzablı günlərim də. Bunların hansının çox olması qədərini saymamışam, lakin hər ikisi barədə çoxlu faktlar göstərə bilərəm. Ömür vəfalı olsa, bunları sonralar ətraflı şərh etməyə imkanım var, yaddaşımdan heç nə silinməyib.

Ölüm haqq yoludur. Hamı kimi, ömür tamama çatanda bu haqq yolu məni də öz ağuşuna alacaq. Bax bu gündə övladlarıma aşağıdakı məsləhətlərimi, yaxud vəsiyyətimi bildirirəm.

Mən yuxarıda adını çəkdiyim günləri lazımınca görmüşəm, ömrümü başa vururam. Sizdən xahiş edirəm, mən öləndə heç kim ağlamasın, özünə yersiz əziyyət verməsin. Düzdür, ağlamaq insanı bir qədər sakitləşdirir, amma çox ağlayıb özünüzə, gözlərinizə ziyan vurmayın. Balalarım, sizə yalvarıram. Bu dediklərimə əməl edin.

Mən böyük oğlum Bəhramla hamınızdan çox təmasda olmuşam. Uzun illərdir bir ailədə yaşamışıq. O, xarici görünüşündən çox daxili aləmi ilə mənə bağlıdır, məni ürəkdən istəyir. Şəraitlə bağlı aramızda narazılıq, söz-söhbət olsa da, bu an bir saat, bir gün davam edir. Dərhal da mehribançılıq başlayır. Biz bir-birimizi çox istəyirik, bu həqiqətdir. Bəhram mənim acı danışmaqlarımdan, məqamı çatmamış atdığım sözlərdən incisə də, mənə qarşı qəlbini heç vaxt bulandırmamışdır. Mən ondan razıyam, Allah da ondan razı olsun. Övladlarının üstündən əskik olmasın. O, işi avand, fiziki cəhətdən möhkəm, sağlam, ağıllı, gümrah olmağa layiqdir.

Övladlarımın hər biri barədə bu dediklərimi onlara da şamil edirəm. Ehtiram barədə başqa sözlərim çoxdur. Onlardan biri budur ki, onun ürək yanğısını həmişə əlindəki hərarətdə hiss edirəm.

Lüzumsuz uzunçuluğa yol verməyib, son sözlərimi demək qənaətinə gəlirəm.

Səyyarə mənə həm ana, həm bacı, həm baş yoldaşı olmuşdur. O, çətin günlərimdə məsləhətçim və yardımçım idi. Mən onun mənim üçün çəkdiyi bütün əziyyətlərə görə, ona verdiyim əzablara dözümlü olmasına görə minnətdarlığımı bildirirəm.

Yas mərasimi baş tutsa, bu mənə qismət olsa, onda nəsihət edirəm özünüzü ləyaqətli, mərd və dözümlü göstərin, heç kimin qarşısında göz yaşı töküb, əyilməyin. Xüsusi ilə oğlanlarıma, nəvələrimdən Asimə, Sədiyə istinad edirəm.

Qəbrimin üstünü dəbdəbəli görməyin. Sadə, adıma layiq götürün, izafi xərclərə yol verməyin.

Məndən sonra öz yolunuzu hər biriniz özünüz seçəcəksiniz. Lakin həmişə olduğu kimi bir-birinizlə məsləhətləşin, işinizi etibarlı tutun, hər yetənə inanmayın, artıq utancaqlıqdan, mülayim xasiyyətli olmaqdan çox istifadə etməyin.

Məncə, bu qədər kifayətdir.

Hörmətlə, atanız.

2008-ci il.




* * *




Əlavə

Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonu “Xudafərin” qəzetinin redaktoru cənab Ş. Albalıyevə

Bakı şəhəri 15 saylı hüquq məsləhətxanasının vəkili Şahəliyev İsmayıl Əziz oğlunun

M Ə L U M A T I

Cəbrayıl rayonunun Horovlu kəndindən 1942-ci ildə öz təşəbbüsü ilə müharibəyə getmiş Alkərəmov Məhəmməd Şahkərəm oğlunun barəsində 68-ci ildən sonra Böyük Vətən Müharibəsində göstərdiyi rəşadətlər barədə əldə edilmiş ilkin sənədlərin surətini Sizə təqdim etməklə bildiklərimi şərh edirəm.

Bu yaxınlarda yaddaşımda olanları olduğu kimi qələmə almışam. O, müharibəyə yola salınanda 10 yaşım var idi. Qara xəbəri gələndə isə 12 yaşımın içində idim.

Maraqlı bir epizod üzərində dayanıram. Məhəmməd Alkərəmov 1903-cü ildə Cəbrayıl rayonunun Horovlu kəndində doğulub, dünyaya göz açmışdır. Müharibəyə gedərkən 2 azyaşlı övladı qalmışdı. Həyat yoldaşı və qızı dünyasını dəyişmişdir. Oğlu Həsənin 78 yaşı var, məcburi köçkün kimi Bakı şəhərinə gələndən sonra hər iki gözlərini itirmiş, işıqlı dünyaya həsrət qalmışdır. […] Onun bir oğlu, 3 nəvəsi var. O, ancaq təyin olunmuş təqaüdlə dolanır.

Məhəmməd Alkərəmov mənim doğma dayımdır. Mən onun xatirəsini əziz tutmuşam. Onun şəxsiyyəti barədə məlumatları olan yaşlı insanlardan (qohum-tanışlardan) hazırda sağ qalan yoxdur.

Bizi kəndimizdə “Şükürlü” vələdi kimi tanıyırlar. Onlar biri-birinə möhkəm tellərlə bağlanmışlar. Hazırda da bu qohumluq, bu birlik yaşayır. Bunu Horovlu kəndindən olan adamlar çox gözəl bilirlər ki, biz vələdimizin (tayfamızın) birliyini qoruyub saxlamaqla, ən-ənəni davam etdiririk. “Şükürlü” vələdindən qalan insanların dairəsi çox böyükdür, onları sadalamaq olar. Ancaq bu geniş mövzudur.

Faktları bildiyim kimi şərh edirəm: mən öz yaddaşımı göstərmişəm.

Məhəmməd Alkərəmov kimdir?

Quləhməd, Məhəmməd, Mirzə üç qardaş idi. Məhəmməd öz dövrünün savadlı ziyalılarından idi. Xasiyyətcə ağır təbiətli bu adamın, həm də çox yaraşıqlı görkəmi var idi. Şəvə kimi qara saçlarını yana darayırdı. Zil qara gözləri vardı. Bir sözlə, sərt, qətiyyətli, işgüzar adam idi. Rayonun rəhbərləri ilə əlaqəsi sıx idi. Ona görə də “yuxarılar”la bağlı bir məsələ ortalığa çıxanda, işlər, təbii ki, ona etibar olunurdu. Qaçaq-quldurlarla mübarizə aparmaq sahəsində də bacarıqlı işçi kimi tanınırdı. Alkərəmovun adı gələndə qaçaq-quldurlar təşvişə düşürdülər.

Müharibədən əvvəl Məhəmməd Rayon Partiya Komitəsində məsul vəzifədə işləyirdi. O, yaşadığı və işlədiyi dövrdə Şükürlülərin hər birinin dərdinə qalır, onlara maddi və mənəvi kömək edirdi. Hamımız onunla fəxr edirdik. Ona müharibə başlanarkən məsul işçi kimi bron verib müharibədən azad etmişdilər. Lakin o, bu imtiyazdan istifadə etmədi və könüllü müharibəyə getdi. Müharibənin qurtarmasına az qalmış alman snayperinin gülləsinə tuş gəlmiş və aldığı yaradan hospitalda dünyasını dəyişmişdir. Ondan gələn qara xəbər rayonda böyük səs-sədaya səbəb olmuş, el-oba onun yas mərasimini özünə la[y]iq şəkildə qeyd etmişdi. Kəndimizin düz mərkəzi hissəsində müharibə iştirakçıları üçün abidə ucaldılıb. Həmin abidənin lövhəsində onun adı birinci həkk olunub. Məhəmməd dayım göstərdiyi igidliyə görə baş leytenant rütbəsinə la[y]iq görülmüş, övladları 18 yaşına qədər yüksək təqaüdlə təmin edilmişdilər.

Beləliklə, 1944-cü il Məhəmməd dayımın qara xəbərinin gəldiyi gün Şükürlü nəsli üçün ən ağrılı-acılı gün kimi yadda qaldı. Onun xatirəsi sonralar da əziz tutulub. Onun nüfuzu uzun müddət yaddaşlardan silinmədi.

Yaxşı yadımdadır. 1943-cü ildə müharibədə göstərdiyi igidliyə görə, ona qısa müddətli məzuniyyət vermişdilər. Onun kəndə gəlməyi qohum-qardaş arasında toy-bayrama çevrilmişdi. Rayonda və ətraf kəndlərdə yaşayan partiya-sovet işçiləri, ətraf kəndlərin zəhmətkeşləri onun görüşünə gəlmişdilər. Dayım təkrar cəbhəyə qayıdarkən, “Xəlfə dərəsi”nin hündür aşırımında dayanıb ucadan dedi: “Görəsən, bu kəndi bir də görəcəyəmmi?” Sözünü qurtarandan sonra arxasında dayanan insanlarla vidalaşdı və yoluna davam etdi. Onun səsi indi də qulağımdan getmir. Bir sözlə, insan öz taleyini qabaqcadan bilə bilmir. Dayımın nə özü, nə də meyiti kəndə qayıtmadı. Biz bunu da böyük bir faciə kimi qəbul etdik. Dayım indi də qəlbimizdə yaşayır.

Məhəmməd Alkərəmov barədə 68 ildən sonra əldə etdiyimiz rəsmi məlumatı təqdim edirəm.

O, 10.10.1942-ci ildə Cəbrayıl rayon Hərbi Kommisarlığından ordu sıralarına göndərilmişdi. İlk dəfə hansı hərbi hissədə olması barədə məlumatımız yoxdur.

Ukrayna cəbhəsi

İkinci Mexanikləşdirilmiş motoatıcı bölməsinin komandiri İ. Kovalyovun 08.10.1944-cü il tarixli Təltif vərəqində Məhəmməd Şahkərəm oğlu Alkərəmovun qəhrəmanlığının, yaxud xidmətinin qısa, konkret şərhi göstərilir: “22.07.1944-cü il tarixdə Vesenberq rayonunda öz rotasını hamıdan əvvəl hücuma qaldırmış və nəticədə düşməni kənddən vurub çıxarmağa müvəffəq olmuşdur.

26.07.1944-cü ildə Mazurovka kəndinin alınması zamanı yenə də hücuma birinci atılmış və öz vəzifəsinin öhdəsindən əla gəlmişdir. Bundan sonra Domajır rayonunda (Lvov istiqamətində) düşmənin müdafiə xəndəyinə hamıdan əvvəl tullanmış və yağı düşmənlə əlbəyaxa döyüşə girişərək şəxsən 3 hitlerçini qətlə yetirmişdir.

Almanların Bratkiv rayonundakı Vislovski istinadgahında pulemyotun arxasına yataraq əks hücuma atılmış, almanlardan təqribən 15-ni biçmişdir. Nəticədə almanların hücumu dəf olunmuşdur. Həmin döyüşdə ağır yaralanan yoldaş Alkərəmov hospitala aparılmışdır.

M. Ş. Alkərəmov döyüşlərdə göstərdiyi rəşadətlərə görə hökumət mükafatına “Qırmızı Ulduz” ordeninə layiq görürəm.”

Alkərəmov Məhəmməd Şahkərəm oğlu Böyük Vətən Müharibəsində keçdiyi yol onun həyatı bahasına başa gəlmişdir. Vətən uğrunda fədakarlıq, igidlik, sədaqət göstərməsi bir nümunə kimi işıqlandırılmalıdır. Azərbaycan Ermənistanla müharibə şəraitində olduğu ərəfədə gənclərimizə bir örnək kimi onun qəhrəmanlıq nümunələri təqdim edilməsi indiki vaxtda çox lazımdır.

Hörmətlə,

İmza: İ. Ə. Şahəliyev

23.05.2012-ci il

Məhəmməd Alkərəmov arxiv məlumatları
Məhəmməd Alkərəmov arxiv məlumatları
Məhəmməd Alkərəmov arxiv məlumatları
Məhəmməd Alkərəmov arxiv məlumatları
Məhəmməd Alkərəmov haqqında arxiv sənədlər




* * *




Xronologiya

1932. Dünyaya göz açıb.

1935. Anası Qumrunu itirib.

1941 (9 sentyabr). Atası Əziz kişi müharibəyə gedib.

1939-1946. Horovluda yerləşən yeddiillik məktəbdə oxuyub və oranı bitirib.

1944. Onu himayə edən Tərgül mamasını (bibisini) itirib.

1944. Məhəmməd dayısının müharibədən qara xəbəri gəlib.

1946-1949. Füzuli Rayon Pedaqoji Texnikumda oxuyub və oranı bitirib.

1949 (3 noyabr). Bakıya ilk gəlişi. Məhkəmə katibi kimi işə düzəlib.

1950. Beyləqan rayonunda işləyib.

1952. ÜİQHİ-a daxil olub, amma növbəti il öz qərarı ilə təhsilini dayandırıb (səbəblər kitabda izah olunub).

1950-1954. Beyləqan, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında, sonrakı illərdə isə Ağdam, Bərdə, Ağcabədi, Şuşa, Laçın, Xankəndi, Əsgəran, Ağdərədə səyyar məhkəmə vasitəsilə işləyib.

1954 (25 avqust). İş ilə bağlı Ağdam şəhərinə köçüb.

1959 (4 iyun). Səyyarə (Fenya) xanım ilə evlənib.

1961. Qızı Mətanət anadan olub.

1962. Oğlu Bəhram anadan olub.

1964. Oğlu Ehtiram anadan olub.

1966. Qızı Ceyran anadan olub.

1959-1966. Hüquq fakultəsinə qəbul olmağı qarşısına məqsəd qoyub. 1961-1966-cı illər ərzində hər il iki dəfə qəbul imtahanı verib. 12-ci cəhdindən sonra ADU-nin hüquq fakultəsinə qəbul olub.

1966-1972. ADU-nin hüquq fakultəsində oxuyub və oranı bitirib.

1971. Qızı Təzəgül anadan olub.

1973-1977. ADNK-da notarius işləyib.

1977 (7 mart). Vəkillik fəaliyyətinə başlayıb.

1975 (23 aprel). Papiros çəkməyi tərgidib.

1983 (7 iyul). Qızı Təzəgülü itirib. Bir həftə keçməmiş ən yaxın dostu Ənvər vəfat edib.

1985 (19 fevral). Atası Əzizi itirib.

1993 (mart). Ailəsi ilə Bakıya məcburi köçkün kimi gəlib.

1993 (iyun). 15 saylı hüquq məsləhətxanasında vəkil kimi işə düzəlib.

1993 (23 iyul). Ağdam işğal olunub.

1993 (18 avqust). Cəbrayıl işğal olunub.

2000 (20 avqust). Bacısı Qəmzəni itirib.

2008. Xatirələrini qələmə almağa başlayıb.

2008 (25 dekabr). 15 saylı vəkillər kollegiyasında ad gününü keçirib.

2012. 63 il iş (35 il vəkillik) faliyyətindən sonra tam olaraq təqaüdə çıxıb.

2018 (1 fevral). Dünyasını dəyişib.


Abbreviaturalar

VVAQ - Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı

ADXTİ - Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu (indiki ADİU)

ADİU - Azərbaycan Dövlət İqtisad Universiteti

ADNK – Ağdam Dövlət Notariat Kontoru

ANKİ - Azərbaycan Neft və Kimya İnstitutu (indiki ADNSU)

ADNSU - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

ADU - Azərbaycan Dövlət Universiteti (indiki BDU)

BDU - Bakı Dövlət Universiteti

ÜİQHİ - Ümumittifaq Qiyabi Hüquq İnstitutu

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası

MTS - Maşın Traktor Stansiyası

SSR - Sovet Sosialistik Respublikası

SSRİ - Sovet Sosialistik Respublikaları İttifaqı

İKP – İttifaq Kommunist Partiyası

ÜİLKGİ - Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı

AKP - Azərbaycan Kommunist Partiyası

RPK - Rayon Partiya Komitəsi

XDS - Xalq Deputatları Soveti

İK - İcraiyyə Komitəsi

MK - Mərkəzi Komitə

ƏN - Ədliyyə Nazirliyi

AM - Ali Məhkəmə

CİÜMK - Cinayət İşləri Üzrə Məhkəmə Kollegiyası

DTK - Dövlət Təhlükəsizlik Komitəsin

PŞ - Polis Şöbəsi

DİŞ - Daxili İşlər Şöbəsi

MİS - Mənzil İstismar Sahəsi